“Nardaran işi”: ”
Əgər həmin vaxt evdən tank çıxması barədə sənəd də olsaydı, imza edərdim”
Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda Zülfüqar Mikayılov ifadə verib. O, bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqəsinin olduğunu deyib:”2015-ci il noyabrın 23-də evdən çıxıb İnter.az kanalına verilişə gedəndə həyətdə mənə bir neçə nəfər yaxınlaşıb həbs olunduğumu dedilər. Onlar qoluma qandal vurub evə apardılar. Mən axtarış üçün order tələb etdim. Onlar order olmadığını dedilər. Məndən əvvəl bir neçə nəfər evə daxil oldu. Öz gətirdikləri silah qoyub, götürdülər. Dedilər, bunlar sənin evindən çıxıb. Heç bir hal şahidi yox idi. Sonra məni “Bandotdel”ə apardılar və orada bir neçə sənədə imza etməyimi istədilər. Mən imtina etdim. Mənə dedilər “qardaşını və sürücünü də tutacağıq”. Mən də razılaşadım ki, onları buraxsınlar, imza edəcəm. Bundan sonra evdən silah tapılması barədə sənədə imza elədim. Mənə fiziki yox, mənəvi işgəncə veriblər. Ailəmlə hədələyiblər. Güya üstümdən tapança çıxıb. Onu da “İokio baba” qoyub. Mən həmin ifadələri təsdiq etmirəm”.
Daha sonra sualları cavablandıran Z.Mikayılov deyib ki, heç bir partiya və təşkilatın üzvü deyil. Z.Mikayılov Taleh Bağırzadə ilə tələbə yoldaşı olduğunu, onun heç bir yerə bağlı olmadığını deyib.
İclasda Əli Hüseynov da ifadə verib. Nardaran sakini olan Ə.Hüseynov deyib ki, Nardaran hadisələri olan gün xəstə olub və evdə yatıb:
“Məni dekabr ayında həbs ediblər. Polislər əllərində silah evə hücum etdilər. Mən bayıra çıxanda dedilər: “Müqavimət göstərsən güllələyəcəyik”. Daha sonra polislərdən biri mənim optik eynəyimi əli ilə sındırdı və məni “Bandotdel”ə apardılar. Orada silah, dövlət çevrilişi barədə ittihamı imzalamağımı istədilər. Mən imzalamaq istəyəndə dedilər övladlarına görə narahat olmursan? Bundan sonra bildim ki, imzalamasam, oğlanlarımı tutacaqlar. Mən də qorxumdan imzaladım. Əgər həmin vaxt evdən tank çıxması barədə sənəd də olsaydı, imza edərdim”. Ə.Hüseynov xəstə olduğunu, lakin ona tibbi yardım göstərilmədiyini də deyib.
Proses fevralın 27-də davam edəcək.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırzadə, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.
Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Onlardan Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
T.Bağırzadənin müavini Elçin Qasımov və daha bir qrup şəxsin məhkəmə prosesi isə davam edir.