Leriklilərin etiraza başladığı deyilir

Üç kəndin sakinləri Prezident Administrasiyasına gəlməyi planlaşdırırlar

Source:


Üç kəndin sakinləri Prezident Administrasiyasına gəlməyi planlaşdırırlar

Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin sakinlərinin etiraza başladığı deyilir.

Məlumatı kənd sakinlərinə istinadən

“arqument.az”

yayıb.

Sakinlər bildiriblər ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Lerikin İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 3 kəndi susuz qoyur. Belə ki, dekabrın 25-də bütün texnika əraziyə gətirilib və sakinlər ərazidən uzaqlaşdırılır.


Meydan TV

məsələni bir neçə dəfə işıqlandırıb.

Sakinlər problemlə bağlı dəfələrlə Prezident Adminstrasiyası, “Azərsu” ASC, Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində olduqlarını, etirazlarını bildirdiklərini deyiblər.

Onların sözlərinə görə, bu kəndlərin istifadə etdiyi “Şüpək” meşə massivindəki su qonşu kəndlərə aparılacaqsa, köçmək təhlükəsi ilə üz-üzə qalacaqlar və eyni zamanda böyük bir meşə massivi də quruyub sıradan çıxacaq.

Sakinlər iddia edirlər ki, icra başçısı Rövşən Bağırov və Qorxmaz Hüseynov zorla suyu icra başçısının müavini Habil Məlikovun kəndinə aparır:

“Prezidentə yazmışıq ki, siz dəfələrlə məmurların vətəndaşları incitməməsi ilə bağlı tapşırıq vermisiniz. Bəs bizim səsimizə niyə səs verən yoxdur? 1200-dən çox sakini olan bu kəndlər hara köçsün? Ekologiya Nazirliyi niyə səsini çıxarmır? Nazirliyin rayon şöbəsinin müdiri deyir ki, Qorxmaz Hüseynovla Muxtar Babayev yaxın dostdur, artıq məsələ həll olunub. Yaxşı, bəs biz kimdən kömək istəyək? Lerikin deputatı İqbal Məmmədov deyir ki, mən Qorxmaz Hüseynovla bir yerdə işləmişəm, dostuq. Bir “dost şəbəkəsi” birləşib Sizin Lerikin su təminatı üçün ayırdığınız 1 milyon manatı bizim suyu aparmaqla silmək istəyir?”

Biləvər kənd sakini İbrət Azadov “arqument.az”-a deyib ki, ərazidən köçmək məcburiyyətindədirlər:

“Bundan sonra bu kəndlərdə yaşayış olmayacaq. İcra başçısı bizimlə şəxsi dava aparır. Biz 17 milyonluq yolun normal çəkilmədiyini ictimailəşdirdik. O da dedi ki, sizin suyu zorla da olsa, apararıq”.

Şivlə kənd sakini İslam Ağayev deyib ki, yaxın günlərdə yenidən Prezident Adminstrasiyasına gələcəklər.

Sakinlər qeyd ediblər ki, icra başçısı onların heç bir tələbini dinləmir, hətta zor tətbiq etməklə hədələyir.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Meydan TV-yə açıqlamasında bidirmişdi ki, su dövlətə məxsudur:

“Su dövlətindir, kimə istəsə satar. Dövlətin ərazisindəki yeraltı və yerüstü sərvətlər dövlətə məxsusdur”.

Ana səhifəXəbərlərLeriklilərin etiraza başladığı deyilir