Münhen olimpiadasında qətliam

Münxen qətliamında polislər idman paltarları geyinib binaya daxil olmaq istəyir

Münxen qətliamında polislər idman paltarları geyinib binaya daxil olmaq istəyir

1972-ci il avqustun 26-da Qərbi Almaniyanın Münhen şəhərində XX yay olimpiya oyunlarının təntənəli açılışı oldu. İki həftə davam edən idman festivalında yüksək nəticələr göstərildi:

100 olimpiya və 46 dünya rekordu müəyyən edildi. Müqayisə üçün göstərək ki, əvvəlki Mexiko olimpiadasında bu rəqəm müvafiq olaraq 76 və 28 idi.

Oyunların əsas qəhrəmanı ABŞ üzgüçüsü Mark Spitz oldu. Mexikoda ikiqat çempion olan Spitz Münhendə daha 7 qızıl medal qazandı. O, bir olimpiadada 7 dəfə çempion olan ilk idmançı oldu. Elə görünürdü ki, bu inanılmaz uğur həmişəlik rekord qalacaq. Lakin 2008-ci il Pekin olimpiadasında ABŞ-ın başqa bir üzgüçüsü Maykl Felps 8 qızıl medalla yeni rekorda nail oldu.

Oyunların əsas sensasiyası isə basketbol turnirində baş verdi. Basketbol yarışlarının ilk dəfə keçirildiyi 1936-cı ildən bəri yeddi olimpiadanın hamısında qalib olan ABŞ komandası finalda beşinci dəfə SSRİ yığması ilə qarşılaşdı. Sonluğu triller janrında keçən bu qarşılaşmada sovet idmançıları 51:50 hesabı ilə qələbə qazandılar.

Lakin təəssüf ki, Münhen olimpiadası bu və ya digər idman nəticələri, gərgin qarşılaşmalarla deyil, daha çox baş verən terror aktı ilə yadda qaldı.

***

Münhenə qədər Almaniyada olimpiya oyunları 1936-cı ildə keçirilmişdi; həm qış (Garmiş-Partenkirxen məntəqəsində), həm də yay (Berlin) oyunları. Nasist hakimiyyəti dövründə keçirilən bu oyunlar militarist əhval-ruhiyyə ilə yadda qalmışdı. İndi, üstündən 36 il keçəndən sonra yeni olimpiadanın təşkilatçıları kontrast yaradaraq Almaniyanın başqa, sülhsevər imicini formalaşdırmağa çalışırdılar. Münhen oyunlarının şüarlarından biri "qayğısız oyunlar" idi.

Belə istək idmançıların məskunlaşdığı Olimpiya şəhərciyinin mühafizəsində də əksini tapmışdı. Mühafizəçilər yüngül silahlanmışdılar, bəzən isə silahsız idilər. Onlar daha çox mülki geyimi xatırladan mavi uniforma geyinirdilər.

Qətliamdan sonra

Qətliamdan sonra

Şəhərciyə giriş-çıxışa ciddi nəzarət olunmurdu. Bəzən idmançılar yollarını qısa etmək üçün girişdən deyil, hasardan adlayaraq şəhərciyə daxil olurdular və onlara kimsə mane olmurdu.

Belə vəziyyət İsrail nümayəndə heyətinin rəhbəri Şmuel Lalkinin etirazına səbəb oldu.

Lakin İsrail komandasının yerləşdirildiyi binadan da narazı idi. İsraillilərə şəhərciyin girişinin yaxınlığındakı binanın birinci mərtəbəsində yer ayrılmışdı. Lakin hesab edirdi ki, hücuma məruz qalma ehtimalı başqalarından çox olan İsrail komandası daha içərilərdə yerləşdirilməli idi. Ancaq təşkilatçılar bu iradı nəzərə almadılar və bədəlini çox ağır ödədilər.

