Mişustinin Bakı səfəri: Rusiya ilə ikitərəfli sazişlər imzalanıb

Foto: Nazirlər Kabineti

Əli Əsədov: “Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşıdır”

Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya regionlararası forumu keçirilib.

Tədbirdə Bakıya ilk dəfə səfər edən Rusiyanın Baş naziri Mixail Mişustin də iştirak edib.

Mixail Mişustinin azərbaycanlı həmkarı Əli Əsədovla görüşündən sonra bir sıra ikitərəfli sazişlər imzalanıb.

Xəbəri Nazirlər Kabineti yayıb.

Rəsmi mənbələrin məlumatına görə, hökumətlərarası sazişlər cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına, fiziki şəxslər tərəfindən nağd pul vəsaitlərinin transsərhəd daşınması zamanı terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığını, sərhədyanı ərazilərdə vəba üzrə epidemioloji rifahın təmin edilməsini, beynəlxalq tibb-sanitariya qaydalarının tətbiqini əhatə edib.

Həmçinin iki ölkə arasında dövlət sərhədindən buraxılış məntəqələrinin əlaqələndirilmiş inkişafı, nəqliyyat sahəsində kadrların hazırlanması və yenidən hazırlığı sahəsində əməkdaşlığın inkişafı və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycanın Baş naziri Əli Əsədov tədbirdə deyib ki, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşıdır.

Bu ilin 10 ayı ərzində qarşılıqlı ticarət 20 faizdən çox artaraq 3 milyard dollara yaxın olub: “Göstərilən müddətdə Azərbaycan və Rusiya arasında yük daşımalarının ümumi həcmi təxminən 22 faiz artıb. Rusiya yüklərinin Azərbaycan ərazisindən tranzit daşınması xeyli artıb. İlin əvvəlindən 98 faiz artım qeydə alınıb”.

M.Mişustin isə vurğulayıb ki, Azərbaycanda Rusiya kapitallı 900-dən çox birgə müəssisə fəaliyyət göstərir: “Bunlardan təxminən 300-ü 100 faiz Rusiya kapitallıdır. Müvafiq olaraq, Azərbaycan biznesi də Rusiyada öz iştirakını artırır”.

“Biz Avrasiyanın mərkəzində və Xəzər regionunda Rusiya və Azərbaycanın əlverişli coğrafi mövqeyindən tam istifadə etməli, nəqliyyat və tranzit potensialını fəal şəkildə inkişaf etdirməliyik. Bu, ilk növbədə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu, avtomobil, dəniz infrastrukturunun yaradılmasıdır. O, Rusiyanı, Azərbaycanı Fars körfəzi ölkələri, Hindistan, Çin, Afrika dövlətləri, Asiya-Sakit okean regionu ilə birləşdirəcək”, – deyə Mişustin əlavə edib.

Noyabrın 18-də isə Azərbaycan Prezidenti İlham Əliyevin Mixail Mişustinlə geniş tərkibdə və təkbətək görüşü olub.

Ana səhifəİqtisadiyyatMişustinin Bakı səfəri: Rusiya ilə ikitərəfli sazişlər imzalanıb