“Məqbul variant Ermənistanla Azərbaycanın ikilikdə məsələni müzakirə etməsidir”

Ondan fərqli olaraq, Moskva Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov isə qeyd edib ki, sərhədləri müəyyənləşdirməyə imkan verəcək sovet xəritəsi yoxdur.

Source: Спутник-Армения


Rusiya müzakirələrdə vasitəçi olmaq istəyir

Rusiya Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası məsələsinin müzakirəsində vasitəçi olmaq istəyir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Düşənbədə tacikistanlı həmkarı Sirociddin Muhriddinovla birgə mətbuat konfransında

bildirib.

Nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin Ermənistanın xahişi ilə Azərbaycanla sərhəddə yaranmış vəziyyəti müzakirə etdiklərini vurğulayıb:

“Bu xahiş əsasında biz Ermənistanla Azərbaycan arasında münasibətlərə dair situasiyanı da müzakirə etdik”.

Onun sözlərinə görə, tərəflərlə ilkin razılaşmaya əsasən, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası üçün yardımını təklif edib:

“Bu məqsədlə Moskva Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib, Rusiyanın komissiyanın işində vasitəçi və məsləhətçi qismində iştirak edə biləcəyini nəzərə çatdırıb”.

Siyasi icmalçı Zərdüşt Əlizadə Meydan TV-yə deyib ki, heç bir vasitəçiyə ehtiyac yoxdur:

Siyasi şərhçi Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Çünki vasitəçi həm də arbitr olur, bir tərəfin mövqeyin dəstəkləyəndə digər tərəf tək qalır. Məqbul variant Ermənistan və Azərbaycanın ikilikdə məsələni müzakirə edib, yaranan problemi aradan qaldırmasıdır”.

Ancaq konfliktoloq Fuad Şahbazov Zərdüşt Əlizadədən fərqli düşünür. Onun fikrincə, Rusiyanın vasitəçi olması prosesə legitimlik qazandırır:

“Sərhədlərin demorkasiyası keçmiş SSRİ xəritələri əsasında aparılır, Rusiyanın da belə bəyanat verməsi, əsasən də Ermənistan üçün vacibdir. Həm də legitimlik qazandırır ki, Moskva məsələnin tez həll olunmasını istəyir. Yəni Rusiyanın tərəf kimi çıxış etməsi məsələnin tez həlli ilə nəticələnə bilər”.

Z.Əlizadə sərhədlə bağlı problemin indi yaranmasını normal adlandırıb:

“Qarabağ Ermənistanın işğalında olanda, Azərbaycanla Ermənistan arasında sərhəd məsələsindən söhbət gedə bilməzdi. İndi Azərbaycan işğala son qoyub və dövlət sərhədini bərpa edir, qeyri-adi hadisə baş verməyib. Sadəcə, Ermənistanda seçki dövrü olduğundan bu barədə səslənən bəyanatlar siyasi məqsəd güdür, proses başa çatandan sonra hər şey aydın olacaq”.

Z.Əlizadə düşünür ki, sərhədin demarkasiyası SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritəsi əsasında həll oluna bilər.

O, sərhəd məsələsinin mürəkkəb olduğu qənaətindədir:

“Azərbaycan öz nöqteyi-nəzərindən deyir ki, ərazi onundur. Amma Ermənistan başqa xəritələrə istinad edərək bildirir ki, Bakının göstərdiyi xəritələr əsassızdır, ərazi onların nəzarətində qalmalıdır. Ona görə demarkasiya məsələsi qəlizdir, tərəflər bunu öz suverenliklərinə təhdid kimi görürlər. Bu prosesdə hansı tərəfin haqlı olduğunu demək çətindir, hər iki tərəfin özünün əsası var”.

F.Şahbazov isə ortaya çıxarılan sovet dövrünün xəritələrində də ciddi problemlərin olduğu qənatindədir:

_116356667_2c60123e-0041-4162-a9c1-27957f96f0d3.jpg
Fuad Şahbazov

“Çünki 70 illik ittifaq dövründə respublikaların xəritələri müxtəlif cür göstərilir. Günü bu gün də həmin respublikaların bir-birinə ərazi iddiaları var, Orta Asiya respublikalarında Qırğısıstan və Tacikistan, yaxud Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında Keşikçidağ olayı. Sovet dövründə çəkilən sərhədlər tez-tez dəyişdirildiyindən indi ortaya çıxarılan xəritələrdə ərazi vahidləri hər birində fərqli göstərilir. Ona görə danışıqlarda daha çox nə kimi güzəştlər və şərtlərin əldə olunmasından çox şey asılıdır”.

Xəritələr məsələsi xarici ekspertlər və mütəxəssislərin də müzakirə predmetinə çevrilib.

Moskva Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov qeyd edib ki, sərhədləri müəyyənləşdirməyə imkan verəcək sovet xəritəsi yoxdur.

