Aprelin 8-də ssenarist Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabının təqdimatı keçirilib. Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə hazırlanan kitab bütün kinosevərlərin qəlbinə girməyi hədəfləyir. “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış” kimi 3 hissədən ibarət kitab Azərbaycanda zəngin olmayan kino ədəbiyyatına bir qatqıdır.
Azərbaycanda bəzi mahnılar qadağan oluna bilər. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva deyib ki, internet resurslarında təbliğ olunan bəzi bayağı mahnılar Azərbaycanın böyüməkdə olan nəslinə ziyan vurur. Sözügedən siyahıda Günay İbrahimli, Pərviz Bülbülə, Üzeyir Mehdizadə, digər ifaçıların adları yer alıb.
Bu mahnıların zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən ifalar olduğu bildirilib.
Mahnılarla bağlı cərimə nəzərdə tutulmasa da, Sevinc Əliyeva deyib ki, “Bir neçə dəfə xəbərdarlıq olunduqdan sonra bu barədə addım atmaq olar. Hesab edirəm, bu xəbərdarlıqlar həmin ifaçıların efirlərə, radiolara ayaq açmasının qarşısını alacaq”.
Dövlət Dil Komissiyasının bu təklifinə bəzi sənətçilərdən etirazlar gəlib. Siyahıda yer alan Günay İbrahimli Konstitusiyanın 51-ci maddəsinə – Yaradıcılıq azadlığına istinad edərək bunları deyib.
“Bu cür mötəbər və önəmli bir qurumun qeyri-peşəkar və qeyri-ciddi əməkdaşlarının, heç bir açıqlama gətirmədən mənim ifamın və adımın o siyahıya salınmasında, ehtimal edirəm ki, qərəz var. Narkotiki, pis əməlləri, cinayəti, özünə qəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla mənim adımın bir siyahıda olmasını mənə və yaradıcılığıma qarşı aparılan çirkin təbliğat hesab edirəm. Kimisə təftiş edərkən ədalət əsas meyar olmalıdır. Bu siyahıda sırf mənim adımın və ifamın olmasını əsla qəbul etmirəm”. Günay deyib.
Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunub. Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb.
Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Xalq artistidir. Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. O həmçinin Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası kimi məşhur səhnələrdə çıxış edib.
Bildirək ki, teatrın direktoru Akif Məlikovun əmək müqaviləsinə yaşla əlaqədar xitam verildiyi deyilir.
İyunun 22-də Parisdə dünyaşöhrətli fransız aktyoru Alen Delona məxsus incəsənət əsərlərindən ibarət kolleksiya hərraca çıxarılacaq. XIX əsr fransız rəssamları olan Delakrua, Koro, Millet və digər başqa rəssamların rəsm əsərləri, həmçinin heykəltaraşlıq nümunələri də daxil olmaqla 80-dən çox sənət əsərinin yer aldığı kolleksiyanın dəyəri 4-5 milyon avro arasında qiymətləndirilir. Hərraca qədər kolleksiya Nyu-York, Honq-Konq, Cenevrə, London və Parisdəki sərgilərdə növbə ilə nümayiş olunacaq.
A.Delonun dediyinə görə, o, bu rəsm kolleksiyasını təxminən 60 il ərzində toplayıb. 87 yaşlı aktyor deyir: “İlk əsəri 1964-cü ildə Londonda almışam. Bu illər ərzində çoxlu rəsmlər, heykəllər, müxtəlif incəsənət nümunələri əldə etmişəm. Onlar uzun illər mənim həyatımın bir parçası olublar. Bütün həyatım boyu kolleksiya toplamaqla məşğul olmuşam, həmçinin çoxlu hədiyyələr almışam. İndi yaş və fiziki vəziyyəti nəzərə alsaq, yığılan bu qədər kolleksiya nümunələri mənə böyük bir dağ kimi görünür. Düşünürəm ki, bunları satıb övladlarıma pul qoymaq ən yaxşı qərardır”.
2016-cı ildə o, şərab, saat və silah kolleksiyalarının bir qismini də satıb.