Maraqlıdır ki, olimpiadaya bir neçə ay qalmış təşkilatçılar təhlükəsizlik işinin daha yaxşı təşkili üçün Georq Ziber adlı məhkəmə psixoloquna müraciət edərək mümkün terror hücumlarının ssenarisini hazırlamağı sifariş edirlər. Ziberin hazırladığı 26 ssenaridən 21-cisi baş verəcək hadisə ilə eynilə üst-üstə düşəcəkdi.

21-ci ssenari Fələstin Azadlıq Təşkilatı üzvlərinin İsrail idmançılarına hücum edəcəyini, bir neçə qətl törədərək digərlərini girov götürəcəyini, həbsdəki yoldaşlarının azad olunmasını və Almaniyadan getmək üçün təyyarə tələb edəcəklərini xəbər verirdi. Lakin təşkilatçılar bu ssenari-tövsiyəni inkar etdilər.

***

İsrail Münhen olimpiadasında iştiraka xüsusi önəm verirdi. 42 nəfərlik nümayəndə heyətinin bir çoxu Xolokostda sağ qalanlar və ya belələrinin övladları idilər. Onlar üçün Almaniyada İsrail bayrağı altında, "biz tükənmədik" ədasıyla addımlamağın , özü də məhz nasizmin beşiyi sayılan Münhendə addımlamağın önəmi çox böyük idi.

İsraili 7 növdə (yüngül və ağır atletika, üzgüçülük, güləş, güllə atıcılığı, qılıncoynatma, yelkənli qayıqsürmə) 14 idmançı təmsil edirdi. Bundan əlavə, məşqçilər, həkimlər, müxtəlif turnirləri idarə edən hakimlər və idman bürokratları vardı.

Sentyabrın 4-də israillilər axşam gəzintisinə çıxdılar. Münhen teatrının yəhudi əsilli aktyoru Şmuel Rodenski onları "Damdakı skripkaçı" tamaşasına baxmağa dəvət etmişdi. Tamaşadan sonra isə onlar aktyorla birlikdə yemək yedilər və Olimpiya şəhərciyinə qayıtdılar.

Burada onların bir qismi səhər saat 5 radələrində üzləri "balaklava" deyilən baş geyimi ilə örtülən terrorçular tərəfindən ələ keçirildilər. 5 idmançı, 4 məşqçi və 2 hakim olmaqla 11 nəfər girov götürüldü. Müqavimət göstərməyə cəhd edərkən güləş üzrə məşqçi Moşe Vaynberq öldürüldü, ağırlıq qaldıran Yosef Romano isə ağır yaralandı. Terrorçular Romanonun cinsi orqanını kəsdilər və o, qanaxmadan keçindi. Beləliklə, terrorçuların əlində 9 girov qaldı.

Onlar ağırlıq qaldıranlar Zeev Fridman və Devid Berger, güləşçilər Eliezer Halfin və Mark Slavin, hakimlər Yosef Qutfroynd və Yakov Şpringer, məşqçilər Andre Şpitser, Kexat Şor və Amitsur Şapira idilər.

İsrail nümayəndələrinin digər üzvlərinin bir hissəsi dərhal, bir hissəsi isə müəyyən müddət gizlənəndən sonra hadisələrin baş verdiyi binadan qaça bildilər. İki qadın idmançı üçün başqa binada yer ayrılmışdı, üç nəfər isə 700 km uzaqda,yelkənli qayıqsürmə yarışlarının keçirildiyi Kil şəhərində idilər.

Hücumdan təxminən 1 saat sonra mühafizəçilər, daha sonra isə polis xəbər tutdu. Saat 6-da terrorçular pəncərədən iki vərəq tulladılar. Bunların birində onların tələbi əksini tapmışdı: onlar 234 nəfərin azad olunmasını tələb edirdilər; bunlardan 232 nəfər İsrail həbsxanalarında idilər. Qızıl Ordu Fraksiyası (RAF) adlı sol təmayüllü terror təşkilatının üzvləri Andreas Baader və Ulrika Maynhof isə Almaniyada saxlanılırdılar. Digər vərəqdə terrorçular "Qara sentyabr" təşkilatının üzvləri olduqlarını bildirirdilər.

