Vüqar Səfərli

Mənbə: Azərtac

Başlıq: Vüqar Səfərli

Mətbuata ayrılan pulların yeyintisinə görə restoran rəhbərləri də məsuliyyətə cəlb olunub

Vüqar Səfərli və digərlərinin məhkəməsi başladı

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli və onunla birlikdə mühakimə olunacaq daha 10 nəfər məhkəmə qarşısına çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır.

Təqsirləndirilən 11 nəfərdən yalnız Vüqar Səfərli və Bibiheybət qəsəbəsində jurnalistlər üçün binanı inşa etmiş "Portos" MMC-nin rəhbəri Nadir Məmmədov həbsdədir. "Jurnalist evi" MMC-nin direktoru, jurnalist binalarının keçmiş komendantı Bünyamin İsmayılov, Fondun keçmiş mühasibi Təhminə Yaqubova, "Altun" restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, "Xəmsə" restoranının icarədarı olmuş Bəxtiyar Fətullayev və Valeh Orucov, eləcə də digər təqsirləndirilən şəxslər haqqında istintaq dövründə həbslə bağlı olmayan növdə qətimkan tədbiri seçilib. Məhkəmə dövründə də bu qətimkan tədbirinin davam edib-etməyəcəyinə hazırlıq iclasının yekununda qərar veriləcək.

İyulun 23-də hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Bu zaman məlum olub ki, bir sıra təqsirləndirilənlərə, o cümlədən Vüqar Səfərliyə dövlət hesabına vəkil təyin edilib. Lakin o, həmin vəkilin xidmətindən imtina edib. O bildirib ki, öz vəkili var.

Restoranların icarədarları və vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsinə gəlincə, onlar KİVDF rəhbərliyi ilə əlbir olub, orada keçirilən tədbirlər zamanı qiymətlərin şişirdilməsi yoluyla mənimsəmələrdə ittiham olunur.

Məhkəmədə zərərçəkmiş qismində 2021-ci ilin yanvarında Fondun ləğvindən sonra onun bazasında yaradılmış Medianın İnkişaf Agentliyinin nümayəndəsi Abbas Quliyev iştirak edib.

Təqsirləndirilən şəxslərdən Şahin İbrahimovun vəkili prosesdə iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası iyulun 30-na qədər təxirə salınıb.

Vüqar Səfərli dövlət satınalmalarıyla bağlı qanunvericiliyin tələblərinin pozulması, özünə yaxın şirkətlərin tenderlərdə qalib elan edilməsi, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, media işçiləri üçün binaların tikintisi və təmiri zamanı 18 milyon 500 min manatlıq yeyinti, həmçinin cinayət yoluyla əldə əldə edilmiş 5 milyon 700 min manat vəsaitinin leqallaşdırması kimi əməllərdə təqsirləndirilir.

Vüqar Səfərli və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə ittiham irəli sürülüb.

62 yaşlı Vüqar Səfərli 2009-cu ildə KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə bu vəzifədən azad edilib. O, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini olub. 2021-ci ildə - həbsindən sonra bu vəzifədən azad edilib.

Vüqar Səfərli həbsindən öncə verdiyi açıqlamalarda Fondda mənimsəmə hallarıyla bağlı iddiaları rədd edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2c8j3d

Ən çox baxılan