Elvin Adıgözəl: “Azərbaycanda kino istehsalından heç bir gəlir əldə edilmir”
Azərbaycanda kino istehsalı və dublyajla məşğul olan şirkətlərin üç il müddətinə əldə etdikləri gəlirin 75%-nin vergidən azad edilməsi təklifi irəli sürülüb.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Layihədə Azərbaycanda qeydiyyatdan keçən və film istehsalını və dublyajını həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-nin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilməsi təklif edilib.
Rejissor Elvin Adıgözəl Meydan TV-yə bildirir ki, Azərbaycanda kino istehsalından heç bir gəlir əldə edilmir:
“Bu, sadəcə, gülməlidir. Gəlir o vaxt olar ki, Azərbaycanda kinoteatrlar olsun. Gəlir əldə edə bilməyəndən sonra 75 faizdən azad olduq, ya olmadıq – bu, heç nəyi dəyişməyəcək”.
“Bir ölkədə ki kinoteatrlar yoxdur, kinoya pul ayırma mexanizmi formalaşmayıb, kino qanunu yoxdursa, kinodan necə gəlir əldə etmək olar? Kino sənayesi olmayan yerdə kinodan gəlir əldə edilməyən yerdə, vergi güzəştinin olması, absuddur. Olmayan şeydən şou yaradırlar”, – rejissor deyir.
Hazırda Bakıda dövlət balansında yalnız bir kinoteatr var, o da “Nizami” Kino Mərkəzidir.
Digərləri – “Park Cinema” və “CinemaPlus” şirkətləri özəl şəbəkələrdir.
Vaxtilə paytaxt Bakıda 16 kinoteatr fəaliyyət göstərirdi.
Onlar ümumilikdə 70 kinozaldan ibarət olub.
2006-cı ildən kinoteatrlar özəlləşdirilməyə verildikdən sonra onların əksəriyyəti keçmiş Mədəniyyət və Turizm Nazirliyinin balansından çıxarılaraq, sahibkarlar tərəfindən özəlləşdirilib.
Sahibkarlar isə həmin kinoteatrları təmir etmək əvəzinə, onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə ediblər.
Avropa standartları 10 milyon əhali üçün 500 kinozalı nəzərdə tutur.
Bu baxımdan ölkədəki kinozallar say etibarilə Avropa standartlarından geri qalır.
“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı“nda göstərilirib ki, dövlət şəbəkəsində saxlanılan kinoteatr binaları bərpa olunmalı, müasir tələblərə cavab verən nümayiş və səs avadanlığı ilə təchiz edilməlidir.
Qanundan irəli gələn tələblər isə yerinə yetirilməyib.
Mədəniyyət sahəsi üzrə ekspert Fikrin Bektaşi Meydan TV-yə deyir ki, Azərbaycanda dublyajdan mənfəət əldə etməkdən söhbət gedə bilməz.
Onun fikrincə, dublyaja vergi güzəştləri ilə yanaşı, dövlət tərəfindən maliyyə də ayrılmalıdır:
“Dublyaja maliyyə ayrılmalıdır ki, kino prokatı sisteminin ana dilimizə vurduğu zərbələr aradan qaldırılsın. Hər bir dövlətdə olduğu kimi, dublyaj Azərbaycan dilinin qorunmasına, inkişafına və ümumiyyətlə, tərənnüm olunmasına xidmət etməlidir”.
“Bir qayda olaraq, bu məsələlər bizdə hələ də tənzimlənmir. Nəticədə əcnəbi filmlər əcnəbi dildə sərbəst şəkildə nümayiş olunur”, – deyə o bildirib.
Ekspert hesab edir ki, dublyaja dövlət tərəfindən maliyyə dəstəyi və vergi güzəştləri edilsə, bu sahənin iqtisadi cəhətdən səmərəliliyi artacaq:
“Üstəlik, əminəm ki, təkcə vergi güzəştləri deyil, həm də dövlətin bəzi filmlərə dublyaj xidmətlərinin sifariş etməsi dublyajın keyfiyyətində də gözəçarpan irəlliləyişə səbəb olar”.
2023-cü il fevralın 13-də dublyaj rejissoru, prodüseri və aktyoru Kamal Yaşar Prezident İlham Əliyevə şikayət xarakterli videomüraciət ünvanlamışdı.
O, dublyaj sahəsindəki problemlərdən danışmışdı:
“Dublyaj zamanı maliyyədən yayınmaq üçün lisenziyasız pirat filmlərdən istifadə edirlər. Bu, həm qeyri-qanunidir, həm də aktyorlara çox əziyyət verir. Yaxud da filmdə 50-dən çox səs var, amma bu səsi məcburən 5-6 adam səsləndirir. Həmçinin tərcüməçiyə cüzi qonorar verildiyi üçün normal mətn tələb etmək də olmur”.
“Əlavə xərclərdən yayınmaq üçün redaktorlardan imtina edilir. Maliyyə ucbatından dublyajın ən vacib mütəxəssislərindən olan “ukladşik” (dodaq oturdan) peşəsini birdəfəlik ixtisar edirlər”, – aktyor bildirmişdi.
Rejissor bu açıqlamasından sonra “Mədəniyyət” kanalındakı işindən uzaqlaşdırılmışdı.