– Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar Cavanşir Quliyevin yaradıcılıq gecəsi keçirilib.
– Musiqili gecədə 29 yaşında repressiya qurbanı olan Mikayıl Müşfiqə həsr olunmuş “Müşfiq ağıları” adlı oratoriyanın premyerası olub. Əsər bütün haqları pozulanlara həsr olunub.
– Cavanşir Quliyev 19 ildən sonra yaşadığı Şimali Kipr Respublikasından Azərbaycana dönüb. Bəstəkar ölkəyə qayıtmasını ona olan münasibətin müsbət yöndə dəyişməsilə də əlaqələndirir.
“Son zamanlar Azərbaycanda mənə qarşı yaxşıya doğru münasibət dəyişildi. Əsərlərim çalınmağa, ifa olunmağa başladı. Televiziya kanalları məni dəvət etməyə başladılar. Hamısı illərlə qapalı idi, bilirsiniz. Mən də düşündüm ki, madam ki, əsərlərimi tamaşaçılara nümayiş etdirməyə imkan yaranıb gedim əsərlərimi ifa edim”, – bəstəkar deyir.
– Mədəniyyət naziri Anar Kərimov musiqi məktəblərində korrupsiya hallarının olduğunu deyib. O deyib ki, musiqi məktəblərində nəzarət sisteminin olmaması, “ölü canlar”, və digər bu kimi pozuntular məktəblərin fəaliyyətinə mənfi təsir göstərir. Nazir həmçinin bildirib ki, 210 uşaq musiqi və incəsənət məktəblərində müəllim və şagirdlərin davamiyyətinə nəzarət etmək məqsədilə barmaq izlərini oxuyan xüsusi cihazlar quraşdırılıb.
– Bu üsulla tədris aparılmadığı təqdirdə maaş verilməsi hallarının qarşısı alınacaq.
– Azərbaycan Yazıçılar Birliyi qurultaya hazırlaşır. Belə ki, Mədəniyyət Nazirliyi Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün 203,6 min manat vəsait ayırıb. Birliyin XIII Qurultayı oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Qurultayda sədr seçkisi yolu ilə növbəti 5 ildə birliyin sədrinin kim olacağı müəyyən edilir. 35 ildir ki, bu ad dəyişmir. Yazıçı Anar Rzayev bu il də namizədliyini irəli sürüb.
– İqlim dəyişikliyi fəalları London Milli Qalereyasında Vinsent van Qoqun məşhur “Günəbaxanlar” tablosunun üzərinə pomidor şorbası ataraq çərçivəyə kiçik ziyan vurublar. Məşhur tablonun təxmini dəyəri 82 milyon dollardır. Fəallar deyir ki, “Daha dəyərli nədir, sənət, yoxsa həyat? Sizi daha çox bir rəsm əsərinin qorunması narahat edir, yoxsa planetimizin və insanların qorunması? Bu qalereyada insan yaradıcılığı və dahiliyi nümayiş etdirilir, lakin hökumətimizin iqlim və yaşayış böhranı ilə bağlı fəaliyyət göstərməməsi ilə irsimiz məhv edilir”.