Münxen qətliamında polislər idman paltarları geyinib binaya daxil olmaq istəyir

Münxen qətliamında polislər idman paltarları geyinib binaya daxil olmaq istəyir

***

1967-ci ildə baş verən və ərəb ölkələrinin (Misir, Suriya, İraq, İordaniya və Əlcəzair) ağır məğlubiyyəti ilə nəticələnən Altıgünlük müharibədən sonra İsrail İordan çayının qərb sahilini nəzarətə aldı. Bunun nəticəsində 200 minə qədər fələstinli İordaniyada məskunlaşdı.

Tezliklə Fələstin təşkilatları ilə İordaniya hakimiyyəti arasında ziddiyyətlər meydana çıxdı. Belə ki, bu təşkilatların İsrail əleyhinə aksiyalarının cavab hədəfi İordaniya əraziləri olurdu. Bundan əlavə, İordaniya özünün fələstinlilər yaşayan ərazilərinə nəzarəti tədricən itiridi. Təbii ki, belə vəziyyət kral Hüseyni qane edə bilməzdi.

Ara-sıra baş verən toqquşmalardan sonra 1970-ci ilin sentyabrında İordaniya ordusu fələstinlilərə qarşı irimiqyaslı əməliyyatlara başladı. Bir neçə həftə sürən gərgin döyüşlərdən sonra ölkənin bütün ərazisinə nəzarət bərpa edildi, 10 minə qədər yaraqlı və dinc fələstinli öldürüldü, digərləri isə Livana köçməyə məcbur oldular.

"Qara sentyabr" təşkilatı məhz bu hadisələrə cavab olaraq yaradıldı və ilkin dövrdə yalnız iordaniyalılara qarşı aksiyalar keçirdi. Təşkilatın ilk aksiyası yetərincə səs-küylü oldu: 1971-ci ilin noyabrında Qahirənin "Şeraton" otelində İordaniyanın baş naziri Vəsfi Tel öldürüldü. Daha sonra Qərbi Almaniyada 4 iordaniyalı biznesmen qətlə yetirildi, Londondakı səfir Zahid əl-Rifai isə özünə qarşı sui-qəsddən sağ qurtuldu.

1972-ci ilin mayında təşkilat İsrailə qarşı ilk aksiyasını keçirdi. Brüssel-Vyana-Tel-Əviv reysi ilə uçan, Belçikanın "Sabena" aviaşirkətinə məxsus təyyarə ələ keçirildi. Tel-Əviv aeroportunda yerə enən təyyarədəki 2 qadın və 2 kişidən ibarət terrorçular İsrail həbsxanalarında saxlanılan 315 fələstinlinin azad olunmasını tələb edirdilər.

Lakin İsrailin "Sayeret Matkal" adlı xüsusi təyinatlı elit dəstəsinin döyüşçüləri "İzotop" adlı əməliyyat nəticəsində terrorçulardan kişiləri öldürərək, qadınları da həbs edərək zərərsizləşdirdi. Maraqlıdır ki, əməliyyata İsrailin baş naziri Ehud Barak rəhbərlik edirdi, iştirakçılardan biri isə digər gələcək baş nazir Benyamin Netanyahu idi. Sonuncu üstəlik ayağından yaralandı da.

Fələstin müqavimətində təbii ki, əsasən fələstinlilər və digər ərəblər iştirak edirdilər. Lakin bəzən başqa xalqların nümayəndələri də onlara qoşulurdu. Bu əsasən solçuluq ideyaları və ya din müstəvisində baş verirdi. Məsələn, yapon Kodzo Okamoto kimi (onun adı da Münhendəki 234 nəfərlik siyahıda vardi).

