Milli Məclis şəhidləri yad edib

Oqtay Əsədov: ”Azərbaycan status-kvonun qalmasına razı deyil”

Source:


Oqtay Əsədov: ”Azərbaycan status-kvonun qalmasına razı deyil”

Aprelin 5-də Milli Məclisin növbəti plenar iclası başlayıb. İclasın gündəliyinə 21 məsələnin müzakirəsi daxil edilib.

İclasda son günlər cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra spiker Oqtay Əsədov bildirib ki, Azərbaycanın hər dəfə yüksək nailiyyəti olanda Ermənistan tərəfdən təxribatlarla qarşılaşırıq: “Hər dəfə atəşkəsi Ermənistan ordusu pozurdu və bizim ordu cavab atəşi ilə onları susdururdu. Son vaxtlar ermənilər mərmilərdən atəş açmağa başladılar. Azərbaycanın da artıq səbri çatmadı. Bildiyiniz kimi, aprelin 1-dən 2-nə keçən gecə ermənilərin təxribatına cavab verərək güclü əməliyyat apardı. Gərginlik bu gün də davam edir. Azərbaycan yüksəkilikləri aldıqdan sonra müvəqqəti olaraq atəşkəs rejimi elan edərək məsələnin öz həllini tapmasını istəsə də, Ermənistan tərəfi buna razı olmadı. Yenə də öz hücumlarını davam etdirdi. Ona görə də Azərbaycan XİN bəyanat yaydı ki, erməni qoşunları Dağlıq Qarabağdan çıxarılandan sonra biz hansısa danışıqlara gedə bilərik. Azərbaycan öz torpağında vuruşur”.

O əlavə edib ki, Azərbaycan status-kvonun qalmasına razı deyil: “Azərbaycan əlindən gələni edəcək ki, Dağlıq Qarabağın azad olunması istiqamətində nəhayət ki, bir hərəkət başlansın. Beynəlxalq təşkilatlara artıq bir inam yoxdur. Yəqin ki, Azərbaycanın qoyduğu şərtlər yerinə yetiriləcək, əks halda, məsələnin sonrakı aqibətini gələcək göstərəcək”.

Toplantıda deputatlar İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsini dinləyəcək.

Daha sonra “Antiinhisar fəaliyyəti haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara, eləcə də Cinayət, Torpaq və Mülki, İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Bundan başqa, iclasda “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında qanun layihəsinə dəyişiklik edilməsinə baxılacaq.

Ana səhifəAnalitikaMilli Məclis şəhidləri yad edib