Milli dərd və ya sizə futbol oynamağı kim öyrədib?

” Lüksemburq yığması güclüdeyildi, müstəsna hazırlığı ilə fərqlənmirdi, elə də yüksək qələbə əzmi nümayiş etdirmirdi”

Source: Specify Source


“Bu, futbol deyildi, insanların milli qüruruna, futbol sevgisinə həqarət idi”

Futbol üzrə Azərbaycan milli komandası sentyabrın 5-də UEFA Millətlər Liqasının ilk turu çərçivəsində Bakıda Lüksemburq yığmasını qəbul etdi. Bu oyunu azərbaycanlı futbolsevərlər üçün xüsusi edən bir məqam var idi. Ki, bu da yeni baş məşqçinin – italiyalı Canni De Byazinin Azərbaycan millisi ilə ilk matçına çıxması idi. Avropa çempionatının son seçmə mərhələsini biabırçılıqla – qrupda cəmi 1 xal qazanmaqla başa vuran milli komanda daha bir rüsvayçılığa sentyabrın 5-i gecəsi imza atdı.


Sizə futbol oynamağı kim öyrədib?

Yəqin həmin gecə Azərbaycan millisinin oyununu izləyən çox adamın düşüncələrinə bu sual hakim kəsildi: Sizə futbol oynamağı kim öyrədib? Yox, məsələ təkcə futboluna görə Avropada ciddi komandalardan sayılmayan Lüksemburq yığmasına Azərbaycanın paytaxtında 1:2 hesabı ilə uduzmaq deyil. Hərçənd, iki ölkənin futbol tarixini tərəzinin iki gözünə qoysan, 1:2 hesablı məğlubiyyət də biabırçılıqdır. Ancaq bundan daha biabırçı olan Azərbaycan millisinin meydanda göstərdiyi, ya da göstərmədiyi oyun idi. Hər il Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” klubunun milli komanadaya “ezam etdiyi” Mahir Emrelinin qırmızı vərəqə aldığı 26-cı dəqiqəyə kimi də lüksemburqlular Azərbaycan millisini topla döyürdülər, ondan sonra da döyməyə davam etdilər. Avrokuboklarda “Qarabağ”la saysız-hesabsız oyun keçirən Mahirin qırmızı vərəqə aldığı epizod isə peşəkar futbolçuya yaraşan bir şey deyildi. Sonra deyirlər ki, niyə azərbaycanlı futbolçular gürcülər, ermənilər kimi Avropa klublarında forma geyinmir? Bu cür intizamsız, meydanda özünə nəzarət edə bilməyən futbolçu kimin nəyinə lazımdır? Avropalılar çörəyi qulağının dibinə yemir…

Sentyabrın 5-ci gecəsi yüz minlərlə azərbaycanlı futbol azarkeşi və milli komandanın yeni baş məşqçisi Canni De Byazi bəzi sualların cavablarını özləri üçün konkretləşdirdilər, yəqin ki, konkretləşdirdilər. Lüksemburla görüşü izləyənlər anladılar ki, bu futbolçularla, bu cür milli komanda ilə Biləcəridən o tərəfə çıxmaq olmaz. Bir vaxtlar baş məşqçi kimliyi ilə Albaniya milli komandasını Avropa çempionatının final mərhələsinə daşımış Canni De Byazi isə yəqin hara gəldiyini anladı. Bura nə İtaliyadır, nə Albaniya, sinyor De Byazi. Burda bığlı-saqqallı, 20 ildir futbol oynayan kişilərə futbol oynamağı yenidən öyrətmək lazımdır. Siz bunu bacararsız?

image_from_ios (2).jpg
Canni De Byazi


AFFA susur

Milli komandanın bütün rüsvayçı nəticələrinə, sərgilədiyi oyuna birbaşa cavabdeh olan qurum – Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) isə susur. Həmişəki kimi. Nə istefa vermək fikrində olan var, nə də üzr istəyən. Sanki elə belə də olmalıdır. Sanki Azərbaycan millisi Bakıda Avropa futbolunda cırtdanlardan hesab olunan Lüksemburqa yox, Braziliya yığmasına uduzub. Sosial şəbəkədə isə AFFA rəhbərliyinin – xüsusilə, federasiyanın prezidenti Rövnəq Abdullayevin və vitse-prezidentin Elxan Məmmədovun istefasını tələb edənlərin sayı bir qədər də artdı. Hətta ölkə prezidentinə müraciət edib, Azərbaycan futbolunu Rövnəq Abdullayevlə Elxan Məmmədovun nəzarətindən almasını xahiş etmək fikrinə düşənlər də oldu. Amma hər oyunda Azərbaycan milli komandasının qapısına girən topların, o qollardan sonra başına-gözünə döyən azarkeşlərin səsi “yuxarılar”ın qulağına çatırmı? Bax, məsələ budur.

foto AFFA
AFFA


“Futbolumuz ümidsiz aqoniya dövrünü yaşayır, artıq üfüqdə də parıltı görünmür”

Tovuzun “Turan” klubunun keçmiş icraçı direktoru, vaxtı ilə AFFA İcraiyyə Komitəsinin üzvü olmuş Yaşar Sultanov Azərbaycan millisinin Lüksemburq yığması ilə oyunda mübarizə aparmadığını düşünür. Sultanovun fikrincə, azərbaycanlı futbolçuların oyunu futbol sevgisinə təhqirdir:

“Çox uduzan komandaları ayaq üstə, alqışlarla yola salınan görmüşük, çox komandaların oyunçularını uduzulan oyundan cəngavər obrazında çıxdıqlarını görmüşük. Təbii haldır, rəqib güclü olarsa, fiziki-texniki-taktiki hazırlığı daha mükəmməl olarsa, döyüş ruhu və qələbə əzmi daha yüksək olarsa, məğlubiyyət qaçılmazdır. Lüksemburq yığması güclü deyildi, müstəsna hazırlığı ilə fərqlənmirdi, elə də yüksək qələbə əzmi nümayiş etdirmirdi. Əbəs yerə onların baş məşqçisi də oyundan əvvəl Azərbaycanı oyunun favoriti hesab etmirdi. Sadəcə, bizim milli komandamız meydana sanki antifutbolun bütün elementlərinin təqdimatına çıxmışdı. Etiraf edək, bu, onlarda çox yüksək səviyyədə alındı – sıfır əzmkarlıq, müti müqavimət, yersiz qırmızı vərəqə, istehza doğuran avtoqol, anlaşılmaz səbəbdən penalti, hırıltı ilə qəbul edilən məğlubiyyət! Bu, futbol deyildi, insanların milli qüruruna, futbol sevgisinə həqarət idi. Bu özbaşınalıq ruhunu, total saymazlığı kimdən almışlar və ya kimdən öyrənmişlər? Boş tribunalar qarşısında oynayanda, bəlkə də, elə düşünürlər ki, bunları görən yoxdur, yoxsa dəvəquşu sindromu yaranır bunlarda? Futbolumuz ümidsiz aqoniya dövrünü yaşayır, artıq üfüqdə də parıltı görünmür. Bu gün ölkəmizin futbol müstəvisində Çernışevskisayağı bircə sual durur: “Nə etməli?" Çox geniş polemika doğuran sualdır. Cavablar, müzakirələr və nəticələr ciddi olmasa, fəlakət qaçılmazdır!”

image_from_ios (4).jpg
Yaşar Sultanov
image_from_ios (1).jpg
Azərbaycan-Lüksemburq oyunu
Ana səhifəAnalitikaMilli dərd və ya sizə futbol oynamağı kim öyrədib?