Müəllimlər üçün təklif

Müəllimlərin əməyi paralel olaraq nəticəyə əsaslanan sistem əsasında qiymətləndirilsə, yanaşma daha ədalətli ola bilər

Source:


Müəllimlərin əməyi paralel olaraq nəticəyə əsaslanan sistem əsasında qiymətləndirilsə, yanaşma daha ədalətli ola bilər

Sosial şəbəkələrdə belə bir məlumat gördüm ki, Sumqayıtda bir məktəbin yüksək bal toplayan məzunlarının sayı Bakının Binəqədi rayonu üzrə ümumi göstəricisindən yüksəkdir.

Bu informasiyanı görəndə çoxdan fikrimdə olan bir təklifi yazmaq qərarına gəldim.

Bizdə yeni sistemə görə, müəllimlərin məvacibləri yalnız bilik qiymətləndirilməsinə (assessment of knowledge) əsaslanır. Müəllimlər tələb olunan minimum test suallarına cavab verməlidirlər. Qaydalara görə, ixtisas üzrə 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir. Hər bir bölmə üzrə sualların minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Yəni birinci bölmə üzrə ən azı 4, ikinci bölmə üzrə 2 suala (cəmi 6) cavab verən müəllim qiymətləndirmədən uğurla keçmiş sayılır. Biliyi qiymətləndirilmiş müəllimlər stajından asılı olaraq 350-450 manat (vergi ilə birlikdə) maaş ala bilir.

Bu cür qiymətləndirmənin biliyin keyfiyyətinə nə dərəcədə qiymət verdiyini (cəmi 10 faiz cavabla) tamam kənara qoyuram.

Müəllimlərin əməyi paralel olaraq nəticəyə əsaslanan (result based) sistem əsasında qiymətləndirilsə, yanaşma daha ədalətli ola bilər. Anlayıram ki, bu təklif indiki idarəetmə mühitində çox fantastik və qeyri-real görünə bilər. Çünki, ilk növbədə, məktəb islahatı, orta məktəblərə inzibati və maliyyə muxtariyyəti verilməsi, məktəbin seçkili sistem əsasında idarə edilməsini tələb edir. Amma bu təklif həm mümkün olan ən ədalətli sistemdi, həm də məktəbin bürokratik və ideoloji müdaxilə olmadan bilavasitə müəllimlərin və valideynlərin iştirakçılığı ilə idarə olunmasını tələb edir.

Təklifin mahiyyəti belədir (amma bu təklif seçmə yolla şagird seçən liseylərə və xüsusi məktəblərə deyil, adi məktəbərə aiddir):


1) Məzunlarının ən azı 40 faizi ali məktəblərə qəbul olunan məktəblərə illik maaş fondunun müəyyən faizi müqabilində mükafat fondu ayrılır. Faiz səviyyəsindən asılı olaraq mükafat fondunun da məbləği dəyişilir;


2) Bütün abituryentlərin (cari ildə orta məktəbi bitirmiş) hamısının birgə topladığı bal əsasında məktəbin orta balı hesablanır. Orta balı 400-dən yüksək olan məktəblərin illik maaş fondunun müəyyən faizi müqabilində mükafat fondu ayrılır. Amma bu meyar o zaman tətbiq edilir ki, məktəbin məzunlarının ən azı 30 faizi tələbə adı qazanmış olsun.


3) 11-ci sinif məzunlarının ən azı 40 faizi və şagirdlərinin orta balı 400-ü ötən fənn müəllimlərinə fərdi qaydada aylıq maaşlarının 2 misli məbləğində mükafat təyin edilir.

Bu yanaşma hazırkı qiymətləndirmənin ləğvini tələb etmir. Sadəcə indiki qiymətləndirmədə tələbləri sərtləşdirmək lazımdır – müəllimlər ən azı sualların 40 faizinə düzgün cavab verməlidir. Bu qiymətləndirmə əsasında baza maaşı müəyyən edilir. Təklif etdiyim «result based» qiymətləndirmə sistemi isə əməyin nəticəsinə görə həm kollektiv şəkildə məktəbin, həm də fərdi qaydada müəllimlərin əməyinin nəticələrini ölçməyə, onlara ləyaqətli əmək haqqı verməyə təminat yaradır.

Bəlkə də daha təkmil təkliflər və mexanizmlər üzərində düşünmək olar. Amma müzakirələr başlamaq üçün bunları nəzərdən keçirmək mümkündür…


mənbə

Ana səhifəAnalitikaMüəllimlər üçün təklif