Kinorejissor rus klassiklərinin əsərləri əsasında film çəkməyi planlaşdırır
Serbiyalı kinorejissor Emir Kusturitsanın Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü bildirilir.
Görüş zamanı Kusturitsa Putinə rus klassiklərinin əsərləri əsasında triptix (üç əsərdən ibarət bir görüntü) çəkməyi planlaşdırdığını deyib.
O, Kreml rəhbərindən bunun üçün maliyyə dəstəyi istəyib.
Kinorejissor bildirib ki, triptix üçün rus yazıçıları Fyodor Dostoyevski, Nikolay Qoqol və Lev Tolstoyun əsərlərindən ilhamlanıb.
Kusturitsa deyib ki, əgər Putinin köməyi ilə filmləri ekranlaşdıra bilsə, karyerasını bitirəcək.
Putin isə kinorejissora dəstək veriləcəyini bildirib.
2024-cü ilin martında bir sıra özəl şirkətlər Rusiya İqtisadiyyat Nazirliyinə 2030-cu ilə qədər ümumi büdcəsi 200 milyard rubl olan 550 yerli filmin istehsalı üzrə layihəyə start verməyi təklif ediblər.
Təşəbbüs müəllifləri qeyd ediblər ki, hazırkı yerli filmlər nə keyfiyyət, nə də kəmiyyət baxımından xarici filmləri əvəz edə bilər.
Buna görə də Rusiyada ticarət mərkəzlərinin aparıcı icarəçiləri kimi çıxış edən kinoteatrlar bağlanır.
Onların fikrincə, bu sahəyə dövlət dəstəyinin artırılması kino sahəsindəki genişmiqyaslı böhranın qarşısını almağa kömək edəcək.
2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi anti-müharibə sanksiyaları mədəniyyətdən də yan keçməyib.
Rusiya mədəniyyətinin boykot edilməsi bir çox sahələr, xüsusilə də kinoya və kinoteatrlara ağır zərbə vurub.
Amerikanın beş nəhəng kino istehsalçısı – “Disney”, “Universal”, “Sony Pictures”, “Warner Bros.” və “Paramount” Rusiya bazarını tərk edib.
Rusiya Kino Sahibləri Assosiasiyasının 2022-ci ilin martında yaydığı bəyanatda deyilirdi ki, münaqişə fonunda tətbiq edilən sanksiyalar ucbatından ölkə kinoteatrları gəlirlərinin 80 faizini itirə bilər.
Assosiasiyanın məlumatında bildirilirdi ki, Rusiya istehsalı olan filmlərin kəmiyyət və keyfiyyəti kinoteatrların məzmununa uyğun deyil.
Üstəlik, tamaşaçı tələbatını tam ödəməyə imkan vermir.
Qurum böhranın aradan qaldırılması məqsədilə hətta Rusiyanın Mədəniyyət Nazirliyi və Kino Fonduna müraciət etmişdi.
2024-cü ilin yanvarında isə məlum olub ki, Amerika filmlərinin prokatı dayanandan sonra Rusiya kino bazarına Fransa filmləri girib.