Müsavat Partiyasının başqanlığına keçmiş namizədi qətlə yetirməkdə ittiham olunan şəxsə cəza istənilib

Məhkəmə. Foto: Meydan TV

Dövlət ittihamçısı onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Natiq Mehdini qətlə yetirməkdə ittiham olunan, Bakının Xətai rayonunda yerləşən 55 saylı orta məktəbin direktor müavini Elsevər İslamovun inayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandırıb.

O bildirib ki, qətl zamanı istifadə olunan bıçağın yerini polisə özü deyib:

“Məndən soruşdular ki, bıçaq hanı? Dedim ki, maşınımdadır. Maşının açarının pencəyimin cibində olduğunu söylədim. Hadisə yerində olan qanı mən təmizləmişdim. Hadisə ilə bağlı heç kimə xəbər verməmişdim. Amma cinayətdən narahat olmuşdum”.

Zərərçəkən şəxsin vəkili vəsatət verərək təqsirləndirilən şəxsin ittiham oldunduğu maddələrin ağırlaşdırımasını xahiş edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı Elsevər İslamovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan sonra məhkəmədə çıxış edən zərərçəkənin hüquqi varisi olan bacısı ədalətli hökm verilməsini xahiş edib:

“Elsevər İslamov həbsdən çıxmamalıdır. Mən qardaşımın belə öldürülməsini təsəvvür belə edə bilməzdim. O, qardaşımı öldürərək meyiti üzərində ağlasığmaz hərəkətlər edib. Sizdən ədalətli qərar verməyinizi xahiş edirəm”.

Zərərçəkənin vəkili Nemət Kərimli təqsirləndirilən şəxsə istənilən cəzadan narazı olduğunu bildirib:

“Təqsirləndirilən şəxs Natiq Mehdini döyüb, huşunu itirəndən sonra bıçaqlayaraq öldürüb və bununla da kifayətlənməyərək cinsiyyət orqanını kəsib. Mən hesab edirəm ki, bu, manyaklıqdır. Ona görə sizdən xahiş edirəm ki, ona ömrlük cəza təyin edilsin”.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Proses martın 17-də davam etdiriləcək.

Hadisə 2024-cü mayın 10-da baş verib.

1964-cü il təvəllüdlü Natiq Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

 4 gün sonra onun meyiti Xəzər rayonu ərazisində basdırıldığı yerdən tapılıb.

Natiq Mehdi Müsavat Partiyasının 2024-cü ildə keçirilən son qurultayından bir müddət əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. Lakin İsa Qəmbər namizədliyini irəli sürəndən sonra o, namizədlikdən çəkilib.

55 saylı orta məktəbin direktor müavini olmuş Elsevər İslamova qarşı Cinayət Məcəlləsinin 120.2.4. (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245 (qəbir üzərində təhqiredici hərəkət) və 309-cu (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Ana səhifəSosialMüsavat Partiyasının başqanlığına keçmiş namizədi qətlə yetirməkdə ittiham olunan şəxsə cəza istənilib