İsrail idmançılarını girov götürən qrupun başçısı Lütif Afif də xristian ərəbin və yəhudi qadının övladı idi. O, solçuluq ideyaları əsasında Fələstin müqavimətinə qoşulmuşdu. Lakin Afifin şəxsiyyəti sonra məlum olacaqdı. O, hələlik üzünü gizlədərək özünü İsa kimi təqdim edirdi.

Onu da qeyd edək ki, İsrail idmançılarının girov götürülməsini pisləyən yeganə ərəb dövləti İordaniya oldu.

Münxen qətliamını törədənlərdən biri

Münxen qətliamını törədənlərdən biri

***

Terrorçular tələblərinin qəbul edilməsi üçün öncə saat 9-a qədər vaxt vermişdilər. Lakin İsrail hökumətinin toplanmasına və qərar qəbul etməsinə zaman gərəkliyi bəhanəsi ilə vaxtı saat 12-yə qədər uzatmaq oldu. Daha sonra "İsa" verdiyi vaxtı 5 saat da uzatdı.

Hərçənd, İsrailin terrorçularla danışığa gedəcəyi böyük şübhə doğururdu. Çünki Tel-Əvivin rəsmi mövqeyi terrorçulara ediləcək güzəştin onları növbəti hücumlara həvəsləndirəcəyindən ibarət idi. Gözlənilən kimi də oldu. Baş nazir Qolda Meir hər hansı bir güzəştə getməyəcəklərini, heç bir dustağı azad etməyəcəklərini bildirdi. Lakin Münhen polisinin rəisi Manfred Şrayber bu qərarı terrorçulardan gizlətdi və onların tələbinin qəbul olunduğunu bildirdi.

İkinci dünya müharibəsi zamanı yəhudilərin genosidi səbəbindən almanlar indi özlərini xüsusilə çətin vəziyyətdə hiss edirdilər. Bir zaman nasizmin beşiyi kimi tanınan, ilk ölüm düşərgələrindən biri olan Dahaunun yaxınlığında yerləşən Münhendə yenidən yəhudi qanının axmasına heç cür yol vermək istəmirdilər.

Buna görə də girovların azad edilməsi müqabilində terrorçulara qeyri-məhdud pul vəsaiti təklif edildi. Qərbi Almaniyanın daxili işlər naziri Hans-Ditrix Genşer də daxil olmaqla bir sıra yüksək rütbəli şəxslər idmançıların əvəzində özlərinin girov saxlanılmasını istədilər. Lakin hər iki təklif rədd edildi.

Beləcə, girovları silah gücünə azad etməkdən başqa yol qalmadığı aydınlaşdı. Lakin bu yolda ciddi problemlər mövcud idi. Həmin dövrdə çox az ölkənin İsrail kimi terrorla mücadilə təcrübəsi və strukturları vardı. Qərbi Almaniya da bu cəhətdən istisna deyildi.

Antiterror əməliyyatına rəhbərlik edənlərin nə təcrübəsi vardı, nə də müvafiq hazırlıq keçmiş kadrları. Buna görə də əməliyyata adi polislər cəlb olunurdu, üstəlik kobud səhvlərə yol verilirdi. Daha effektli olacaq ordu strukturlarının isə ölkə daxilində istifadəsinə Konstitusiya imkan vermirdi. Bu da nasizm dövrünün acı təcrübəsindən doğan ehtiyatın bir təzahürü idi.
Əsas əngəllərdən biri də o idi ki, terrorçuların neçə nəfərdən ibarət olması dəqiq bilinmirdi. Bu vacib amili müəyyənləşdirmədən hər hansı antiterror əməliyyatına başlamaq mümkün deyildi. Təxminən saat 17-də "İsa" Olimpiya şəhərciyinin meri Valter Trögerə və daha bir nəfərə girov idmançılara baş çəkməyə icazə verdi. Geri qayıdan Tröger polis rəisi Manfred Şrayberə 5 terrorçu gördüyünü söylədi. Bundan sonra planlaşdırılan xilasetmə variantları terrorçuların 5 nəfər olmasına əsaslanırdı. Halbuki bu belə deyildi.

