25 noyabrda açılışı baş tutan II “4.4 Qısa Tamaşalar Festivalı”nın qalibləri bəlli olub. Festivalda birinci yerə Pantomima Teatrının “Şinel”, ikinci yerə Gənc Tamaşaçılar Teatrının “İnanıram”, üçüncü yerə isə Səhnə teatrının “Qurd əfsanəsi” monotamaşası layiq görülüb. Bayram ab-havası ilə keçirilən festivaldakı tamaşaların 6-sı Bakıda, 4-ü rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşüb. Builki festival Şuşa ilinə həsr olunub. Ancaq tamaşalara mövzu və janr məhdudiyyəti qoyulmayıb. Həmçinin qaliblər pul mükafatları ilə təltif olunub.
“Çırpınırdı Qara dəniz” bəstəsi Rəcəb Tayyib Ərdoğanın seçki mahnısı olub. Müğənni Azərinin səsləndirdiyi ifanın sözləri dəyişdirilərək “Səndən vaz keçə bilmərik” adlandırılıb. Gələn il Türkiyədə keçiriləcək prezident seçkilərinə hazırlaşan Ərdoğanın partiyasının əyalət başqanı “Bu mahnı millətin liderinə olan sevdasının adıdır” yazaraq klipi sosial media üzərindən paylaşıb.
Xatırladaq ki, “Çırpınırdı Qara dəniz” əsərini bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad ərsəyə gətirib.
Xalq artisti Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib. Bu barədə sənətçinin qızı Həcər İsrafilova məlumat verib. O, Xalq artistinin reanimasiyada olduğunu deyib. Həcər İsrafilova deyir ki, xəstəliyinin tam olaraq nə olduğu haqqında məlumata sahib deyil.
Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın həyatından bəhs edən sənədli filmin fraqmenti yayımlanıb. Yaxında Netflixdə yayımlanacaq filmin rejissoru iki dəfə Akademiya Mükafatına namizəd olmuş Emmy mükafatlı rejissor Liz Qarbusdur.
Altı bölümlük layihədə cütlüyün tanışlığından tutmuş kraliyyətdəki vəzifələrindən imtina etdikləri dövrə qədər yaşadıqları əks olunub. Şahzadə Harri, “Heç kim bağlı qapılar arxasında baş verənləri görmür” deyib. Həmçinin Şahzadə Harri, serialın tizer ssenarisində “Ailəmi qorumaq üçün əlimdən gələni etməli oldum” dedi.
Türkiyə əleyhinə məqamların yer aldığı deyilən “Odda-İki bacı” filminin Bakıda nümayişi baş tutmayacaq. Sujet xətttinə görə, “Odda-İki bacı” filmini Azərbaycan kinoteatrları yayımlamaqdan imtina edib.Almaniyanın Azərbaycandakı səfirliyi və Avropa İttifaqının nümayəndəliyinin filmin nümayişi ilə bağlı təşəbbüsü etirazla qarşılandığından geri addım atılıb.
“Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Filmdə uzun illərdir, bir birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edir. Almaniyada insanların təxminən dörddə biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var. Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı”, deyə səfirlik bildirib.
Film kürd-iraq əsilli Rojda adlı gənc qızın başına gələn hadisələrdən bəhs edir. O, Almaniya Silahlı Qüvvələrinin əsgəridir. Gənc qız itkin düşmüş bacısını tapmaq üçün təyinatını İraqa saldırır. Həmçinin bildirilir ki, filmin süjet xəttində Türkiyə hərbçiləri qəddar, “potensial düşmən” kimi göstərilib.
2022-ci il noyabrın 14-dən 25-dək Azərbaycanda XII Avropa Film Festivalı keçirilib. Festivala müxtəlif ölkələrdən olan on iki film təqdim olunub.