Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu həbsxanadan yazır:
“İlham Əliyev özünü təriflətmək və təbliğ etmək üçün dünyanın müxtəlif ölkələrindən jurnalistləri Şuşa Media Forumuna toplamışdı. Daha doğrusu, yaltaq və prinsipsiz media nümayəndələrini pul və hədiyyə müqabilində bir yerə toplamışdı. Öz ölkəsində söz azadlığının, azad jurnalistikanın qəniminə və qatilinə çevrilmiş birinin media azadlığı və dürüstlük mövzusunda forum təşkil etməsi çox gülünc və absurddur. İndi Azərbaycanda bütün azad fikirli, müstəqil və prinsipial media jurnalistləri həbsdədirlər.
Həmin forumda TASS-ın sədr müavini, əslən bakılı olan Mixail Qusman iştirak edirdi. Onun iştirakının bəzi nüansları Kremlin xoşuna gəlmədi və onu dərhal vəzifəsindən azad etdilər. Azərbaycan ekspertləri, jurnalistləri və deputatları xorla Kremlin bu addımının çox düşük, yersiz və iyrənc olduğunu bildirdilər. Təbii ki, Kreml haqqında deyilənlər doğrudur, lakin bu adamların bu sözləri deməsinin özü çox düşük, yersiz və iyrəncdir.
Azərbaycan estradasının şəriksiz meqastarı, xanım müğənnini vaxtı ilə müxalifətdə olduğuna görə illərlə efirə buraxmayan, yalnız İlham Əliyevi tərifləməyə məcbur ediləndən sonra ona bu imkanı verən Kreml idi? Başqa bir çox sevilən xanım müğənni əməkdaşlıq etdiyi şadlıq sarayında müxalifər liderinin oğlunun toyunda oxuduğu üçün efirlərə çıxmaq imkanından məhrum edilmişdi. Onu uzun müddətdən sonra tövbələtdirərək, iltizam alandan sonra efirlərə qaytaran Kreml idi? Azərbaycanın ən böyük mediaholdinqi olan APA informasiya agentliyini bir müsahibəyə görə gecə ilə bağlayan Kreml idi? Müqayisədə ölkənin ən obyektiv, ən operativ və ən çox izlənilən televiziyası olan ANS-i bir reportaja görə bir an içində bağlayan Kreml idi? Bu cür faktlar saymaqla qurtaran deyil. Belə halda Kremli tənqid edəndə deyin ki, Kreml də bizim iqtidar kimidir. Bunu deyə bilmirsinizsə, deməli, siz də iyrəncsiniz.
Cinayətkar Rusiya rejimi Qroznı üzərində təyyarəmizi vurduqdan, xüsusilə də Yekaterinburq hadisələrindən sonra İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini daha qətiyyətlə deməyə başlayıb. Buna qədər də bir-iki dəfə dilucu bunu demişdi, amma heç vaxt Rusiyanın işğalçı olduğunu və Ukraynanın ərazilərini işğal etdiyini deməyib. Əksinə, 2022-ci ilin fevralın 22-də bütün dünyanın nəfəsini dərib Rusiyanın Ukraynaya hücum edəcəyini gözlədiyi bir zamanda, həm də Putinin fərmanla Donetsk və Luqansk əyalətlərini Rusiyaya birləşdirdiyi bir gündə bu ölkə ilə strateji müttəfiqlik sazişi imzalamışdı. Putinin qorxusundan Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyən sənədlərin qəbul edildiyi BMT və AŞPA-nın çoxsaylı toplantılarının heç birində Azərbaycan nümayəndələrinin iştirakına imkan verməmişdi.
İndi vurulmuş təyyarəmizə görə Rusiyanı beynəlxalq məhkəməyə verməyi düşündüyünü Şuşada dediyinə görə ölkənin yaltaq jurnalistikası onu sanki bu dünyada Putinə qarşı çıxa bilən yeganə dövlət başçısı kimi təqdim edir. Çox əttökən mənzərədir. Yeri gəlmişkən, bizim yaltaq jurnalistika təyyarəmizi vurmağı əmr edən general-mayor Tolopilonun vəzifəsinin qaldırılmasına görə də vay-şüvən qaldırıb. Tolopilo məsələsi aydındır, cinayətkar rejim məhz belə etməlidir. Bizim ölkədə bu cür faktlar saymaqla qurtaran deyil.
2003-cü ilin oktyabrın 16-da seçkilərin saxtalaşdırılmasına etiraz edən vicdanlı vətəndaşlarımıza Azadlıq meydanında qandonduran amansızlıqla divan tutulmasını xatırlayın. Bunu heç orta əsrlərin yadelli işğalçıları da etməzdi, amma bunlar etdilər. Həmin əməliyyata Vilayət Eyvazov rəhbərlik edirdi. Onun rütbəsini artırıb nazir vəzifəsinə təyin etmədimi İlham Əliyev? Şəxsi təcrübəmdən deyirən. Mənə işgəncə vermiş, saxta ittiham irəli sürmüş və qanunsuz hökm çıxarmış insanların əksəriyyətinin rütbəsi və vəzifəsi artırılıb. Eləcə də digər müxalifətçilərə və jurnalistlərə qarşı eyni cür hərəkət etmişlərin də. Və bütün bunları bilə-bilə Rusiyanı asıb-kəsmək tərbiyəsizlikdir. Sadəcə olaraq demək lazımdır ki, Rusiya hakimiyyəti də Azərbaycan hakimiyyəti kimi demokratiyaya, insan haqlarına, qanunun aliliyinə, mütərəqqi və ədalətli nə varsa, hamısına qarşı düşməndir”.