Milli Məclis Vəkillər Kollegiyasının sədrinə «üçüncü şans» verməyə hazırlaşır

Milli Məclis. Foto: “meclis.gov.az”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 16-da keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirəyə çıxarılan qanun layihəsində bir sıra məsələlərlə yanaşı Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin iki dəfədən artıq təkrarən seçilə bilmək məhdudiyyətinin aradan götürülməsi nəzərdə tutulur.

Komitə qanun layihəsini səsə qoyaraq Milli Məclisin plenar iclasına tövsiyə edib.

Sədrin iki dəfədən artıq təkrarən seçilə bilmək məhdudiyyətinin aradan götürülməsindən faydalanacaq şəxs Vəkillər Kollegiyasının hazırkı sədri Anar Bağırovdur. Anar Bağırov 2017-ci ildə 5 il müddətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilib.

Daha sonra 2022-ci ildə o, ikinci dəfə Vəkillər Kollegiyasının yenidən sədri seçilib.

Hazırda qüvvədə olan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 11.II maddəsinə əsasən Anar Bağırov 2027-ci ildə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrliyi üçün namizəd ola bilməz.

Amma Milli Məclis bu dəyişikliyi qanun kimi qəbul edərsə, onda Anar Bağırov 2027-ci ildə yenidən namizəd ola bilər.

Vəkillər Kollegiyasının sədrliyinə iki dəfədən artıq seçilə bilmək məhdudiyyətinin ləğv edilməsi vəkillik peşəsinin müstəqilliyinə dair beynəlxalq standartlara uyğundurmu?

Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Amerika Vəkillər Kollegiyası (ABA) və Beynəlxalq Vəkillər Kollegiyası (IBA) vəkillik peşəsinin müstəqilliyi üçün standartları müəyyən edərkən özünüidarəni, azad seçkiləri və kənar müdaxilələrdən azadlığı vurğulayır. Lakin vəkillərin peşə qurumunun sədrliyi üçün müddət məhdudiyyətini aydın bariz şəkildə müəyyənləşdirmir. CCBE-nin Əsas Prinsiplər və Davranış Kodeksi haqqında Nizamnaməsi, ABA-nın Peşə Davranışının Model Qaydaları və ABB-nin Müstəqillik Standartları (1990) və Beynəlxalq Prinsiplər (2011) vəkillər kollegiyalarının kənar nəzarət olmadan peşəkar dürüstlüyünü qorumasını təmin etmək üçün demokratik prosesin təminatı və peşə qurumunun avtonomiyası prinsiplərini əsas götürür.

Sədrlik üçün seçilmə məhdudiyyəti birbaşa tələb olunmasa da, belə məhdudiyyətin mövcudluğu vəkillərin peşə qurumunda güc konsentrasiyasının qarşısının alınması və ya peşə təşkilatının xarici qüvvələrin (o cümlədən hökumətin) təsir dairəsinə düşməsinin qarşısını almağa xidmət edə bilər. Sədrliyə qoyulan seçilmə məhdudiyyəti həmçinin CCBE və ABB-nin vurğuladığı kimi, müntəzəm seçkilərin keçirilməsini tələb etməklə və rəhbərliyin üzvlərin iradəsini əks etdirməsini təmin etməklə demokratik hesabatlılığı təşviq edir. Sədr seçilməyə qoyulan məhdudiyyət CCBE və ABA yuxarıda qeyd edilən vəkillərin peşə qurumunun avtonomiyasının təmin edilməsi prinsiplərinə dolayı olaraq uyğundur. Amerika Vəkillər Kollegiyası öz rəhbərliyi üçün bir illik prezidentlik müddət məhdudiyyəti nəzərdə tutur. İngiltərə və Uelsin Vəkillər Şurası kimi bir çox Vəkillər Kollegiyası könüllü olaraq müddət məhdudiyyətləri müəyyən ediblər. Bir çox Avropa ölkələrinin Vəkillər Kollegiyaları sədrlik üçün daha qısa müddətlər və iki və ya üç dəfədən artıq seçilməmə məhdudiyyətləri müəyyənləşdiriblər (Fransa, Almaniya, İtaliya, İspaniya).

Beləliklə, müddət məhdudiyyətləri CCBE, ABA və ya IBA çərçivə sənədlərinə əsasən peşə müstəqilliyi üçün sədrin seçilməsinə məhdudiyyət qoyulması birbaşa müəyyən edilməsə də, belə tələblər hesabatlılığı artırmaq, peşə qurumu daxilində güc konsentrasiyasının qarşısını almaq və rəhbərliyin yenilənməsini təşviq etməklə dolayı yolla vəkillik peşəsinin muxtariyyəti gücləndirən geniş yayılmış yaxşı idarəetmə təcrübəsidir.

Ana səhifəAnalitikaMilli Məclis Vəkillər Kollegiyasının sədrinə «üçüncü şans» verməyə hazırlaşır