Vahid Məhərrəmli dövlətin qəbul etdiyi proqramın qənaətbəxş hesab etmir
Azərbaycanda düyü istehlakı hər il artır. Dövlət Statistika Komitəsinin məlumatından bu görünür. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə hesab edir ki, dövlətin bu sahədə qəbul etdiyi proqram başdansovdu olduğundan, icrası mümkün deyil.
Mütəxəssis bildirir ki, bu gün bütün dünyada, eləcə də Azərbaycanda düyüyə olan tələbat artıb, dövlətin bu sahədə qəbul etdiyi proqramsa qənaətbəxş olmadığından düyüyə olan tələbatın ödənməsi idxalın ümidinə qalıb.
“Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən apardığımız hesablamalar göstərir ki, son 10 ildə ərzaq məhsulu kimi istifadə olunan düyünün həcmi 2,3 dəfədən çox artıb. Düyü istehlakı 2011-ci ildə 27,4 min tondan 2021-ci ildə 63,4 min tonadək artıb. Bunun müqabilində son 6 ildə ölkədə düyü istehsalı kəskin enib. 2015-ci ildə ölkədə 15,9 min ton təmizlənmiş düyü istehsal edildiyi halda, 2021-ci ildə istehsal 36,7 faiz azalaraq 10 min tona düşüb”.
Ekspert deyir ki, nəticədə düyüyə olan təlabatın artması və daxili istehsalın azalması idxalı şərtləndirib:
“2022-ci ildə ölkəyə 42,5 milyon dollar dəyərində 50,2 min ton düyü idxal edilib. Bu, çəki baxımından əvvəlki ildən 7,4 faiz, dəyər ifadəsində isə 25,4 faiz çoxdur. Bu ilin əvvəlindən isə düyü idxalı kəskin şəkildə artıb. 2023-ci ilin yanvarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə düyü idxalı fiziki çəkidə 2,2 dəfə, dəyər ifadəsində isə 2,5 dəfə artıb”.
Kənd Təsərrüfatı Nazirliyi ötən ilin noyabrında yaydığı məlumatda bildirir ki, 2022-ci ildə respublikanın 9 rayonunda 3194,25 hektar sahədə çəltik əkilib.
Nazirlik həmin sahələrdən 11548,12 ton məhsul yığıldığını qeyd edib. Məlumatda çəltik üzrə orta məhsuldarlığın 36,2 sent/ha təşkil etdiyi söylənir.
O da bildirilir ki, 2022-ci ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib.
Nazirlik son illər respublikada çəltikçiliyin inkişafına böyük önəm verildiyini, bu sahəyə dövlət dəstəyinin gücləndiyini, əkin sahələrinin və məhsul istehsalının artdığını qeyd edir. ilə bağlı bir sıra zəruri tədbirlər həyata keçirilib.
Nazirlik bildirib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə fermerlərə 360 manat əkin subsidiyası verilir.
Həmçinin, Azərbaycanda çəltikçiliyin inkişafına dair dövlət proqramı da qəbul edilib.
Vahid Məhərrəmov deyir ki, çox təəssüf hökumət həmin proqramın icrası istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. Necə ki, pambıqçılıq, tütünçülüklə bağlı qəbul etdiyi dövlət proqramları iflasa uğradı, baramaçılıqla, çayçılıqla bağlı proqramların isə icrası qeyri-qənaətbəxşdir:
“Məsələn, heyvandarlıqla bağlı qəbul edilən dövlət proqramına baxaq. Çox primitiv və səthi hazırlanıb. Bu hakimiyyət pis işlərdən başqa, yaxşı heç nəyə qadir deyil”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2021-2022-ci illərdə qlobal düyü istehlakının əvvəlki illə müqayisədə 1,7 faiz artaraq rekord səviyyəyə, yəni 520 milyon tona çatacağını proqnozlaşdırmışdı.
Təşkilatın verdiyi proqnoza görə, marketinq mövsümünün (2021-2022-ci illər) sonunda qlobal düyü ehtiyatları 190,9 milyon ton olacaq. Bu da 2020-2021-ci illər mövsümünün göstəricisindən 0,9 faiz yuxarıdır.
Təşkilat həmçinin qeyd edib ki, 2022-ci ildə dünyada düyü ilə bağlı təlabat və təklif artıb. 2023-cü ilin yanvarında isə bütün dünyada düyü bahalaşıb.
Ekspert qeyd edir ki, Azərbaycanda 2007-ci ildən 2022-ci ilədək düyü idxalı 3 dəfədən çox artıb. 2007-ci ildə ölkəyə cəmi 16 min ton düyü idxal edilib. 2022-ci ildə bu rəqəm 50,2 tondur. Yəni 3,1 dəfə artıb.
“Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi çox aşağıdır. DSK-nın hesabatında Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsin 2021-cı ildə 17,7 faiz göstərilsə də, bu göstərici özünütəminetmə səviyyəsini deyil, ümumi istehlak edilən məhsulda daxili istehsalın payının göstəricisidir. Beynəlxalq normaya uyğun olaraq il ərzində adambaşına düyü istehlakı norması 32,8 kiloqramdır.
Azərbaycan istehsal etdiyi 10 min ton (adambaşına 1 kiloqram) düyü ümumi təlabatın təxminən 3 faizi qədərdir. Bu da o deməkdir ki, Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi 3 faiz civarındadır. Nəzərə alsaq ki, 2019-2020-ci illərdə dünya üzrə düyü istehlakı adambaşına 53,9 kilo olub, bu zaman Azərbaycandakı rəqəmlər gözə daha kiçik görünür”.
2018-ci ilin fevralında “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Prezidentin sərəncamında dövlət proqramının qəbul edilməsində məqsədin kənd təsərrüfatın ənənəvi sahələrindən olan çəltik istehsalının inkişaf etdirilməsi, əhalinin bu məhsula tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi olduğu qeyd edilib.
Vahid Məhərrəmli deyir ki, Dövlət Proqramının qəbulundan 5 il ötüb. Lakin hökumət qarşıya qoyduğu kiçik hədəflərə nail olmaq üçün belə üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilməyib:
“Bu səbəbdən də yaxın üç ildə çəltik istehsalının 40 min tona çatdırılacağı real görünmür. Ümumiyyətlə, çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün qəbul edilmiş dövlət proqramı digərləri kimi qeyri-peşəkar və səthi hazırlanıb”.