”Meydan TV və Azadlıq radiosunun saytlarına girişin əngəllənməsi internet azadlığının pozulmasıdır”
Dekabrın 26-da Müsavat Partiyasının divan iclası olub. İclasda son günlər ölkədə baş verən ictimai-siyasi məsələlərdən danışılıb.
Divan Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərin sosial tələblərlə keçirdikləri dinc etiraz aksiyasının iğtişaşa çevrilməsinin məsuliyyətinin hakimiyyətdə olduğunu bildirərək, baş verənlərin ədalətli araşdırılmasını, günahsız həbs olunanların azad olunmasını tələb edir.
Yeni Azərbaycan Partiyasının və Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü, deputat Astan Şahverdiyevin topluma yönəlik işlətdiyi aşağılayıcı ifadələrə və təhqirlərə görə sadəcə onun deyil, hakimiyyətin də xalqdan üzr istəməsini zəruri bilir.
Daha sonra Fuad Qəhrəmanlı, Taleh Bağırzadə və başqalarının işi üzrə keçirilən məhkəmədən danışılıb.
Araşdırmaların ədalətli aparılmadığı söylənib:
“Açıq pozuntularla keçirilən proses zamanı ittihamlar sübut edilməyib. Prokurorun ağır cəza istəməsi düzgün deyil”.
İclasda son günlər bəzi media qurumlarının saytlarına giriş məhdudiyyətinin olmasına da toxunulub. “Meydan TV” və “Azadlıq” radiosunun saytlarına girişin əngəllənməsi internet azadlığının pozulması kimi qiymətləndirilib.
Müsavat partiyası hakimiyyəti bu cür davranışlardan çəkinməyə səsləyib.