Dünyanın müxtəlif yerindən film xəbərləri
Ötən həftə kino sahəsi bəzi məqamlarla yadda qalıb.
Yeni filmlərin nümayişləri, beynəlxalq kino müsabiqələrinə hazırlıq, aktyorların pərdəarxası həyatı müzakirə mövzusu olub.
Meydan TV oxuculara həmin xəbərlərdən bəzilərini təqdim edir:
Tolstoyun həyatından bəhs edən serial
Rus yazıçısı Lev Tolstoy haqqında serial ssenarisi yazılıb.
Ssenarini yazıçının kötücəsi, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy yazıb.
2028-ci ildə Tolstoyun 200 illik yubileyi qeyd olunacaq.
Tostoyla bağlı indiyə qədər filmlər çəkilib.

1912-ci ildə Yakov Protazanov və Yelizaveta Timan “Dahi qocanın gedişi” adlı 30 dəqiqəlik səssiz film təqdim ediblər.
Burada yazıçının həyatının son dövründən bəhs edilib, sənədli kadrlardan istifadə edilib.
1984-cü ildə ekranlara Sergey Gerasimovun “Lev Tolstoy” filmi çıxıb.
2009-cu ildə Maykl Hoffmanın “Son bazar günü” filminin premyerası olub. Tolstoy obrazını Kristofer Plammer canlandırıb.
Bu rola görə o, “Oskar” mükafatına namizəd olub.
Lopez haqqında sənədli film çəkilib
Müğənni Cennifer Lopez haqqında sənədli film çəkilib.
Ekran işi “Tribeca Film Festival”ın açılış mərasimində nümayiş olunacaq.
“Halftime” filminin rejissoru Amanda Miçeldir.

Filmdə Lopezin “pərdəarxası” həyatı göstəriləcək.
“Tribeca Film Festival” iyunun 8-dən 19-dək Nyu-Yorkda keçiriləcək.
Film iyunun 14-dən etibarən “Netflix”də yayımlanacaq.
“Kann” Film Festivalı gələn ay başlayır
75-ci “Kann” Film Festivalının proqramı açıqlanıb.
Müsabiqəyə 18 film daxildir.
Siyahıdakı filmlər bunlardır:
“Holy Spider,” Ali Abbasi,
“Les Amandiers,” Valeria Bruni Tedeschi,
“Crimes of the Future,” David Cronenberg,
“The Stars at Noon,” Claire Denis,
“Frere et Soeur,” Arnaud Desplechin,
“Tori and Lokita,” Jean-Pierre and Luc Dardenne,
“Close,” Lukas Dhont,
“Armageddon Time,” James Gray,
“Broker,” Hirokazu Kore-eda,

“Nostalgia,” Mario Martone,
“R.M.N.,” Cristian Mungiu,
“Triangle of Sadness,” Ruben Ostlund,
“Decisions to Leave,” Park Chan-Wook,
“Showing Up,” Kelly Reichardt,
“Leila’s Brothers,” Saeed Roustayi,
“Boy from Heaven,” Tarik Saleh,
“Tchaikovsky’s Wife,” Kirill Serebrennikov,
“Hi-Han (Eo),” Jerzy Skolimowski.
Almaniyada yaşayan müxalif rus rejissor Kirill Serebrennikov “Çaykovskinin arvadı” filmi ilə “Qızıl Palma” mükafatı üçün yarışacaq.
Festival mayın 17-dən 28-dək keçiriləcək.
Pyer Rişar Putindən xahiş edib
Fransalı aktyor Pyer Rişar Rusiya Prezidenti Vladimir Putindən Ukraynadakı hərbi əməliyyatları dayandırmağı xahiş edib.
Ukrayna və Rusiya xalqına böyük sevgisini etiraf edən sənətçi müharibənin pis nəticələrindən narahat olduğunu deyib: “Dağıdılmış şəhərlərin, qətlə yetirilən insanların fotolarıına ürəkağrısı ilə baxıram. Ukrayna xalqının və prezidentinin cəsarətini, müxalif ruhunu, fədakarlığını yüksək qiymətləndirirəm. Onlara heyranam. Mən baş verənlərin tezliklə bitəcəyinə ümidimi itirmirəm”.

Daha öncə fransız aktyor Jerar Depardye Putini hərbi əməliyyatlara görə tənqid etmişdi.
Rəsmi Kreml aktyorun Ukraynada baş verənlərin mahiyyətini tam dərk etmədiyinə əminliyini bildirib və Depardyeyə xüsusi əməliyyatın səbəblərini izah etməyi təklif edib.
Barış Akarsu haqqında film çəkilir
Mərhum türkiyəli rok müğənnisi Barış Akarsunun həyatından bəhs edən film çəkilir.
Filmdə sənətçini aktyor İsmayıl Ege Şaşmaz canlandıracaq.
Barış Akarsu 2007-ci ildə 28 yaşında avtomobil qəzasında vəfat edib.

Cem Yılmazın çəkdiyi serial “Netflix”də
Türkiyəli komediya ustası Cem Yılmazın “Erşan Kuneri” serialı mayın 13-də “Netflix”də nümayiş olunacaq.
Serialda Ezgi Mola, Uraz Kayqılaroğlu, Nilperi Şahinkaya, Zafer Algöz, Çağlar Çorumlu, Merve Dizdar çəkilib.
Serialın çəkilişləri 2021-ci ilin sentyabrında tamamlanıb.