İlham Əliyev və Nikol Paşinyan

Mənbə: google.az

Başlıq: İlham Əliyev və Nikol Paşinyan

''Münaqişədən tərəflərin nəsə qazanması barədə danışmaq qeyri-ciddi olardı''

Məqalə yeniləndi:  15 May 2019

Elmar Məmmədyarovun sualı müzakirələrə səbəb olub

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-də Brüsseldə erməni jurnalistlərinin suallarını cavablandırarkən onlara ritorik sual verib.

E.Məmmədyarov sual edib ki, 30 il münaqişə apardınız, adi erməni nə qazandı:

“Mənə sual edirlər ki, bəs siz nə qazandınız. Cavab verdim ki, BTC, Bakı-Qars dəmiryolunu, Cənub Dəhlizini tikdik, sizdə yoxsulluq 40 faiz həddindədir, Tbilisidən Yerevana gedəndə yollar qaranlıqdır, bütün kəndlər boşalıb, adamlar qaçır. Bu sualları özünüzə verin də".

Azərbaycan xarici işlər nazirinin bu açıqlaması sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Nazirin reaksiyasını haqlı sayanlar da var, sərt tənqidi mövqe nümayiş etdirənlər də.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədrov hesab edir ki, söhbət hərbi münaqişənin konkret nəticələrindən gedirsə, məsələ belədir: Azərbaycan ərazilərinin bir hissəsində nəzarəti itirib:

“Sözsüz ki, bu konkret nəticələrin doğurduğu iqtisadi-siyasi problemlər var, hə iki tərəf üçün. Bəli, nazir Məmmədyarov qismən də olsa haqlıdır, Azərbaycan bir sıra beynəlxalq layihələr həyata keçirdi. Amma bu layihələrin həyata keçirilməsinin Qarabağ münaqişəsi ilə birbaşa əlaqəsi yoxdur. Münaqişə olmasaydı da, Azərbaycan bu layihələri həyata keçirməliydi. Əlbəttə, Ermənistan tərəfinin itirdiyi var, onlar bu layihələrdə iştirak edə bilmirlər. Münaqişə onların inkişafının qarsışını alıb, amma onların itkiləri bizim qazancımız deyil. Prinsipcə, onların nəsə itirməyindən biz nəsə qazanmamışıq”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Mənbə: Foto: meydan.tv

Rauf Mirqədirovun sözlərinə görə, hər iki tərəfin bir itkisi var: bu, müstəqilliyin dönməzliyinə, istiqlaliyyətə təhdidin qalması problemi. Münaqişə tərəflər üçün bu problem yaradıb və saxlayır:

“Əslində, Qarabağ münaqişəsinin hər iki tərəf üçün təhdidi bundan ibarətdir; müstəqilliyimizə təhlükəni saxlayır.

Nə qədər ki, münaqişə həll olunmayıb, Ermənistanın da, Azərbaycanın da müstəqilliyini itirmək, yaxud formal hala salmaq təhlükəsi qalır”.

ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli isə hesab edir ki, nazir Elmar Məmmədyarov erməni jurnalistinə doğru irad bildirib, düzgün sual verib ki, Ermənistan Qarabağı işğal etməklə nə qazanıb:

Natiq Cəfərli

Natiq Cəfərli

Mənbə: meydan.tv

“Diplomatik dil çətin olduğundan bu replikadan doğan 3 vacib nəticə var: Birinci, Ermənistan torpaqları müvəqqəti işğal edib, enində-sonunda o torpaqlardan qovulacaq, bunu indiki hökumət edə bilməsə, sonra qurulacaq demokratik hökumət edəcək - nəticədə indi "qazanc" kimi görünən bütün üstünlükləri itirəcəklər. İkinci, əgər Ermənistan Rusiyanın oyununa gəlib işğalçı siyasətə başlamasaydı, bu gün neft-qaz kəmərləri Ermənistandan keçəcəkdi, onlar daha varlı, Rusiyanın altında olmayan dövlət olacaqdılar. Ermənilər işğalçılıq etməsəydilər, indi bütün Cənubi Qafqaz AB və NATO üzvü idi. Üçüncü, ermənilər müvəqqəti olaraq Qarabağ və ətrafını işğal etdilər, əvəzində Bakıda, Sumqayıtda, Gəncədə yaşamaq hüququnu itirdilər. Əgər münaqişə olmasaydı, bu gün erməniəsilli Azərbaycan vətəndaşları Bp-də, bank sektorunda, biznesdə ciddi vəzifələr tutub pul qazanacaqdılar, Milli Məclisdə təmsil olunacaqdılar, nəhayət, Azərbaycan demokratik ölkə olacaqdı, hakimiyyət atadan oğula keçməyəcəkdi, indiki absurd sistem qurulmayacaqdı”.

Natiq Cəfərli xatırladıb ki, bənzər sualı 10 il əvvəl Parisdə Ermənistan rəsmilərinə verib:

“Onlara öz axmaq işğalçı siyasətlərinə görə nələri itirdiklərini anlatmışdım”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər fərqli düşünür, onun fikrincə, iki ölkə arasında münaqişə varsa və bu münaqişənin arxasında üçüncü tərəf dayanırsa, tərəflərin nəsə qazanması barədə danışmaq qeyri-ciddi olardı.

S.Əkbər Dağlıq Qarabağ münaqişəsini Rusiyanın Azərbaycana vəkalət müharibəsi adlandırır:

Sülhəddin Əkbər

Sülhəddin Əkbər

Mənbə: meydan tv

“Bu, SSRİ dağılandan sonra öz müstəqilliyini elan etmiş Azərbaycana qarşı Rusiyanın Ermənistan vasitəsi ilə apardığı vəkalət müharibəsidir. Ermənistan və “Dağlıq Qarabağ Respublikası” uzun zamandır davam edən münaqişədə Rusiyanın vəkilləri kimi çıxış edirlər. Ona görə Ermənistanın da, Azərbaycanın da qazancından danışmaq çox yersizdir və sualın qoyuluşu da doğru deyil. Nəzərə alınmalıdır ki, hər iki dövlət və xalq müstəqilliklərini möhkəmləndirmək istiqamətində, eyni zamanda, öz aralarında münasibətlər, regional inteqrasiya və həm də regionun dünyaya inteqrasiya prosesində 30 ili itiriblər. Tarixdən də qaynaqlanan düşmənçilik təzələnib və dərinləşib. Çox təəssüf ki, Azərbaycan və Ermənistan cəmiyyətlərində Rusiyanın münaqişədə rolu sona qədər anlaşılmayıb. Ona görə tərəflərin ziyanları yaxın perspektivdə də davam edəcək”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 May 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/49ai41

Ən çox baxılan