İlk xilasetmə variantı kimi hadisələrin cərəyan etdiyi binanın damına hücum üçün polislər yerləşdirildi. Onlar asta-asta terrorçuların olduğu hissəyə yaxınlaşmali, əmr verildiyində hücum etməli idilər. Lakin bu polislər heç bir xüsusi hazırlığa və təcrübəyə malik deyildilər. Onlardan biri sonralar mətbuata verdiyi müsahibədə sıravi patrullar olduqlarını bildirirdi.
Üstəlik, belə hallar üçün zəruri olan bir addım - ərazinin jurnalistlərdən təmizlənməsi - atılmamışdı. Guya terrorçulardan gizli aparılan hazırlıq işlərini bəzi telekanallar canlı yayımda göstərirdilər və terrorçular otaqda olan televizorlar vasitəsilə bunu izləyə bilərdilər. Buraxılan səhvi gec də olsa anlayan Manfred Şrayber damdakı polisləri geri çağırdı və hücum ləğv olundu.

Qeyri-müəyyən vəziyyətdən özləri də yorulan terrorçular axşam saatlarında girovlarla birlikdə Qahirəyə uçmaq üçün təyyarə tələb etdilər. Onların tələbi qəbul edildi, lakin istədikləri Münhen aeroportu əvəzinə Fürstenfeldbrukdakı NATO aviabazasından uça biləcəkləri söylənildi. Qısa danışıqlardan sonra terroçular razılaşdılar.

Fürstenfeldbruk hərbi aeroportunun təklif olunmasının səbəbi ondan ibarət idi ki, Şvayber xilasetmə əməliyyatının insanlarla dolu mülki aeroportda aparılmasını istəmirdi, bu halda qurbanların sayı xeyli arta bilərdi.

Terrorçular və girovlar öncə yeraltı dayanacaqda avtobusa minərək helikopter meydançasına gedəcək, oradan isə iki helikopter onları Fürstenfeldbruk aeroportuna gətirəcəkdi. Burada da guya Qahirəyə uçmaq üçün Boing-727 təyyarəsi gözləyəcəkdi. Yalnız avtobusa minərkən terrorçuların həqiqi sayı məlum oldu - 8 nəfər.

Xilasetmə planına görə "İsa" və daha bir terrorçu salonu yoxlamaq üçün təyyarəyə daxil olanda ekipaj forması geyinmiş 12 polis onları tərkisilah etməli idilər. Çöldə yerləşdirilən 5 snayper isə digər 3 terrorçunu (ratsiya olmadığından (!) onların sayının 8 olduğu snayperlərə xəbər verilməmişdi) zərərsizləşdirəcəkdilər. Snayperlərin üçü dispetçer qülləsində, ikisi isə onlarla üzbəüz - biri hərbi yük maşınının, digəri isə bordürün arxasında - yerləşmişdilər.

Lakin xilasetmə əməliyyatı lap əvvəldən corab kimi sökülməyə başladı. Öncə təyyarədəki polislər planın uğurlu düşünülməsinə şübhə ilə yanaşdılar. Onlar öz aralarında səsvermədən sonra komandanlığa məlumat vermədən təyyarəni tərk etdilər. Bu antiterror əməliyyatı kimi olduqca ciddi, intizam tələb edən aksiya üçün görünməmiş hal idi. Nəticədə snayperlər özlərindən daha çoxsaylı terrorçularla qarşı-qarşıya qaldılar.

Digər tərəfdən, hər iki helikopterin pilotları maşınlarını tapşırığa uyğun olaraq qüllədən solda deyil, düz qarşısında yerə endirdilər. Halbuki onlar qüllədən solda yerə ensəydilər, helikopterin qapıları açılan zaman snayperlər atışma üçün daha əlverişli görünüş sahəsinə malik olacaqdılar.

