Arif Əliyev: ”Sual Rusiyaya bağlı olanları əl-ayağa salıb”
Lider TV-nin Moskvadakı əməkdaşı Anar Həsənovun Rusiya xarici işlər naziri Sergey Lavrova ünvanladığı “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı, işğal olunmuş əraziləri azad edəcəyi təqdirdə Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq”, – sualı gündəmin əsas mövzusuna çevrilib.
“İndiki geosiyasi vəziyyətdə jurnalistin Lavrova ünvanladığı sual təxribat xarakterlidir”
Sualın qoyuluşu Anar Həsənovun işdən çıxarılması ilə nəticələnib. Burada Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun rolu olduğu bildirilsə də, səfirlik “modern.az”-a deyiləni təkzib edib.
İkinci məqam hakimiyyətə yaxın medianın olaya yanaşmasıdır. ATV kanalı yanvarın 22-də Sergey Lavrovu sərt tənqid etsə də, bir gün sonra səhər proqramının aparıcısı Turan İbrahim “indiki geosiyasi vəziyyətdə jurnalistin Lavrova ünvanladığı sual təxribat xarakterlidir”, – deməklə kanalı vəziyyətdən çıxarıb.
Bununla bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə yanaşma belədir: Hakimiyyət daxilində Rusiyaya qarşı sərt siyasət tərəfdarları ilə yumşaq, loyal xəttin tərəfdarları ortaq məxrəcə gələ bilmirlər.
“Sualın qoyuluşunda, etik tərtibatında heç bir problem yox idi”
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Meydan TV-yə Anar Həsənovun sualında jurnalist etikasını pozan heç nə olmadığını bildirib:
“Problem Anar Həsənovun rus dilini yaxşı bilməməsidir. Onun sözlərin seçimində də çətinlik çəkdiyi sezilirdi. Amma sualın özündə, quruluşunda və qoyuluşunda heç bir problem yox idi. Lavrov da cavab verəndə dedi ki, o, bilir narahatlığı… Bax, burada nazir sualın doğru ifadə olunmamasına işarə vurdu. Xatırlayırsınızsa, azərbaycanlı jurnalistin ABŞ Dövlət Departamentində də oxşar problemi yaranmışdı. Dili kifayət qədər yaxşı bilən jurnalistlərimiz olmalıdır. Bu, rus dilidir, italyan dili deyil ki, çətinlik çəksinlər. Bilirəm ki, Azərbaycan Mərkəzi Televiziyasının və “Azərtac”-ın xaricdəki jurnalistlərinin də dili yaxşı bilmək problemləri var”.
“Sualda cəsarət, ya da vətənpərvərlik axtarılmamalıdır”
Arif Əliyev deyir ki, əslində, Anar Həsənovun sualında elə bir cəsarət, ya da vətənpərvərlik axtarılmamalıdır:
“Sadəcə Azərbaycanın bir çox məmuru, xüsusilə media sahəsində olanlar Rusiyadan “yemlənirlər”. Bu adamlar Rusiya KİV-ni Azərbaycanda yaradır və onun təsirilə hərəkət edirlər”.
Hökumətin təsirində olan media qurumlarına gəlincə, Arif Əliyev deyir ki, görünür Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Bakıdakılara irad bildirib və Rusiyaya bağlı olanlar möhkəm əl-ayağa düşüblər:
“Nəticədə hər şey qarışıb bir-birinə”.
“Lavrovun cavabı beynəlxalq hüquq baxımından yanlışdır”
Telejurnalist Qulu Məhərrəmli Rusiya baş diplomatına verilən sualın çox normal, məntiqli və Azərbaycan cəmiyyətinin narahatlığını ifadə etdiyini düşünür:
“Sual vermək jurnalistin hüququdur və jurnalist cəmiyyətin adından danışır, suallarını verir. Sergey Lavrov ona cavab verə də bilər, verməyə də. Amma nazirin cavabının birinci hissəsi qeyri-diplomatik idi. Şüuraltı Rusiyanın mövqeyini o şəkildə büruzə verib, Azərbaycanın suverenliyini şübhə altına almaq olmazdı. Beynəlxalq qanunlara görə, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olduğundan hər hansı əməliyyat keçirmək hüququmuz var. Bu mənada Lavrovun cavabı beynəlxalq hüquq baxımından yanlışdır”.
Qulu Məhərrəmli bildirir ki, bu cür həssas durumda yanaşmaların fərqli olması təbiidir. Amma bunun hansı tendensiyanın göstəricisi olduğunu demək çətindir.
“Jurnalistin sualında heç bir qüsur yox idi”
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, Anar Həsənovun sualı doğru idi və heç bir qüsur yoxdu. Sadəcə nazirin cavabı yalan və yanlış idi:
“Lavrov BMT Təhlükəsizlik Şurasının 4-cü qətnaməsində erməni silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılması qeydini göstərmədi. Nazir dedi ki, Qarabağın statusu müəyyən ediləndən sonra işğal olunmuş ərazilər qaytarıla bilər. Qətnamələrdə bu məsələ yoxdur, bu, yalnız təklifdir. Problemin paket həllinə gəldikdə, Bakı buna razı deyil”.
Tarixçə
Ötən həftə Rusiya xarici işlər nazirinin mətbuat konfransında Anar Həsənov Sergey Lavrova “Azəbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi halda Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq” sualına Lavrov “Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabını vermişdi.
Yerli media yazır ki, jurnalistin bu sualı siyasi dairələrdə narahatlıq yaradıb. Hətta jurnalistin işdən çıxarılmasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da adı hallanır.
Moskvada çalışan, adlarının çəkilməsini istəməyən bir neçə azərbaycanlı jurnalist də bu sualdan sonra Anar Həsənovun Polad Bülbüloğlunun təqdimatı ilə işdən çıxarıldığını bildirib.
Anar Həsənov Azadlıq Radiosna açıqlamasında işdən çıxarıldığını təsdiqləyib və səbəbini izah etməyib.
“Lider” TV-nin “Xəbərlər” departamentinin rəisi Anar Şükürov Modern.az-a deyib ki, müxbirin işdən azad edilməsinin ünvanlandığı sualla heç bir əlaqəsi yoxdur:
“Təəssüf ki, Anar Həsənovun işdən azad olunması məhz bu ərəfəyə düşdü. Yəni müxbirin işdən çıxarılması Rusiya xarici işlər nazirinə ünvanlandığı sualla bağlı deyil”.
O bildirib ki, Anar Həsənov televiziyanın daxili əmri ilə işdən azad edilib.