Bu barədə Azadliq Radiosu

yazıb

.

Amma amerikalı təhlilçi Pol Qobl “Eurasiareview” portalındakə məqaləsində sovet dövrünün xəritələrində Bakının “Zəngəzur” dediyi Sunikdə Azərbaycan-Ermənistan sərhədinin haradan keçdiyinin aydın görünmədiyini vurğulayıb:

POLL.jpg
Poll Qobl

“Sovet hərbi xəritəsində bu ərazi Azərbaycana, sovet topoqrafik xəritəsində isə Ermənistana aid göstərilir. 1991-ci ildən, yəni, Sovet İttifaqı dağılandan heç bir xəritə hazırlanmayıb, Bakıyla Yerevan isə Qarabağ münaqişəsindən dolayı sərhədlərin delimitasiya və demarkasiyasını aparmayıb”.

Moskvadakı Müqəddəs Tixon Humanitar Elmlər Universitetindən coğrafiyaşünas Aleksey Gunya deyib ki, Qaragöl (ermənicə Sev liç) məsələsində Ermənistan haqlı tərəfdir, gölün böyük hissəsi onun ərazisinə düşür. Amma Aleksey Gunya iki ölkənin dəqiq sərhədlərinin müəyyənləşdirilməsinin çətinliyini də etiraf edir:

“Son müharibəyə qədər bu ərazi Azərbaycanın nəzarətində deyildi. SSRİ Baş Qərargahının 1: 1.000.000 nisbətində xəritələrinə görə, göl Azərbaycanın ərazisindədir. Ancaq 1:100.000 nisbətində sovet topoqrafik xəritəsində gölün 80 faizi Ermənistanın sərhədləri daxilindədir”.

Ondan fərqli olaraq, Moskva Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov isə qeyd edib ki, sərhədləri müəyyənləşdirməyə imkan verəcək sovet xəritəsi yoxdur.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadla yazır ki, Rusiya Baş Qərargahı ilə Ermənistanın sovet dövrü xəritələri tamamilə üst-üstə düşür:

“Bu xəritələrdə dəqiq göstərilir ki, Azərbaycan hərbçiləri Ermənistanın ərazisindədir. Burada ikinci fikir ola bilməz. Azərbaycan hərbçiləri bizim ərazilərdən çıxmalıdırlar”.

Mayın 18-də ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan sərhəd məsələsini Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə edib.

Ceyk Sallivanın mətbuat katibi Emili Horn “Turan”-a deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərdə bu yaxınlarda baş vermiş gərginliklə bağlı narahatdılar. O, hərbiçilərin demarkasiyası həyata keçirilməmiş sərhədlər yaxınlığında hərəkətinin məsuliyyətsizlik olduğunu və təxribat xarakteri daşıdığını vurğulayıb:

“Ceyk Sallivan iki tərəf arasında davam edən əlaqələri və hər iki liderin bu məsələnin sülh yolu ilə nizamlanmasına sadiqliyini alqışlayıb. Bundan başqa, o, iki ölkə arasında beynəlxalq sərhədlərinin demarkasiyası ilə bağlı rəsmi danışıqlar aparılması zərurətini vurğulayıb. Sallivan həmçinin Birləşmiş Ştatların ikitərəfli qarşılıqlı fəaliyyət vasitəsilə və Minsk Qrupunun həmsədri qismində regionda sülhə nail olunmasına sadiqliyini dilə gətirib”.

1613973568_sallivan.jpg
Ceyk Sallivan

Elə həmin gün axşam saatlarında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirərək, Sunik (Azərbaycanda bu ərazi Zəngəzur adlandırılır) vilayətindəki Qaragöl (Sev liç) ətrafında baş verənləri müzakirəyə çıxarıb. O, Azərbaycan tərəfinin gölü nəzarətinə almağa çalışdığını söyləyib və bunu “diversiya irəliləməsi” adlandırıb.

Prezident İlham Əliyev mayın 17-də Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevlə telefon söhbətində Ermənistanın sərhədin dəqiqləşdirilməsi prosesində qeyri-adekvat reaksiya nümayiş etdirdiyini deyib.

Azərbaycan tərəfinin mayın 19-da planlaşdırılan danışıqlarda iştirak etmədiyi bildirilir. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda

deyilir

:

“Əvvəlcədən elan edildiyi kimi, bu gün, 19 may, saat 14: 00-da Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində yaranmış vəziyyətin sülh yolu ilə həlli ətrafında danışıqlar davam etdirilməli idi. Əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq, Azərbaycan tərəfi danışıqlara gəlmədi”.

Azərbaycan Müdafiə Nazirliyi bu barədə açıqlama verməyib.

Qaragöl Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhədində yerləşir.

2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib. 44 gün davam edən müharibə və ondan sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Ötən ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ana səhifəSiyasət“Məqbul variant Ermənistanla Azərbaycanın ikilikdə məsələni müzakirə etməsidir”