”Kreml hakim elitanın Rusiyaya nə qədər bağlı olub-olmamasını test edir”

Rusiya XİN 1 gün əvvəlki bəyanatını yeniləyərək sərtləşdirib

Source:


Rusiya XİN 1 gün əvvəlki bəyanatını yeniləyərək sərtləşdirib


Rusiya Xarici İşlər Nazirliyi

5 iyul bəyanatını bir qədər də genişləndirərək, 1 gün sonra sərt ifadələrlə yenidən yayıb.

Bəyanatda Bakıya buraxılmayan Rusiya vətəndaşı olan ermənilərə qarşı hərəkətləri “Bütün bunlar vəhşicəsinə görünür” deyə  qiymətləndirilib.

Rusiya XİN Azərbaycanı iki ölkə arasında imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” Müqaviləni, “Vətəndaşların vizasız səfərləri barədə hökumətlərarası saziş”i, “Dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannaməni pozmaqda ittiham edir. Eyni zamanda Rusiya XİN xatırladıb ki, Azərbaycan özünü mili və dini tolerantlıq, multikulturalizm nümunəsi kimi təqdim edir.

Bəyanatın sonunda “Rusiya yaranmış vəziyyətə uyğun nəticələr çıxaracaq” cümləsi yer alıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Hikmət Hacıyev iyulun 5-də Rusiya XİN-in bəyanatına reaksiya verərək xatırlatmışdı ki, Azərbaycanla Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir.

XİN sözçüsü bu barədə Rusiya tərəfinə məlumat verildiyini də əlavə etmişdi:

“Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb. Təəssüf ki, milliyyətcə erməni olan bəzi şəxslər etnik zəmində təfriqə aparır. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk. Rusiyalı həmsədr, o cümlədən digər həmsədrlər üzərilərinə düşən öhdəlikdən çıxış edərək münaqişənin həlli üçün səylərini artırmalıdır. Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərimizdən çıxarılmalıdır. Regionda sülh, hərtərəfli gediş-gəliş və sivil münasibətlər təmin olunmalıdır”.

Siyasi icmalçı İlqar Vəlizadə hesab edir ki, Azərbaycanın tətbiq etdiyi praktika yeni deyil, 20-25 ildir bu praktika tətbiq olunur və Rusiya rəsmi orqanlarının da vəziyyətdən xəbərdardır:

“İkincisi, praktikanın tətbiqi Bakı-Moskva münasibətlərində bir amil kimi rol oynamayıb. Görünür, hazırda kimsə bu amili qabartmaq istəyir və “niyə indi” sualı yaranır. Suala dəqiq cavab vermək çətin olsa da, bunu təsadüfi addım saymaq olmaz. Düşünürəm ki, Rusiya XİN-in bəyanatında mesaj elementləri də var. Rusiyanın hansı nəticə çıxarda bilməsi öz işləridir. Amma Azərbaycana bu məsələ ilə bağlı təzyiq imkanları yoxdur. Eyni zamanda, Bakının reaksiyası başadüşüləndir. Ermənistandan Rusiyaya minlərlə adam köçüb vətəndaşlıq alsalar da, ölkələri ilə əlaqələrini kəsmirlər. Fərz edək ki, bunlar sabah Bakıya gəlib normal gəzirlər, bunu anlamaq çətindir, çünki Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Belə vəziyyətdə Rusiya vətəndaşları olan ermənilərin təhlükəsizliyinə təminat vermək asan deyil”.

İlqar Vəlizadə
İlqar Vəlizadə

İlqar Vəlizadə bildirib ki, Rusiya insdentin olmamasını istəyirsə, adekvat addımdan nəticə çıxarda bilərdi:

“Azərbaycan Rusiyaya üz tutub deyir ki, prosesləri analiz etsəniz, adekvat reaksiya verməlisiniz.

Siyasi icmalçı güman edir ki, bu məsələ davamını tapacaq. Amma Bakının tətbiq etdiyi praktikada Azərbaycanla bərabər Rusiya vətəndaşlarının da təhlükəsizliyi ön plana çəkilir. Ona görə mürəkkəb məsələnin yalnız Rusiya XİN tərəfindən qaldırılması, bu qurumun olayı tam bilməməsi, qeyri-kompenentlikdən irəli gəldiyini göstərir”.

ReAL İdarə Heyətinin üzvü Azər Qasımlının qənaətincə, Rusiya XİN-in bəyanatı Moskvanın Bakıya təzyiqinin açıq müstəviyə keçməsinin göstəricisidir:

“Digər tərəfdən də, məlum bəyanat Rusiya ilə Azərbaycan arasında münasibətlərin heç də yaxşı olmadığının daha bir nümunəsidir. Bir müddət əvvəl qonşu ölkənin Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmişdi. Çox maraqlıdır ki, bu ərəfələrdə məhz prezident Putinə yaxın şəxslərin, konkret olaraq jurnalist Solovyovun,

yazıçı Proxanovun

, Duqinin Bakıya gəlib birinci və ikinci şəxslərlə görüşmələri müəyyən suallar doğurur. Birinci sual odur ki, onları Kreml göndərir, yoxsa özləri gəlir? İkinci sual; Bakının bu adamları qəbul etmək istəyi varmı, yoxsa buna məcburdurlar? Nəhayət, Rusiyaya yaxın Bolqarıstanda Azərbaycanla bağlı araşdırmanın dərcini də bura əlavə etsək, Əliyevlər ailəsi ilə Kreml arasında müəyyən gərginliklərin olduğunu düşünmək olar. Yeri gəlmişkən, 4 iyulda Füzuli rayonu istiqamətində atəşkəsin pozulması 1 körpənin və nənəsinin öldürülməsi bu prosesin tərkib hissəsidir”.

Azər Qasımlı

A.Qasımlı bildirib ki, Əliyevlər ailəsi ilə Kreml arasında başlanan gərginlik 2018-ci il seçkilərinə qədər davam edəcək:

“Rusiyanın Azərbaycandan müəyyən istəkləri var ki, Bakı bunları yerinə yetirə bilmir. Artıq məsələ ideoloji müstəviyə çıxıb ki, Kreml hakim elitanın Rusiyaya nə qədər bağlı olub-olmamasını test edir. Sual yaranır; yazıçı Proxanovun prezident və birinci-prezidentlə görüşüb saatlarla söhbət etməsinin nə anlamı var? Daxili siyasi həyatda bu görüşlər hakim elitaya heç bir dəstək gətirmir. Sadəcə, Kreml hakim ailəni ideoloji testdən keçirir”.

Ana səhifəAnalitika”Kreml hakim elitanın Rusiyaya nə qədər bağlı olub-olmamasını test edir”