Məhəmməd Talıblı: ”Bu təlatümlər bütün ailələri silkələyəcək”
“Manatın dəyər itirməsi davam etməkdədir. Təkcə noyabrda manat 7 faiz ucuzlaşıb. Manatın dollar qarşısında geri çəkilməsi hələ bir müddət də davam edəcək. Neftin dəyər itirməsi də manata təzyiqi artıran faktordur. Mərkəzi Bankın bazara növbəti müdaxiləsinin gözlənildiyi barədə məlumatlar var”.
Bu barədə Meydan TV-yə danışan iqtisadçı Məhəmməd Talıblının fikrincə, dollar qıtlığının yaşanması təkcə manatın dəyərdən düşməsi ilə baş verməyib:
“Həm də ölkədə ABŞ dolları və avronun satışında da azalmalar baş verib. Əgər bu ilin 9 aylıq göstəriciləri üzrə müqayisələr aparsaq, ötən ilin müvafiq dövrü ilə müqayisədə dolların satıs əməliyyatı 2,8, avronun satıs əməliyyatı isə 2,7 dəfə azalıb. Deməli, hər iki valyuta üzrə tələbin hələ yüksək olmadığı builki dövrdə, xüsusilə istehlakın azalması fonunda əməliyyatlar belə azalıbsa, görün iqtisadiyyatın özündə güclü hərarətlənmə olsaydı, nə baş verərdi? Bu dövr ərzində isə əməliyyatların 85 faizi ABŞ dolları ilə aparılıb”.
M.Talıblı vurğulayır ki, dollarla əməliyyatlara maraq bir tərəfdən artıb, digər tərəfdən isə dollarla ölkəyə daxil olan kanallar zəifləyib:
“Söhbət Mərkəzi Bank, Neft Fondu və SOCAR-ın əldə etdiyi vəsaitlərin daxilolmasından gedir. Söhbət dövlət səviyyəsində dollarla yığım imkanlarından gedir. Buna paralel olaraq dollarla yığım aparan və oliqarxlara məxsus biznes əməliyyatlarında iştirak edənlərin də davranışları dolların tələb-təklif rəqsinə təsir göstərib. Yəni söhbət ölkədəki investisiya iqlimi üçün yaranmış qorxunc hesab olunan qeyri-müəyyən vəziyyət və istintaq altında olan şəxslərin dollarla paketləşmiş sərvətlərinin saxlanma vasitəsi kimi hərəkətsizliyindən gedir. Iri sərvət sahiblərinin həbsi, bir çoxunun istintaq altında saxlanılmasının da bu prosesdə rolu var. Sanki iqtisadiyyatın qan-damar sistemində yaranmış “tromp” davamlı qan tənzimlənməsini əngəlləyir”.
Onun sözlərinə görə, çoxsaylı amillər milli valyutanın dönərli valyuta olaraq dəyər qazanmasını çətinləşdirir:
“Hədəflənmiş islahat addımları da bu proseslərə yön vermək iqtidarında deyil. Ona görə manatı yaxın aylarda ciddi çətinliklər gözləyir. Manatın dollar qarşısında dəyər itirməsi növbəti ayların əsas mövzusu olacaq. Bu proses elə çox vektorlu olacaq ki, pulu olan da, olmayan da bu mövzuda danışacaq. Çünki bu təlatümlər bütün ailələri silkələyəcək”