Əslində bu adamların snayper adlandırılması da xeyli mübahisəli idi. Onlar sadəcə daha yaxşı atıcı-polislər kimi seçilmişdilər və belə əməliyyat üçün o qədər də uğurlu olmayan HK G3 avtomatları ilə silahlanmışdılar. Onlar nə optik nişangaha, nə də gecəgörmə cihazlarına malik idilər, polad dəbilqə və gülləkeçirməyən jiletlərlə də təchiz olunmamışdılar.

Təxminən saat 22.30-da helikopterlər hərbi aeroportda yerə endi. "İsa" və bir köməkçisi təyyarəyə daxil olduqda onun bomboş olduğunu gördülər. Onlar tələsik geri qaçmağa və pusqu qurulduğunu qışqırmağa başladılar. Bu zaman snayperlərdən biri terrorçuları lidersiz qoymaq üçün "İsa"ya atəş açdı, lakin yalnız onun yanındakını yaraladı. Bundan sonra snayperlər və terrorçular arasında güclü atışma başladı.

Lakin bu atışmada yalnız qüllədəki üç snayper iştirak edirdi. Helikopterlərin uğursuş enişinə görə digər 2 snayper öz yoldaşlarının atəş trayektoriyası altına düşmüşdülər, buna görə də əməliyyatda iştirak imkanını itirərək yalnız gizlənməklə məşğul idilər. Yarım saatdan sonra atışma kəsildi, bu vaxta qədər 8 terrorçudan yalnız ikisi öldürülmüşdü.

Gecəyarı aeroport ərazisinə zirehli polis transportyorları daxil oldu. Onları görən terrorçular hər şeyin bitdiyini anlayaraq girovları (əlləri və bir-birlərinə iplə bağlandıqlarından onlar helikopter pilotlarından fərqli olaraq atışmadan istifadə edib qaça bilmədilər) öldürməyə başladılar.

Helikoptelərin birində 4 girov güllələndikdən sonra əl qumbarası atıldı və maşın partlayaraq içəridəkilərlə birlikdə yanmağa başladı. Digər helikopterdəki 5 girov da güllələndi. Terrorçuların isə "İsa" da daxil beşi öldürüldü, üçü sağ ələ keçirildi. Atışmada iştirak etməyən bir polis də təsadüfü güllə ilə öldürüldü.

Maraqlıdır ki, öncə bütün mətbuat orqanları olimpiadanın təşkilat komitəsinə istinadən əməliyyatın olduqca uğurlu keçdiyini, bütün girovların azad olunduğunu xəbər verdilər. Yalnız səhər saat 3-dən sonra əsl həqiqət ortaya çıxdı - bütün girovlar həlak olub.

Ertəsi gün faciəyə baxmayaraq yarışları davam etdirmək qərara alındı. Münhen olimpiya stadionunda anım mərasimi keçirildi. Bütün iştirakçı dövlətlərin bayraqları matəm əlaməti olaraq endirildi. Lakin 10 ərəb ölkəsi öz bayraqlarının yəhudilərdən ötrü endirilməsinə etiraz etdikdə onların bayrağı yenidən qaldırıldı. Həlak olan məşqçi Moşe Vaynberqin yaxın qohumu Karmel Eliaş mərasim zamanı ürək tutmasından vəfat etdi.

Həlak olan terrorçuların cənazəsi isə Muəmmər Qəddafinin tələbi ilə Liviyaya göndərildi. Burada onlar təntənə və hərbi ehtiramla dəfn edildilər.

***

Oktyabrın 29-da Qərbi Almaniyanın Lufthansa şirkətinə məxsus təyyarə "Qara sentyabr" təşkilatının iki üzvü tərəfindən ələ keçirildi. Onların tələbinə əsasən Münhen hücumu zamanı sağ ələ keçən üç terrorçu Zaqreb aeroportunda təhvil verildilər. Bir çoxları ehtimal edirdilər ki, bu hadisə Qərbi Almaniya hökuməti ilə razılaşdırılmışdı.

