“Metallica” qrupu Türkiyə və Suriyaya 250 min dollar ianə edib

Foto: Reuters

Qrup hər iki ölkəyə ayrılıqda 125 min dollar yardım göndərib

Amerikanın “Metallica” hard-rok qrupu “Metallica All Within My Hands” (AWMH) xeyriyyə təşkilatı vasitəsilə Türkiyə və Suriyaya hər birinə 125 min dollar bağışlayıb.

Bu haqda məlumatı AWMH xeyriyyə təşkilatı yayıb.

“Metallica”nın sosial media hesablarından edilən şərhdə: “Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən dağıntıları izah edəcək söz tapa bilmirik”, – qeydi yazılıb.

Fevralın 6-da Kahramanmaraşda birincisi 7.7 bal, ikincisi 7.6 bal gücündə ard-arda iki zəlzələ baş verib.

Birinin episentiri Pazarcık, digərinin Elbistan olan zəlzələlər Hatay, Qaziantep, Osmaniye, Malatya, Adama, Diyarbakır, Şanlıurfa, Adıyaman və Kilisi sarsıdıb.

Foto: “allwithinmyhands.org”

Minlərlə ev dağılıb və dağıntılar altında insanlar qalıb.

Son məlumata görə, Türkiyədəki zəlzələ nəticəsində 36 187 nəfər ölüb.

Zəlzələ Suriyaya da təsir edib. Həyatını itirənlərin sayı 8 mini keçib.

Bir çox dünya ulduzları sosial şəbəkələrdə abunəçilərinə Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində zərərçəkənlərə ianə köçürməyə və ya yardım göndərməyə təşviq ediblər.

Onların arasında aktyor Antonio Banderas, müğənni Enrike İqlesias, müğənni və aktrisa Cennifer Lopez, model Kendall Cenner, musiqiçi Mark Eliyahu, aktrisa Priyanka Çopra, aktrisa və teleaparıcı Ellen Dedceneres, müğənni Dua Lipa, modellər Bella Hadid, Cici Hadid, Madonna və digərləri var.

Ana səhifəMədəniyyət“Metallica” qrupu Türkiyə və Suriyaya 250 min dollar ianə edib