Merve Dizdar “Ən yaxşı aktrisa” nominasiyasına layiq görülüb

Foto: “medyascope.tv”

Yaradıcı heyət dəqiqələrlə ayaq üstündə alqışlanıb

Türkiyəli aktrisa Merve Dizdar Kann Film Festivalında rejissor Nuri Bilge Ceylanın “Kuru otlar üstünə” filmindəki obrazına görə “Ən yaxşı aktrisa” nominasiyasına layiq görülüb.

Aktrisa çıxışı zamanı filmdəki Nuray müəllim obrazını canlandırmaqda çox da çətinlik çəkmədiyini söyləyib:

 “Çünki yaşadığım coğrafiyada qadın olmaq, mənə Nurayların duyğusunu doğulduğum gündən əzbər bilməyi öyrədib. O, inandığı şeylər üçün mübarizə aparan və bunun üçün ağır sınaqlardan keçməyə məcbur olan qadındır. Bu mükafatı Nuray və onun kimi qadınların mübarizəsinə güc vermək, özünə layiq görülənlərə boyun əyməyən, bunun üçün mübarizə aparan və ümidini itirməyən bütün qadınlar və Türkiyədə gözəl günləri yaşamağı gözləyən mübarizə aparan ruhlara hədiyyə edirəm”.

“Quru otlar üstünə” filminin rejissoru Nuri Bilge Ceylan, ssenaristləri Ebru Ceylan və Akın Aksudur.

Filmin yaradıcı heyəti festivalda dəqiqələrlə ayaq üstündə alqışlanıb.
Türk dram filmi 2023-cü il istehsalıdır.

Filmdə baş rolları Deniz Celiloğlu, Merve Dizdar və Musab Ekici canlandırıb.

Ekran işində Şərqi Anadolunun ucqar kəndində işləyən və  İstanbula təyinat almağı ümid edən rəsm müəllimi (Deniz Celiloğlu) şagirdinə sataşmaqda ittiham olunur.

Filmin premyerası 19 may 2023-cü ildə 76-cı Kann Film Festivalının əsas müsabiqə bölməsində olub.

Kann Film Festivalı mayın 16-dan 27-dək davam edib.

Ana səhifəMədəniyyətMerve Dizdar “Ən yaxşı aktrisa” nominasiyasına layiq görülüb