“Meydan TV işi” üzrə günahlandırılan jurnalistlər həbsdə qaldı

Foto: arxiv

Məhkəmələr Aytac Tapdıq, Fatimə Mövlamlı və Nurlan Librenin vəsatətlərini təmin etməyib

Bu gün Xətai Rayon Məhkəməsində keçirilən prosesdə “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın (Əhmədova) həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı şikayətinə baxılıb.

Aytac Tapdıq
Aytac Tapdıq

Bu barədə jurnalistin vəkili Cavad Cavadov məlumat verib.

“Bu yaxınlarda Milli Məclisdə həbsdə olan qadın jurnalistlərin “8 mart” Beynəlxalq Qadınlar Günü ilə ilə əlaqədar azad olunması ilə bağlı fikirlər səsləndirilmişdi. Bizim də buna görə müəyyən bir gümanımız var idi. Vəsatət verdik, düşündük ki, bəlkə məhkəmə təmin edə. Amma təəssüflər olsun ki, yanıldıq”- vəkil belə deyib.

Jurnalist özü də məhkəmə prosesində iştirak edib, vəsatəti müdafiə edib və bütün ittihamları rədd edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Cavad Cavadov deyib ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək.

Bu gün, martın 6-da Bakı Apellyasiya Məhkəməsində jurnalist “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Fatimə Mövlamlı barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb.

Fatimə Mövlamlı. Foto: Meydan TV

Məhkəmə jurnalistin apellyasiya şikayətini təmin etməyib.

Martın 6-da Bakı Apellyasiya Məhkəməsində jurnalist  Nurlan Qəhrəmanlının (Libre) barəsində verilmiş həbs qətimkan tədbirindən də şikayətə baxılıb.

Nurlan Libre. Foto: Meydan TV

Məhkəmə onun da şikayətini təmin etməyib.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi martın 1-də istintaq dövrü üçün jurnalistin 1 ay 9 gün müddətinə həbs olunması qərarını çıxarıb.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.

Ana səhifəMeydan TV işi“Meydan TV işi” üzrə günahlandırılan jurnalistlər həbsdə qaldı