Kimlər şəhid hesab olunur? – Cavab veririk #1

Kimlər şəhid hesab olunur? Şəhid statusu üçün ailələr müraciət edə bilərmi? Nəhayət, şəhid ailələrinə hansı güzəştlər tətbiq edilir?

Source:



Aprelin 2-dən 5-dək cəbhə xəttində vəziyyət gərgin olub. Şəhid sayı ilə bağlı rəsmi məlumatlarla qeyri – rəsmi məlumatlar üst üstə düşmür. Bəs kimlər şəhid hesab olunur? Şəhid statusu üçün ailələr müraciət edə bilərmi? Nəhayət, şəhid ailələrinə hansı güzəştlər tətbiq edilir? Bu suallara qısa müddətdə cavab tapmağa çalışacağıq.

Qanunvericiliyə görə, ölkənin azadlığı, süverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxs şəhid sayılır.  Atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığını yerinə yetirərkən həlak olan, itkin düşən və məhkəmə qərarı ilə ölmüş hesab edilən şəxslər də Şəhid hesab edilir. Bundan başqa dövlət sərhəddinin mühafizəsi zamanı həlak olan və itkin düşən hərbi qulluqçular da şəhid statusu alır.


Qanunvericilikdə şəhid ailəsi dedikdə şəhidin həyat yoldaşı, uşaqları, bacı-qardaşı, valideynləri və qanunla onları saxlamalı şəxs yoxdursa, nənə və babası nəzərdə tutulur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna görə şəhid ailəsinə ailə başçısını itirməyə görə müavinət verilir, iş yerlərində ixtisar zamanı işdə saxlanmaqda onlara üstünlük verilir; Bundan başqa şəhid ailələrinə həm də bu müavinətlər verilir:

• Mənzil, kommunal xidmətlərindən, telefondan, sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət;

• Tibb müəssisələrinin göndərişi ilə ölkə daxilindəki sanatoriya-kurortda müalicə;

• Həkim reseptləri üzrə dərman almaq üçün icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müavinət;

• Dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində təhsil haqqından azad olunma.


Şəhidlər və şəhid ailələri üçün xərclər dövlət büdcəsindən, müxtəlif ianələr və  yardım fondlarından ödənilir.  “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən, hər bir hərbi qulluqçu dövlət tərəfindən 11 min manat məbləğində sığorta edilir. Bu da o deməkdir ki, şəhid olan hərbi qulluqçuya görə ailəsinə 11 min manat vəsait ödənilir.

Birdəfəlik müavinətdən əlavə şəhid ailələrinə aylıq müavinətlər də verilir. Qanunvericiliyə görə, şəhid ailələrinə 220 manat prezident təqaüdü, ailə başçısını itirməyə görə 180-200 manat arası müavinət verilir. Ailə başçısını itirməyə görə müavinət “Əmək pensiyası haqqında” Qanunla tənzimlənir. Bundan başqa şəhid övladlarına 16 və 18 yaşlarına qədər sosial müavinət, əmək pensiyası hüququ olmayan ailələrə kommunal xidmətlərinin ödənilməsi üçün müavinət ödənilir.


Ölkə prezidenti İlham Əliyevin 2014-cü ilin 18 martda imzaladığı sərəncama əsasən ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan şəhid uşaqlarının təhsil haqqı dövlət büdcəsindən ödənilir.


Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna görə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün onun marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir.  Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və  rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq arayış verməlidir.  Gizir və zabit heyəti üçün Şəhid ailəsi statusu yuxarıda adı çəkilən nazirliklərin kadrlar idarəsi nin verdiyi arayışla təsdiq olunur. Digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri tərəfindən arayış verilməlidir. Mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayış lazımdır.

Ana səhifəAnalitikaKimlər şəhid hesab olunur? – Cavab veririk #1