Müxalifətçiyə hədə: Sən bilirsən, gecə ilə adamı götürürlər?!

Lida Mirzəliyeva 90-cı illərdən qalma qəzet və məqalələri gözdən keçirir. O danışır ki, Xalq hərəkatı həyatında böyük izlər qoyub. Lida Mirzəliyevanın sözlərinə görə, özü müxalifətçi olduğu üçün oğlu adam öldürülməsində günahlandırılıb və şərlənərək həbs edilib. Ömrünün 10 ilini həbsdə olan oğlu Elşən Paşayev azadlığa çıxandan bir neçə ay sonra bloklarında döyülüb.

Lida Mirzəliyeva- Oğlumu 3 nəfər döyüb. İkisi qonşudu, biri də qonşu binadandı. Bunu polis təşkil edib. Təcili tibbi yardıma zəng etdim, gəlmədi. 25-ci polis bölməsinə zəng eləmişəm, gəlməyib. Sahə müvəkkilinə zəng etdim, telefonu açmadı. Səhəri günü zorla onu tapmışam. Dedi: “Mən tədbirə gedirəm. Sən get oğlunun üzünün şəklini çək, qan izlərini gətir mənə, mən gəlib izahatları alaram”. Dekabrın 10-da baş verən hadisəni yanvarın 26-da ekspertizaya göndəriblər. Orada da yüngül xəsarət yazıblar.

Lida Mirzəliyeva deyir ki, ona qarşı təzyiqlər bununla bitmir. Ötən il martın 4-də onun mağazası da qarət edilib. Keçmiş hüquqşunas iddia edir ki, mağazasını qarət edənlər oğlunu döyənlərlə eyni adamlardır.

Lida Mirzəliyeva: “Martın 3-dən 4-nə keçən gecə 1999-cu ildən sərəncamla məndə olan mağaza soyulub. Oranı da dəfələrlə söküblər, mən tikdirmişəm. Həmin gecə oradan 3950 kq-lıq mal oğurlanmışdı. Orada heç nə qalmamışdı. Onlara dedim, tutmaq istəmirsinizsə, mənim ziyanımı ödədin, gedin. Allah bilsin, siz bilin”.

Lida Mirzəliyeva bütün bunların başına gəlməsini müxalifətçi olması ilə əlaqələndirir. Deyir ki, hər dəfə ona xəbərdarlıq edirlər.

Lida Mirzəliyeva: “Bu rayonun rəisi məni hədələdi ki, sən bilirsən gecə ilə adamı götürürlər?!”

Şikayətlə bağlı Nizami Rayon Polis İdarəsindən bildirdilər ki, hər iki işə görə cinayət işi açılıb, istintaq davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyir ki, hadisəyə siyasi yön vermək doğru deyil: “Bu, mümkün olan iş deyil. O xanım belə iddia edə bilər, amma heç bir halda ona görə bu məsələnin baxılmaması ola bilməz”.

Orxan Mansurzadə məsələnin araşdırılacağını da deyib.

Ana səhifəVideoMüxalifətçiyə hədə: Sən bilirsən, gecə ilə adamı götürürlər?!