“Mehriban xanım söz vermişdi, amma eləmədi” (VİDEO)

“30 ildən çox hökumətə xidməti olub. Nolardı, onun bircə balasına yer verərdi?” deyə köks ötürür mərhum aktrisa Xanım Qafarovanın anası Gövhər Xəlilova.

Gövhər xanım nəvəsi, onun adını daşıyan Gövhərin gələcəyindən narahatdır. Deyir ki, “ac-susuz deyiləm, çörək tapıram, amma bu uşaqdan narahatam. Mən ölüb getsəm, ona kim baxacaq?”

Gövhər xanım deyir ki, qızı Xanım Qafarova kirayələrdə yaşayıb, pulu çatdıra bilməyəndə bu qarajı götürüb ev edib. İndi bu evdə balaca Gövhər anasının yoxluğun yaşayır: “Bilir ki, ana rəhmətə gedib, amma deyir nə vaxtsa gəlsin də bir dəfə…Hər gün o  uşaq ana ilə yatır, ana ilə durur. Bax o şəkil (Xanım Qafarovanın şəklin göstərir) gecə onun başının altındadır, gündüz mən götürürəm onu. Gecə öpür onu başının altına qoyur. Hələ hazırlığa  getməyib, qiymətlərinin hamısı “5” dir. Götürür “5” qiymətlərini yapışdırır anasının şəklinin üstünə. “Ana, bax mən “5” almışam deyir” Bunlar elə mənə bəsdir axşamacan ” kövrəlir Gövhər Xəlilova.

Aktrisa Xanım Qafarova 6 il süd vəzi xərçəngindən əziyyət çəkib. O,  bu ilin 11 iyulunda vəfat edib.  Can verməmişdən öncə millət vəkili Qənirə Paşayeva onun yanında olub. “Qənirə xanım dedi ki, axşam mənimlə telefonda danışıb, indi gəlib görürəm ki, can verir. Gəldi əllərin sığalladı, dedi, “Xanım, tanıdın məni?”, kipriyin tərpətdi ki, yəni tanıdım. Dedi ki, nigaran qalma, qızını Mehiban xanım öz öhdəsinə götürüb. Elə onunla da Xanım gözünü yumdu. Hamı gördü bunu. Millət var idi burada. Dedi, Fond ona pul keçirəcək, 11 il oxuyacaq sonra İnstituta girəcək, işlə təmin olunacaq. Yəni ayaq üstdə duracaq. Elə bildim, mənə dünyanı verdilər”.

Amma məktəbin başlanmasına günlər qalmış nə Heydər Əliyev Fondu, nə də millət vəkili Qənirə Paşayeva ailə ilə maraqlanmayıb.”Zəng elədik, Qənirə xanım Türkiyədə idi. Zəngə cavab gəlmədi, mesaj yazdıq. Mesajda yazdı ki, “xəbərləşərəm, deyərəm”. Bununla da qurtardı, zəng gəlmədi, cavab da gəlmədi, mesaj da gəlmədi” deyir   Gövhər Xəlilova.

Gövhər evlərinin yaxınlığındakı 44 nömrəli məktəbdə oxuyur. O, dərsdən gələnə qədər nənəsi yeməyin hazırlayır, dəftər-kitabın yığışdırır və onun yolunu gözləyir. Gövhər xanım deyir ki, bütün övladlarına təhsil verib, hətta nəvələrinə də. Sonuncu nəvəsinin həm zehinli, həm də istedadlı olduğunu deyir. Onun keyfiyyətlərini sadaladıqca, Gövhərin  özü də məktəbdən gəlib çıxır.

Gövhər də deyir ki, dərslərini yaxşı oxuyur, amma arzularındakı məktəb başqadır. “Zəif deyiləm, yaxşı savadlıyam o biri uşaqlardan. Çox yaxşıyam orada, doğrudan, vallah”.

Daha yaxşı yerdə oxumaq istəyərdin?

“Hə, istəyərdim. Amma Mehriban xanım söz vermişdi, amma ki, eləmədi” deyir Gövhər.

Gövhər xanım deyir ki, “nəvəmi yerbəyer etsəm, qızımın da ruhu rahatlıq tapar”.

Millət vəkili Qənirə Paşayeva şəxsi telefonuna cavab vermədi. Köməkçisi suallarımızı ona çatdıracağını bildirsə də, məlumat gəlmədi. Əlaqə saxladığımız Heydər Əliyev Fondundan da heç kim telefon dəstəyini götürmədi.

Birinci sinif şagirdi Gövhər isə ona verilən ümiddən yapışıb, arzuladığı məktəbi təsvir edir: “Arzuladığım məktəb, yəni, orada mənə yaxşı baxsınlar, yemək versinlər, belə də…” (gülür).

Ana səhifəVideo“Mehriban xanım söz vermişdi, amma eləmədi” (VİDEO)