Jurnalist Pərviz Həşimli son sözünü dedi
14 mayda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim Yol” qəzetinin parlament müxbiri və hüquq müdafiəçisi Pərviz Həşimlinin son sözü dinlənilib. Meydan TV-nin məhkəmədən məlumat verən əməkdaşının sözlərinə görə jurnalist bildirib ki, ona qarşı ittihamlar saxtadır. Əgər məhkəmə bu saxtakarlığı ifşa etsəydi, onu saxlayan şəxslər həbs olunmalıydı.
P.Həşimli hüquq fakültəsində təhsil aldığı illərə qayıdaraq bildirib ki, o zaman baş prokuror Zakir Qaralov yaxşı oxuduğuna görə ona dərslikləri pulsuz verib. “Təəssüf ki, həmin kitabda yazılanlar məhkəmə prosesi ilə uyğunlaşmır.Çünki mənə qarşı irəli sürülən ittihamlar saxta və yalandan başqa bir şey deyil. Mənim işimi aparan MTN-in və prokurorluğun əməkdaşları ana südü yox, canavar südü əmiblər” –jurnalist deyib.
Bu məqamda dövlət ittihamçısı jurnalistə xəbərdarlıq edərək onun son sözünü kəsə biləcəyini deyib. “Əgər bir də belə fikir işlətsən, çıxışın dayandırılacaq” –prokuror deyib.
Prokurora cavab olaraq Pərviz Həşimli deyib ki, ona cinayətkar kimi baxılmasın. “Bütün cinayətkarlar MTN-də çalışanlardır. Məni MTN –də öldürə bilərdilər. Amma öldürülməməyimin yeganə səbəbi beynəlxalq təşkilatların və xarici mətbuatın məni diqqətdə saxlamaları olub. Xarici jurnalistlər qarşılaşdığım özbaşınalığı işıqlandırdıqları üçün öldürülmədim”.
P.Həşimli bildirib ki, həbs olunandan sonra MTN-də ona İlham Əliyevin şəklini göstərərək bildiriblər ki, “ ya ona dəstək verməlisən, ya da həbsdə qalacaqsan. Mənim həbsim zamanı qanunvericiliyin bütün tələbləri pozulub. İttiham olunduğum maddəyə əsasən o zaman həbs oluna bilərdim ki, mənzilimdə terrorçular olsun. Mən evimdən götürülən kamera yaddaşlarının verilməsini istəmişdim. Əgər o kadrlar verilsəydi, MTN-nin əməkdaşlarının silahları evimə yerləşdirdikləri görünəcəkdi”.
Jurnalist prokurora üzün tutaraq deyib ki, “heyf ki, siz azad deyilsiniz. Sizə nə deyilibsə, onu oxuyursunuz”.
Məhkəmə prosesi 15 may saat 10:00-a təxirə salınıb.