Manatın devalvasiyası neftdənkənar ixracı dəstəkləyə bilməyib

Tədiyyə balansının kəsiri 1,8 milyard dollara çatıb

Source:

Tədiyyə balansının kəsiri 1,3 milyard dollara çatıb

Mərkəzi Bankı 2016-cı ilin I yarımilliyi üzrə tədiyyə balansının vəziyyətinə dair məlumatları açıqlayıb. Tədiyyə balansının kəsiri qalmaqda davam edib. Yarım ildə tədiyyə balansının kəsiri 1,3 milyard dollar olub.

Tədiyyə balansının 6 aylıq göstəricilərinin analizi aşağıdakı tendensiyaları ortaya çıxıb.

1. Cari hesablar balansının kəsiri getdikcə böyüyür. Tədiyyə balansında həmişə profisit yaradan yeganə mənbə – cari hesablar balansı bu dəfə də ümidləri doğrulda bilməyib. Neftin ucuzlaşması və qeyri-neft ixracının azalması səbəbində cari hesablar balansında son 2 rübdə (2015-ci ilin 4-cü rübü və 2016-cı ilin 1-ci rübü) müşahidə edilən defisit 3-cü rübdə də (2016-cı ilin 2-ci rübü) davam edib və artaraq 802 milyon dollara çatıb. Yəni ölkəyə gələn valyutadan 802 milyon dolları artıq geri qaytarmışıq. Halbuki 2015-i ilin müvafiq dövründə cari hesablar balansında 63,3 milyon dollar məbləğində profisit qeydə alınıb. Ancaq 2015-ci ilin sonuncu rübündə defisitin səviyyəsi 222.5 milyona, 2016-cı ilin I rübündə isə 432,2 milyona yüksəlib.

2. Qeyri-neft ixracı azalıb. Manatın devalvasiyası neftdənkənar ixracı dəstəkləyə bilməyib. 2015-ci ilin yanvar-iyun ayı ilə müqayisədə qeyri-neft ixracı 34% azalaraq 827,1 milyondan 544,9 milyon dollara düşüb. Qeyri-neft məhsullarının azalması onun payına da təsir edib. Bu müddətdə qeyri-neft ixracının cəmi ixracda payı 9,5%-dən 8,7%-ə düşüb.

3. Xaricdə göstərdiyimiz xidmətlər nisbətən artıb. 2015-ci ilin birinci yarım ili ilə müqayisədə bu ilin müvafiq dövründə xidmətlər balansındakı kəsir 2,4 milyar dollardan 1,8 milyarda düşüb. Kəsirin almasına səbəb xarici ölkə vətəndaşlarının Azərbaycanda göstərdikləri xidmətin 18% azalmasıdır. Vətəndaşlarımızın ölkə kənarında göstərdikləri xidmət isə 8% azalaraq 1,98 milyard dollara düşüb. Nəqliyyat və maliyyə xidmətlərində profisit olmasına rəğmən xidmətlərdə ixrac idxalı üstələyə bilməyib.

4. Turizm və tikinti xidmətlərində kəsir azalır. Ərəb turistlərinin son aylar ölkəmizə axını və Formula 1 yarışı turizm sferasına töhfə versə də, bu turizm xidmətlərindəki kəsiri örtməyə kifayət etməyib. Ötən ilin birinci yarısında ölkəmizə gələn turistlərin göstərdiyimiz xidmətlərə görə 1,10 milyard dollar ödədiyi halda bu ilin müvafiq dövründə 1.19 milyard dollar ödəyiblər. Ancaq turizm xidmətlərində kəsir 118,4 milyondan 32 milyon dollara qədər azalıb. Tikinti xidmətlərində də kəsir azalıb. Bir il öncəki dövrdə 1,9 milyarddan 1,5 milyarda düşüb. Tikinti xidmətləri üçün xaricə göndərilən vəsaitlərin 95%-i neft-qaz layihələri, xüsusən də Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşməsi ilə bağlıdır. Yanvar-iyun aylarında neft-qaz sektorunda tikinti xidmətləri üçün xaricə 1,5 milyard dollar ödənilib.

5. İlkin gəlirlər hesabı çərçivəsində ümumi dövriyyə 700 milyon dollar azalaraq 1,9 milyard (2015-ci ilin müvafiq dövründə $2,6 milyard) dollara düşüb. Bunun 76.4%-i ($1,5 milyard) Azərbaycandan xaricə ödənilib. Bu məbləğin əsas hissəsini – 987 milyon dollarını beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində) təşkil edir. Bu hesab çərçivəsində Azərbaycana daxil olan vəsait isə 448 milyon dollardan bir qədər çox olub ki, onun da 343,7 milyon dolları qeyri-neft fəaliyyəti ilə əlaqədar gəlirlərdir. 2015-ci ilin müvafiq dövründə qeyri-neft fəaliyyəti ilə bağlı gəlirlər 526 milyon dollar olub.

6. Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2015-ci ilin analoji dövrü ilə müqayisədə 45% azalaraq 1,12 milyard dollardan 617,3 milyona düşüb. Cari ilin birinci yarısında Azərbaycana 320 milyon dollar daxil olub, ölkədən isə 297 milyon dollar çıxıb. Yanvar-iyun aylarında xarici ölkələrdən, o cümlədən Rusiyadan göndərilən pul baratları 289 milyon dollar olub.

7. Maliyyə hesabında olan gərginlik nisbətən azalıb. Bu hesab çərçivəsində ölkədən çıxan valyuta vəsaitlərinin həcmi ölkəyə daxil olan valyutanın həcmini 2,2 milyard dollar üstələyib. Ötən ilin uyğun dövründə bu fərq daha çox – 6,3 milyard dollar olub. Buna səbəb xalis maliyyə aktivlərimizin və xaricə depozit axının azalması olub. 2016-cı ilin yanvar-iyun aylarında xalis maliyyə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə azalıb və 4,1 milyard dollara düşüb. 2015-ci ilin yanvar-iyun aylarında xalis maliyyə aktivləri 8,9 milyard dollar olub. Ölkədən çıxarılan depozitlər və nağd valyutanın həcmi isə 5 dəfə azalaraq 4,6 milyard dollardan 909,7 milyon dollara düşüb. Ölkəmizə birbaşa investisiyaların sabit qalması fonunda xarici ölkələrə investisiyanı azaldaraq 1,7 milyarddan 1,5 milyard dollara qədər endirmişik.

Ana səhifəAnalitikaManatın devalvasiyası neftdənkənar ixracı dəstəkləyə bilməyib