Müəllif Xalq artistinin nəvəsi Kayhan Salahovdur
Moskvanın “Yekaterina” Mədəniyyət Fondunda Azərbaycan SSRİ Xalq artisti Tahir Salahova həsr olunmuş videoinstalyasiya nümayiş olunacaq.
TASS agentliyi xəbər verir ki, noyabrın 30-dək davam edəcək sərginin müəllifi Tahir Salahovun nəvəsi Kayhan Salahovdur.
O, arxitektor, rəssam, memar və heykəltəraşdır.
“Mən elmi-fantastik rəssamam, hələ uşaqlıqdan bu sahəyə marağım olub. Babamla Ayzek Azimov (yazıçı-fantast-red.) tanış idilər. Ona gör də kibernetikaya yönəlməyim babamda şübhə, narahatlıq yaratmadı, mənə mane olmadı. Babam həyatda mənə ən yaxın və doğma insan idi. Onun yoxluğuyla barışmaq çox ağırdır. Hər dəfə Bakıya gedib onun qəbrini ziyarət etmək imkanım olmur. “Elektron cənnət”i məhz buna görə yaratdım ki, ürəyim istəyəndə babamla ünsiyyətdə olum”, – Kayhan Salahov açıqlamasında deyib.
Videoinstalyasiyaya Tahir Salahovun rəqəmsallaşdırılmış əsərləri, həmçinin ailə arxivindən fotoşəkillər, videolar daxildir.
İyirmi iki videoproyeksiyada ümumilikdə 600-ə yaxın fotoşəkil, 500 eskiz və 400 rəsm əsəri rəqəmsallaşdırılıb.
Bundan əlavə, instalyasiyada musiqişünas-publisist Raya Abbasovanın Tahir Salahova həsr etdiyi “Dialoq” kitabı da yer alıb. Bu kitabdan seçilmiş parçalar neyron şəbəkə tərəfindən səsləndirilir.
Rəssamın həyatından bəhs edəcək “Taira-108” robotu sərginin ziyarətçiləri ilə ünsiyyət quracaq.
Azərbaycan Xalq rəssamı Tahir Salahov 2021-ci il mayın 21-də 92 yaşında Almaniyada vəfat edib.
Rəssam I Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir Salahov 1928-ci ildə Bakıda doğulub.