Mühacir jurnalist Fikrət Hüseynli Kiyev aeroportunda saxlanıldı

Onun Azərbaycan hakimiyyətinin sorğusu əsasında saxlanıldığı bildirilir

Source:

Oktyabrın 14-də “Turan TV”-nin əməkdaşı Fikrət Hüseynli Kiyev Borispol hava limanında saxlanılıb. Fikrət Hüseynli hazırda Niderlandda yaşayır və Niderland vətəndaşıdır.

Məlumatı ictimai fəal Səid Nuri öz “Facebook” səhifəsində paylaşıb. Onun sözlərinə görə, Fikrət Hüseynliyə Azərbaycan hakimiyyətinin sorğusu əsasında saxlanıldığı bildirilib. Deyilib ki, hakimiyyət onun barəsində cinayət işinin olmasını əsas gətirərək, Azərbaycana təhvil verilməsini istəyir.

Səid Nuri Meydan TV-yə deyib ki, hadisə zamanı F.Hüseynli ilə bir yerdə olublar: “Onun qoluna qandal vurub apardılar. Fikrətin “Əfqan Muxtarlı işi”nə görə saxlanıldığını düşünürəm”.

Məlumatı Meydan TV-yə “Turan TV”-nin rəhbərliyi də təsdiqləyib.

Fikrət Hüseynli ötən əsrin 90-cı illərindən Azərbaycanda jurnalist kimi fəaliyyət göstərib. Ölkədə sonuncu iş yeri “Azadlıq” qəzeti olub.

Onun 2006-cı il martın 5-dən 6-na keçən gecə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində maskalı şəxslər tərəfindən oğurlanaraq işgəncələrə məruz qaldığı, bıçaqlandığı bildirilir. 2008-ci ilin əvvəlində davamlı təzyiqlərə məruz qalması, jurnalist fəaliyyətinə görə həyatına real ölüm təhlükəsi olması səbəbindən Azərbaycanı tərk etdiyi deyilir. Həmin ildən Nederland Krallığında siyasi mühacir kimi yaşayır və Avropada fəaliyyət göstərən “Turan TV”-də çalışır.

Ana səhifəXəbərlərMühacir jurnalist Fikrət Hüseynli Kiyev aeroportunda saxlanıldı