Üzvlərinin azad edilməsi müqabilində "Qara sentyabr" AFR ərazisinidə, eləcə də onun vətəndaşlarına və təyyarələrinə qarşı terror həyata keçirməməyi vəd etmişdi. Digər tərəfdən, sağ qalan terrorçular üzərində məhkəmə zamanı xilasetmə əməliyyatı zamanı buraxılan biabırçı səhvlər aşkara çıxardı ki, Qərbi Almaniya hökuməti bunda maraqlı deyildi.

İsrail Münhen hadisəsinə "Gəncliyin baharı" və "Tanrının qəzəbi" adlı əməliyyatlarla cavab verdi. Birinci əməliyyat Beyrutda məskunlaşan Fələstin hərbiləşdirilmiş təşkilatlarına və onların nəzarətindəki obyektlərə yönəldi. 1973-cü ilin aprelin 9-10-da keçirilən əməliyyat bütün hədəflərinə nail oldu.

"Tanrının qəzəbi" isə Münhen terrorunun təşkilatçılarına və sağ qalan 3 iştirakçıya qarşı keçirildi. Nəticədə dünyanın bir çox ölkələrində qətl hadisələri baş verdi, "Qara sentyabr"ın liderləri, o cümlədən təşkilatın yaradıcısı Əli Həsən Salami, eləcə də iştirakçılardan ikisi öldürüldü.

Münhen cinayətində əli olan təşkilatçılardan yalnız Əbu Daud 1981-ci ildə Varşavada 5 gülləyə tuş gəlməsinə baxmayaraq sağ qaldı və 2010-cu ildə öz əcəli ilə öldü. İştirakçılardan isə ikisi öldürüldü. Bu gün onlardan yalnız Camal əl-Qaşi adlı birisinin sağ qaldığı və Afrikada gizləndiyi söylənilir.

XX yay olimpiadasının qəhrəmanı, milliyyətcə yəhudi olan Mark Spitz İsrail idmançılarının girov götürülməsini eşidən kimi güclü mühafizə altında Münheni tərk etdi. Bir qədər sonra o, idmanla vidalaşdığını elan etdi, halbuki bu zaman cəmi 22 yaşı vardı. Güman edilir ki, Spitz məhz təhlükəsizliyi səbəbindən bu qərarı verdi.

Münhen terroru idman turnirlərində təhlükəsizlik məsələsini ön plana çıxardı. Monrealda keçirilən növbəti olimpiadada təhlükəsizlik tədbirləri o qədər gücləndirildi ki, bəzən iştirakçıların narazılığına səbəb olurdu. Münhendən sonra bir çox ölkələrdə antiterror qrupları yaradıldı. Almaniyada belə bir qrup qısa şəkildə GSG9 adlanan xüsusi təyinatlı "Grenzschutzgruppe 9" dəstəsi oldu.

İsrail olimpiya oyunlarında ilk medalını 1992-ci il Barselona olimpiadasında qazandı. Qadın cüdoçu Yael Arad gümüş medala sahib oldu. O, bu medalını 20 il öncə Münhendə həlak olan 11 soydaşının xatirəsinə həsr etdi. 2004-cü ilin Afina olimpiadasında İsrail tarixində ilk və hələ də yeganə olimpiya qızılını qazanan vindserfinqçi Qal Fridman da enyi cür davrandı.

***

P.S. Mövzu ilə maraqlananlara 1999-cu ildə çəkilən və növbəti il Oskar mükafatına layiq görülən "Sentyabrda bir gün" (One Day in September) sənədli filminə, eləcə də National Geographic telekanalının "Fəlakətə saniyələr qalarkən" seriyası çərçivəsində çəkilən "Münhen olimpiya qətliamı" (Munich Olympic Massacre) araşdırma filminə baxmağı məsləhət görərdim.

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ooq745

Ən çox baxılan