Ərəstun Oruclu: “Bu qərarla bir neçə hədəf, birinci, Elman Rüstəmov vuruldu, ikinci, bank sektoruna nəzarət gücləndirildi”
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral milli valyutanın devolvasiyası qərarı iqtisadçılar tərəfindən hərtərəfli şərh olunub və təkliflər də irəli sürülüb. Əksər iqtisadçılar hesab edir ki, 21 fevral qərarı hökumətin dövlət büdcəsinin kəmiyyət parametrlərini inflyasiya gəlirləri hesabına doldurmaq məqsədi daşıyır.
Olayın siyasi şərhini Meydan TV-yə verən politoloq Ərəstun Oruclu düşünür ki, bu qərarda məqsəd iqtisadi, maliyyə və siyasi sferaların bir əldə cəmlənməsi siyasətini yekunlaşdırmaqdır. Ümumiyyətlə, böhran ötən ilin sonundan var idi və hakimiyyət ondan çıxmaq üçün ən müxtəlif vasitələrə əl atırdı: gah yanacağın qiyməti 2 qəpik artırıldı, sonra ləğv olundu, gah da mənzillərə, bank əməliyyatlarına vergi tətbiq olundu. Lakin bunların effekt verməyəcəyi aydın olanda, təxminən yanvarın ortalarında yeni, radikal bir model işlənildi və dövlət başçısı 15 yanvar müşavirəsində həmin modelin konturlarını göstərdi.
Politoloq hesab edir ki, hökumətin bu addımı ilə bir neçə hədəf vurulub. Birincisi, 22 ildir Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri olan Elman Rüstəmov faktiki olaraq qurban verilib. İlham Əliyevə yaxın şəxslərin mediada Elman Rustəmovu hədəfə alması buna açıq işarədir: “İndi qarşıda iki zəruri addım var: Mümkündür ki, hansısa təminatlar müqabilində vəzifədən gedəcək. Elman Rüstəmovu yola salacaqlar və bəzi bankların sıradan çıxarılması ilə bank sektoruna nəzarəti daha da gücləndirəcəklər”.
“Elman Rüstəmov gedəcəyi halda, onun yerinə mümkün namizədlərdən biri yəqin ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevdir, yəni İlham Əliyevə daha yaxın bir şəxs. Digər tərəfdən, bu aksiyayla ölkədə bahalaşma başladı və bundan zərəri orta və kiçik sahibkarlıq görəcək. Normal bazar iqtisadiyyatı olan ölkələrdə böhran situasiyalarda məhz bu biznes subyektləri daha çevik olur. Ancaq Azərbaycan iqtisadiyyatında əsas söz sahibləri oliqarx monopoliyaları olduğundan kiçik və orta sahibkarlığın sağ qalma şansları sıfıra bərabərdir. Bunlar da siyasi amillərdir, çünki indiki böhran vəziyyətində məqsəd ölkə daxilinə nəzarəti gücləndirməkdir ki, bunun da iqtisadi tərəfini məhz həmin monopoliyalar icra edəcəklər”,-deyə cənab Oruclu söyləyib.
Qiymətlərin qalxmasına ictimai rəyə iqtidarın yanaşmasına gəlincə, politoloq düşünür ki, hakimiyyətə bu lazım deyil. Görünən budur ki, hakimiyyət dərin böhrana düşdüyündən, risqli addım da olsa, bu qərarı verməyə məcbur olub. Hakimiyyətdəkilər sosial narazılıqları onsuz da yalnız güc yolu ilə yatıra biləcəklərini hesab edirlər: “Problem ondadır ki, müxalifət və vətəndaş cəmiyyəti də az qala tam şəkildə sıradan çıxardılıb. Bir müddət əvvəl keçirilən iqtidar-müxalifət görüşü isə dialoq imitasiyasından başqa bir şey deyil. Yəni cəmiyyətin etiraz etmək imkanları minimuma endirilib. Nəzərə alsaq ki, bu il həm də parlament seçkiləri ilidir, görünür elə ağır vəziyyət yaranıb ki, hətta bu cür risqli bir qərarı vermək daha şanslı görünüb”.
O, prezidentin Tarif Şurasının qərarını ləğv etməsi olayının bu dəfə də Mərkəzi Bankın simasında təkrarlanacağını güman etmir. Hətta belə addım atılsa da? effektiv olmayacaq. Çünki böhran faktoru, istehlak bazarının bahalaşması və milli valyutanın dəyərdən düşməsi ortada var. Bundan sonra hətta manatın məzənnəsinin dəyişdirilməsi əhəmiyyətli rol oynamayacaq.
Onun sözlərinə görə, istənilən halda martdan sonra ölkədə yeni siyasi situasiya yaranacaq və sosial gərginlik duyulacaq. Sadəcə, insanlar qərarın təsirini hələ hiss etməyib.