Kinoşünas: Nazirliyin kinematoqrafiya şöbəsi cəmiyyət qarşısında cavabdehlik daşıyır

“Bu, şəxsi yox, ictimai bir məsələdir. İttiham olunanda, onlara sual ünvanlananda, cavab verməyə borcludurlar”

Source: Specify Source


"Hansı nazirliyin haqlı olduğunu söyləmək çətindir"

Bu günlərdə maliyyə naziri Samir Şərifov Mədəniyyət Nazirliyinə iradlar səsləndirib.

O, çıxışı zamanı qeyd ki, Mədəniyyət Nazirliyinə ayrılan maliyyə vəsaiti qarşılığında heç bir yenilik yoxdur.

Bundan başqa, Mədəniyyət Nazirliyinin təqdim etdiyi “Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası” qaneedici deyil.

Mədəniyyət Nazirliyi isə Samir Şərifovun ittihamlarına cavab olaraq bildirdi ki, il ərzində əhəmiyyətli tədbirlər görülüb.

“Böyük qayıdış” müsabiqəsi keçirilib, İkinci Qarabağ müharibəsinə həsr olunan 11 qısametrajlı (bədii, sənədli və animasiya) film istehsala buraxılmaqdadır.

Bununla yanaşı, 1982-ci ildən bugünədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası üçün kinotexnika avadanlıqları alınıb.

“Fəryad 2”, “Məryəm” və “Mərmər Soyuqu” tammetrajlı bədii filmlərin istehsalına artıq başlanılıb.

Kinoşünas Aygün Aslanlı Meydan TV-yə açıqlamasında deyir ki, bu məsələdə hansı tərəfin haqlı olduğunu müəyyənləşdirmək mümkün deyil: “Çünki Mədəniyyət Nazirliyi “Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası”nı mətbuatda dərc etsəydi, yaxud öz saytlarında yerləşdirsəydi, biz də yeni layihədə olan yenililkləri görərdik. Bu və digər layihələrlə bağlı ictimaiyyətə məlumat verilmədiyi üçün suallar yaranır. Belə olan halda da, hansı nazirliyin haqlı olduğunu söyləmək çətindir”.

Aygün Aslanova
Aygün Aslanlı

Aygün Aslanlı Kinematoqrafiya şöbəsinin məsələ ilə bağlı susmaq mövqeyini doğru hesab etmir.

O, deyir ki, nazirliyin kinematoqrafiya şöbəsi bütün kino ictimaiyyəti, ümumiyyətlə, cəmiyyət qarşısında cavabdehlik daşıyır: “Nazirliyin Kino şöbəsi onlara ünvanlanan suallara, hansısa iradları cavablandırmır. Bu, şəxsi yox, ictimai bir məsələdir. İttiham olunanda, onlara sual ünvanlananda, cavab verməyə borcludurlar. Düzdür, yeni komanda işləməyə, yeni nələrsə etməyə çalışır. “Böyük qayıdış” müsabiqəsinin münsiflər heyətində mən də vardım. Şəffaf proses idi, bunu uğur kimi qeyd etmək olar. İndiyə kimi Mədəniyyət Nazirliyinə çox vəsait ayrılıb, lakin ortaya bir nəticə çıxmadığı isə fakt olaraq qalır. Sistem dəyişmədiyinə görə bir az ümidli olmaq çətindir. Çünki kinomuzun əsas problemlərindən biri də sistemdir. Mədəniyyət Nazirliyinin Samir Şərifova cavabında festivallara gedən filmlər haqqında danışılır. Bundan öncəkilər hamısı müəlliflərin öz təşəbbüsləri idi. Əksəriyyəti də dövlət büdcəsindən maliyyələşən filmlər deyil, müstəqil rejissorların filmləridir. Rejissorlar özləri keçirilən festivalları axtarıb tapıblar, əlaqələr qurublar. Yəni Mədəniyyət Nazirliyinin Kino şöbəsinin burada ciddi bir rolu olmayıb. Bu il istehsalata üç filmin buraxılması ilə bağlı məlumat var. Bu ildən sonra nəticələr haqqında danışmaq olar. Çünki bu vaxta kimi pandemiya idi və yeni komanda keçən il 2020-ci ilin avqust-sentyabr ayında gəlib. Onların işləmək imkanı hələ indi yaranıb”.

2020-ci ilin avqustunda Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Yerinə Rüfət Həsənov təyin olunub.

Ana səhifəMədəniyyətKinoşünas: Nazirliyin kinematoqrafiya şöbəsi cəmiyyət qarşısında cavabdehlik daşıyır