ABŞ Konqresinin İnsan Haqları Komissiyasının həmsədri, demokrat konqresmen Ceyms Makqovern (James P. McGovern ) Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda o, vətəndaş cəmiyyəti fəalı Nərgiz Muxtarovaya qarşı aparılan cinayət təqibindən və onun həyat yoldaşı, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadənin həbsdə saxlanılmasından ciddi narahatlığını ifadə edib.
"QHT işi" üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Hazırda onun məhkəmə istintaqı davam edir. Muxtarovaya qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
AzadlıqRadiosunun məlumatına görə, Makqovern məktubunda bildirib ki, Nərgiz Muxtarovaya qarşı irəli sürülən ittihamlar əsassızdır və bunlar Konqres tərəfindən maliyyələşdirilən müstəqil jurnalist fəaliyyətinə görə Fərid Mehralızadəyə göstərilən təzyiqlərin davamı təsiri bağışlayır.
“Nərgizə qarşı ittihamlar əsassızdır və Konqresin maliyyələşdirdiyi müstəqil jurnalistika fəaliyyətinə görə ərinə təzyiqin davamı kimi görünür. Hökumətinizi Nərgizin üzərindən ittihamları götürməyi və Fəridi azad etməyə çağırıram ki, o, ailəsinə qovuşa bilsin. Bu vəziyyətin Fərid və Nərgizin azyaşlı qızına təsiri məni xüsusilə narahat edir. O, atası ədalətsiz həbsdə olarkən doğulub və indi anası da həbs təhlükəsi ilə üzləşir. Biryaşlı uşağın valideynsiz qalması ehtimalı qəbuledilməzdir”– deyə konqresmen bildirib.