Şahbaz Xuduoğlu deyib ki, nazir “Təkərli kitab dükanı”ı ilə tanış olub
IX Bakı Beynəlxalq Kitab Sərgisi başa çatıb.
Tədbirdə “Ən fəal nəşriyyat” nominasiyasında qalib olan “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyir ki, tədbir keçirilən müddətdə hansısa bürokratik əngəllər, ayrıseçkilik olmayıb:
“Yalançı pafos, “nazir gəlir, yığışdırın” söhbəti yox idi. Mədəniyyət naziri Adil Kərimli tək-tək stendlərə baş çəkdi, maraqlandı, yaxşı sözlər dedi. Hətta “Təkərli kitab dükanı”na da baş çəkdi. “Təkərli”nin qarşısında uşaq tamaşasına baxdı. Sonra “Təkərli kitab dükanı”ı ilə tanış oldu, sonra isə: “Bunu işinə və kitaba böyük sevgisi olanlar edə bilər, biz bu işi mütləq böyütməliyik”, – dedi”.
Sərgi başlamazdan öncə noyabrın 6-da Şahbaz Xuduoğlu “Facebook” səhifəsində yazmışdı ki, Mədəniyyət Nazirliyi “Təkərli kitab dükanı”nın Bakı Beynəlxalq Kitab sərgisində nümayişinə icazə vermir.
Nazirlik isə qərarın tədbirin keçirlidiyi Baku Ekspo Mərkəzi tərəfindən verildiyini açıqlamışdı.
Naşir isə qeyd etmişdi ki, Bakı Beynəlxalq Kitab Sərgisində iştirak üçün ödəniş edib:
“74 kvadrat metrlik yer üçün biz 12 min manat pul ödəmişik. “Təkərli kitab dükanı”nın təqdimatını da salonda yox, həyətdə, “parkinq” yerində etmək istəyirik. Amma Mədəniyyət Nazirliyi buna icazə vermir. Bu elə Fatmayıda Mədəniyyət evinin müdirinin davranışına bənzəyir”.
“Təkərli kitab dükanı” layihəsi bu ilin oktyabrında yaradılıb.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabrda Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilib.
Tədbirin qaliblərinə diplom və pul mükafatı təqdim edilib.
“Ən kreativ stend tərtibatı” nominasiyası üzrə “Everest” və “Çinar”, “Ən fəal nəşriyyat” nominasiyasında “Qanun” nəşriyyatları qalib elan edilib.
“Ən çox oxunan müəllif” nominasiyasında Rövşən Abdullaoğlu, Kəramət Böyükçöl, “Ən fəal oxucu” nominasiyasında Dinara Əliyeva, Şamil Rəhmanzadə, Ayşən Vəliyeva, “Ən yaxşı qiraətçi” nominasiyasında isə Xəzər Süleymanlı qalib adını qazanıb.