Rejissor isə filmlə bağlı iddiaları qəbul etmir
Azərbaycan rejissoru Asif Rüstəmovun “Mərmər soyuğu” filmi “PÖFF Tallinn Black Nights” festivalında mükafat alıb.
Xalq artisti, kino və teatr aktyoru Qurban İsmayılov filmdəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında qalib gəlib.
Film uğursuz rəssam (Elşən Əsgərov) və sevgilisinin (Natavan Abbaslı) qarışıq münasibətlərindən bəhs edir.
Uzun sürən həbs həyatından sonra evə qayıdan ata (Qurban İsmayılov) ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışır.
Filmin festival premyerasının 2022-ci ilin ilk yarısında olması planlaşdırılsa da, proses gecikib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, rejissor filmi 2022-ci ildə keçirilən Kann Beynəlxalq Film Festivalına təqdim etsə də, idarə heyəti tərəfindən imtina cavabı alıb.
“Filmdə qadına şiddət mövzusu olduğu üçün festival rəsmiləri rejissordan “Mərmər soyuğu”nu montaj etməyi tələb ediblər. Həm də filmdə iki qadın obrazı var. Hər ikisi də mənfi təqdim olunub”, – adının çəkilməsini istəməyən məlumatlı mənbə deyib.
“Filmin Azərbaycanda nümayişinə gəlincə, mədəniyyət naziri Anar Kərimov özü filmə baxıb, mental məsələlərə görə nümayişi ertələyib”, – deyə məlumatda bildirib.
Meydan TV məsələ ilə əlaqədar filmin rejissoru Asif Rüstəmovun münasibətini öyrənməyə çalışıb.
Rejissor verilən suala qəzəblənərək, sərt cavab verib.
“Belə bir hadisə olmayıb. Hətta oxşar bir hadisə belə baş verməyib. Həqiqəti əks etdirmir, heç bir əsası yoxdur”, – rejissor deyib.
Nüfuzlu festivalda Azərbaycan filminin mükafat almasına gəlincə, rejissor bildirib ki, bu, Azərbaycan kinosunun, ümumiyyətlə, mədəniyyətinin dünyada tanınması üçün çox vacibdir:
“Qurban İsmayılovun layiq görüldüyü “Ən yaxşı aktyor” nominasiya Azərbaycan aktyor məktəbi üçün vacib bir mükafatdır. Aktyor birdən-birə təklikdə yetişmir. Tutaq ki, rejissor telefonla film çəkib, hansısa festivalda mükafat ala bilər. Yəni bu yükü bir nəfər daşıya bilər. Aktyorluq isə fərqlidir. Uzun illərin praktikası, tərəf-müqabilləri var, yəni bu, pillə-pillə inkişaf edən peşədir. Qurban İsmayılovun uğuru ondan xəbər verir ki, Azərbaycan aktyor məktəbi yaşayır, inkişaf edir. Gənc aktyorlar üçün də çox gözəl bir örnəkdir. Azərbaycanda təkcə rejossorlar yox, aktyorlar da beynəlxalq səviyyədə uğur qazana bilər. Bu, ümumilikdə Azərbaycan kinosu üçün vacib stimullardan biridir”.
Meydan TV-nin Mədəniyyət Nazirliyinə ünvanladığı sorğuya hələlik cavab verilməyib.
Kinoşünas Sevda Sultanova isə hesab edir ki, beynəlxalq festivallarda iştirak tendensiyasının milli kinoya əhəmiyyətli faydası yoxdur. Çünki nüfuzlu festivalda iştirak faktı keyfiyyətli kinosənayenin qurulmasına, filmlərin intensiv istehsalına töhfə vermir.
“Əksinə, iş o yerə çatıb ki, bu il bir tammetrajlı bədii film istehsal edilmədi, debütantlara dəstək olmadı. Üstəlik, “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qaliblərinin pulu ödənilməyib. Ona görə festival eyforiyasına çox qapılmayın”, – kinoşünas “Telegram” kanalında yazıb.
O əlavə edib ki, hansısa filmin beynəlxalq festivalda nümayişi bədii, vizual və s. keyfiyyətindən xəbər vermir: “Filmin necə olmasını yerli premyerasından sonra biləcəyik. Çünki təcrübə göstərir ki, bir filmin festivala düşməsi və hətta baş mükafat alması hələ onun keyfiyyət göstəricisi sayılmır”.
“Mərmər soyuğu” Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası, “İctimai TV” və “Arizona Productions” (Fransa) şirkətlərinin birgə istehsalıdır.
Filmin baş prodüseri Fariz Əhmədov Meydan TV-yə deyib ki, “Mərmər soyuğu”nun yerli premyerası 2023-cü ildə olacaq.