Nənəsi: “Bəhruzdan qabaq mən özümü öldürəcəm”

Bəhruz Səmədov. İllüstrasiya: Meydan TV

Dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilmiş Çexiyanın Karlova Universitetinin doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədovu 11 saylı cəzacəkmə müəssiəsində qapalı vəziyyətdə saxlanılır. 

Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.

O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. 

O, iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.

Bu barədə onun nənəsi Zibeydə Osmanova Meydan TV-yə məlumat verib. O deyib ki, müəssisə rəisi heç bir səbəb olmadan 1,5 ay Bəhruz Səmədovu qapalı vəziyyətdə saxlayacağını bildirib.

“Bəhruzla danışdım dedi ki, əslində 2 həftə qalmalıyam, amma mənə dedilər ay yarım qapalı vəziyyətdə olacaqsan. Otağın içində heç yerə çıxmağa ixtiyarın yoxdur. Daha sonra səni Umbakıya (Umbakı Penitensiar Kompleksi – red.) göndərəcəyik. Bəhruz da deyir ki, axı mənim günahım nədir? Niyə mənim günahımı sübut etmirlər? Adətən Umbakıda bir dəfə saxlayırlar. Niyə məni ikinci dəfə ora göndərirlər? Mən bilirəm ki, onlar məni öldürmək istəyirlər. Öldürmək istəyirlərsə məni ya güllələsinlər, ya da assınlar ”.

Nənəsi Bəhruzun həyatından narahat olduğunu bildirib. O deyib ki, Səmədov bundan öncə 2 dəfə intihara cəhd edib və yenidən həyatına qəsd edəcəyini bildirib.

Zibeydə Osmanova həmçinin bildirib ki, vəkili Zibeydə Sadıqova Ombudsmana müraciət edəcək. 

“Vəkillə danışdıq Bəhruzla görüşəcək, Ombudsmana müraciət edəcək. Mənim nəvəmin günahı nədir bilmirəm. Mənə belə gəlir ki, Bəhruzdan qabaq mən özümü öldürəcəm”, – nənəsi belə deyib. 

Ana səhifəSiyasətNənəsi: “Bəhruzdan qabaq mən özümü öldürəcəm”