“Meydan TV işi” üzrə həbs edilmiş jurnalistlər onlara qarşı olan pis rəftardan şikayətləniblər

Photo: Meydan TV

Aynur Elgünəş, Aytac Tapdıq və Natiq Cavadlının həbsdə saxlanma müddəti artırılıb

Aprelin 2-də Xətai Rayon Məhkəməsində keçirilən prosesdə “Meydan TV işi” üzrə həbs edilmiş jurnalistlər – Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova) və Natiq Cavadlının istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb.

Məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.

“Meydan TV”nin baş redaktoru Aynur Qənbərova (Elgünəş), həmçinin saytın jurnalisti Natiq Cavadlı pis rəftardan şikayət ediblər.

Jurnalistlər bildiriblər ki, ötən gün keçirilən proses üçün səhər saat 8-dən Bakı İstintaq Təcridxanasından Xətai Rayon Məhkəməsinin binasına gətirilsələr də, axşam saatlarınadək ac-susuz saxlanılıblar. Onların haqqında həbs qətimkan tədbirinin uzadılması üçün müstəntiqin vəsatəti və prokurorun təqdimatına günortadan sonra baxılıb. Cavadlı əlavə edib ki, bu müddətdə hətta əllərindəki qandalı da açmayıblar. Bunun işgəncə olduğunu vurğulayan jurnalist hakim Rəfael Sadıxovdan işgəncə faktını araşdırmasını, prokurorluğa sorğu göndərməsini istəyib.

Keçirilən məhkəmə prosesində istər jurnalistlər, istərsə vəkilləri həbs-qətimkan tədbirinin uzadılmasına verilmiş təqdimatın əsassız olduğunu vurğulayaraq onun təmin olunmamasını tələb ediblər. Jurnalistlər qaçaqmalçılıq ittihamını böhtan sayaraq hakimiyyətin korrupsiyasını ifşa edən fəaliyyətinə görə MeydanTV-nin cəzalandırıldığını söyləyiblər.

Hər üç jurnalistin haqqında həbs-qətimkan tədbirinin müddəti iyulun əvvəlinədək uzadılıb.

Qərar jurnalistlər azadlıqda qalarsa, istintaq prosesinin gedişinə təsir göstərə biləcəyi ilə əsaslandırılıb.

Jurnalistlərin vəkilləri bu qərarlardan apellyasiya şikayəti verəcəklər.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi martın 1-də istintaq dövrü üçün jurnalistin 1 ay 9 gün müddətinə həbs olunması qərarını çıxarıb.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.

Ana səhifəMeydan TV işi“Meydan TV işi” üzrə həbs edilmiş jurnalistlər onlara qarşı olan pis rəftardan şikayətləniblər