”35 illik vəkillik fəaliyyətimdə ilk dəfədir belə bir hadisə ilə rastlaşıram”
Sentyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru haqda Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılmadan təxirə salınıb.
Saat 14.30-da başlanmalı olan iclasın 3 saatdan sonra təxirə salındığı bildirilib.
Bu barədə jurnalistlərə açıqlama verən vəkil Fuad Ağayev deyib ki, hakimlər konvoy problemi səbəbindən Mehman Əliyevin gətirilmədiyini söyləyiblər:
“35 illik vəkillik fəaliyyətimdə ilk dəfədir belə bir hadisə ilə rastlaşıram. Proses sentyabrın 11-nə saat 14.30-15.00-a təxirə salındı”.
Bu gün Mehman Əliyevin tutulma və girov müqabilində azad olunması ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarlarından apelyasiya şikayətinə baxılmalı idi.
Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Apelyasiya şikayəti bu qərardan verilib.
Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
“Turan” İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.