Günlərin birində bir azərbaycanlı və bir iranlı gəncin İstanbulda yolları kəsişir. Təhsil üçün böyük şəhərə üz tutan gənclər dənizin romantikasına qapılıb, birlikdə musiqi qrupu yaradırlar. Özlərini heç bir yerə aid hiss etməyən musiqiçilər qruplarını da “No land” adlandırırlar. 10 ildir fəalliyyət göstərən bu qrup Azərbaycanda ikinci dəfədir ki, Heydər Əliyev adına sarayda səhnə alır.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “AZƏRBAYCANFİLM – 100” adlı ssenari müsabiqəsi elan edir. Müsabiqə “Qarabağ” mövzusunda keçirilir. Ssenari yazmaq üçün 1 ay vaxt verilib. Sənədlərin qəbulu 1 iyun – 30 iyun 2022-ci il tarixlərində elektron şəkildə aparılır. Qaliblərə 10.000, 8.000 və 5.000 manat məbləğində mükafat veriləcək. Onların adları isə avqustun 2-də Azərbaycan kinosu günündə elan olunacaq.
Dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı pozuntular aşkarlanıb. Bunu Hesablamalar Palatasının audit nəticələri ortalığa çıxarıb. Sənəddə yazılıb ki, qaydalarda nəzərdə tutulmayan yaradıcı hallar üzrə qonorar ödənişlərinə yer verilib. Dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyən olunmaması, bəzi normativ sənədlərin çatışmazlığı, filmlərin çəkilişi ilə bağlı ayrılmış vəsaitlər üzərində hesabatlılığın olmaması bu vəsaitlərin studiyalar tərəfindən təyinatının dəyişdirilməsinə səbəb olmuşdur.
İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsinin qalibi olan Ukrayna təmsilçisi “Kaluş” qrupu qazandığı kuboku hərraca çıxarır.
Avroviziya tarixində ilk dəfədir ki, kubok satışa çıxarılır.
Əldə edilən vəsait Ukrayna Silahlı Qüvvələrinə yardıma yönəldiləcək.
“Kaluş” qrupu mayın 15-də keçirilən “Avroviziya” mahnı müsabiqəsində “Stefania” mahnısı ilə qalib gəlib.
Kann festivalında bədənini Ukrayna bayrağının rəngləri ilə boyamış qadın protesto keçirib. O, üzərinə “bizə təcavüz etməyi durdurun” yazaraq, bu sloganı səsləndirib. Etirazçı müharibədə qadınlara qarşı baş verən zorlama hallarına diqqət çəkib.
Ukrayna kinorejissorlarının bir neçə filminin nümayiş olunduğu bu ilki Kann festivalında Rusiyanın Ukraynadakı törətdiyi müharibəsi tez-tez diqqət mərkəzində olub.