Mikayıl Müşfiqin büstünə görə 3 nəfər cəzalandırıldı

“Azəravtoyol” ictimaiyyətdən üzr istədi

Source:
Mikayıl Müşfiq heykəl – Foto: Sosial Şəbəkə
Mikayıl Müşfiq heykəl – Foto: Sosial Şəbəkə
Mikayıl Müşfiq heykəl – Foto: Sosial Şəbəkə
Mikayıl Müşfiq heykəl – Foto: Sosial Şəbəkə



“Azəravtoyol” ictimaiyyətdən üzr istədi

Şair Mikayıl Müşfiqin büstünü çıxaran şəxslər cəzalandırılıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “BakiPost.az”-a verilən məlumata görə, İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraçısı “Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb:

“Bununla da öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb.

Həmçinin müəyyən edilib ki, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru üzərlərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Bu səbəbdən MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib”.

“Azəravtoyol” ASC şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı vaxtında ictimaiyyətə və KİV-ə məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyir.

Fevralın 27-dəMikayıl Müşfiqin büstünün İnşaatçılar prospekti, “Statistika dairəsi” adlanan ərazidəki parkdan götürüldüyü məlum oldu. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Layihə İdarətmə Qrupunun rəhbəri Valeh İbrahimov buna səbəb kimi ərazidə yolun genişdirilməsini göstərdi. İş bitəndən sonra heykəlin yerinə qoyulacağını bildirdi.

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva repressiya şairinin abidəsinin sökülməyinə etiraz edib. O, bu hərəkəti vandalizm, barbarlıq və şairin xatirəsinə təhqir hesab edir. Nərgiz Paşayeva dövlət orqanlarının məsələyə təcili müdaxiləsini və günahkarların cəzalandırılmasını tələb edib.

Mədəniyyət Nazirliyi isə açıqlama yayaraq bildirdi ki, şirkət şairin abidəsinin götürülməsi ilə bağlı onların razılığını almayıb.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İlham Əliyevin məsələyə sərt reaksiya verdiyini deyib:

“Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir. Belə əməlləri törədənlər ciddi şəkildə cəzalanacaqlar”.

Heykəlin müəllifi Azərbaycan Respublikasının əməkdar rəssamı, heykəltəraş Münəvvər Rzayevadır. Heykəl 1970-ci ildə qırmızı qranitdən hazırlanıb.

Ana səhifəXəbərlərMikayıl Müşfiqin büstünə görə 3 nəfər cəzalandırıldı