”Məmurların qəlbindəki ”100 dollarlıq” neft sevdası tükənmir”

”Neft bazarındakı son durum və bizim vəziyyətimiz…”

Source:


”Neft bazarındakı son durum və bizim vəziyyətimiz…”

Rusiya mediası neftin yenidən ucuzlaşmasının səbəbləri, neft hasilatının gündəlik təxminən 1.2 mln. barrel azaldılması ilə bağlı OPEC-Rusiya sazişinin təsirlərinin qısamüddətli olmasının səbəbləri haqda geniş təhlillər verir.

“Hələlik OPEC və Rusiyanın “slans inqilabı”na qarşı qoya biləcəyi strategiya yoxdur”, – qənaətlərdən biri budur.

Başqa bir qənaət isə neftin 60 dolları ötməsinin ənənəvi neft hasilatçılarının marağına uyğun olmamasıdır. Yüksək qiymət “slans hasilatı”-nı genişləndirəcək. Ona görə yaxın illərdə qiymətlərin heç olmazsa 50-60 dollar dəhlizində hərəkət etməsini OPEC və Rusiya üçün böyük uduş sayırlar.

Yanaşmalardan biri isə OPEC-Rusiya ittifaqının bazara müdaxilədən əl çəkəcəyi, neftin 30 dollara düşməsinə şərait yaradacağıdır. Belə olsa, 2020-ci ilədək ABŞ-da gündəlik neft hasilatı 3 mln. barrelədək azala bilər. Çünki ABŞ iqtisadiyyatının yalnız bir sektoru böhranla üzləşəcək. OPEC-Rusiya cütlüyünün bütün iqtisadiyyatı kollaps olacaq. Bunun da ağır siyasi nəticələri qaçılmazdır.

Ağır vəziyyət yaranıb. Artıq OPEC-Rusiya sazişinin davam etməyəcəyi ilə bağlı gözləntilər artıb.

Ən pisi odur ki, bütün baş verənlərə baxmayaraq bizim məmurların qəlbindəki “100 dollarlıq” neft sevdası bitib-tükənmir. Hansısa nazirliklərin ləğvi, hansısa post sahiblərinin yenilənməsi cəmiyyətə islahat kimi təqdim edilir.

İslahat büdcə sistemindən başlanmalıdır. Büdcənin hər qəpiyinin hesabını sormağa imkan verən proqram əsaslı və nəticəyə yönəlik büdcə mexanizmlərinin tətbiqinə imkan verən yeni büdcə qanunu qəbul edilməlidir. Peşəkarlardan ibarət və büdcəyə effektiv nəzarəti təmin edə bilən yeni qanunverici orqan formalaşdırılmalıdır. Hakimiyyətin sərt mərkəzləşdirilməsindən imtina edib, geniş səlahiyyətlərə və maliyyə muxtariyyətinə malik yerli seçkili idarəetmə sistemi yaradılmalı, ali ranqlı məmurların bütün biznes fəaliyyətini qadağan edən hüquqi mexanizmlər işə salınmalıdır. Bütün vəzifəli şəxslərin əmlak bəyannaməsini ictimaiyyətə təqdim edən mexanizmlər işə düşməli, kommunal sektorda dövlətə yük olan bütün şirkətlər konsessisya əsasında özəl sektorun idarəçiliyinə keçməlidir. Enerji sektorunda şirkətlərin bazara açılımı və korporativ idarəetməyə keçidi baş verməli, hökumət iri aqroholdinqləri dəstəkləmək siyasətindən imtina edib bütün dəstəyi kiçik və orta fermerçiliyin inkişafına yönəltməlidir. Kiçik və orta sahibkarların kreditlərinin sığortası sistemini vaxt itirmədən işə salmalı, gömrükdə fiskal maraqları arxa plana keçirməli və sahibkarların vergi yükünü əhəmiyyətli dərəcədə azaltmalı, invoys qiymətini kənara qoyub sahibkarlara “bazar qiyməti” adı altında istənilən qiymətləri tətbiq edərək xarici ticarət əməliyyatları üçün vergi yükünü ağırlaşdırmaq təcrübəsindən əl çəkilməlidir.

Siz sadalanan istiqamətlərdə hansısa addım atıldığını görmüsünüzmü?



Rövşən Ağayev

Ana səhifəAnalitika”Məmurların qəlbindəki ”100 dollarlıq” neft sevdası tükənmir”