Qəsəbə sakinləri yürüş planlaşdırır
“Keçən il cəbhə xəttindən şəhidimiz gətirildi. İcra hakimiyyəti dedi, aparın, ümumi qəbirsanlıqda basdırın, xiyabanda yer yoxdur. Başçı düz deyir, xiyabanda yer qoyub ki?.. Əvvəl xiyabanın yarısını bir nəfərə satdı, o da ora öz həyətindən qapı açdı, özünə yol düzəltdi. İndi də həmin qapının yanında pivəxana açıblar”.
Bunu Meydan TV-yə Keşlə sakini Elxan Məmmədov deyir.
Keşlədə – Kamran Əfkari küçəsində – Şah Abbas Məscidilə üzbəüz səkidə Şəhidlər Xiyabanı var. Burada vaxtilə Keşlədən Qarabağ müharibəsinə yollanmış və şəhid olmuş sakinlərin məzarları yerləşir. Bir neçə il idi ki, keşləlilər xiyabana fərdi evin həyətyanı sahəsindən açılan qapısını bağlatdırmaq üçün müxtəlif qurumlara müraciət edirdilər. Hətta sakinlər dəfələrlə aksiya da keçiriblər. Ancaq rəsmi qurumlar sakinlərə bildiriblər ki, qapı məzarlardan xeyli aralıdadı və qanunidir. Keşlə sakinləri deyir ki, bu azmış kimi, indi də eyni səkidə – xiyabanın ərazisində “PUB” açıblar:
“Həmin adamın həyətinin bir qapısı başqa küçəyə açılırdı, bir qapısını da düz xiyabana açdırdı. Hara müraciət etdiksə, dedilər, əlində sənədi var, qanunsuz deyil. İndi də gətirib düz xiyabanın yanında “PUB” açıblar. Bu, xiyabanın ərazisini zəbt etməkdən əlavə, həm də şəhidlərin ruhuna təhqirdir. Burda şəhidlər uyuyur, burda necə pivə satmaq olar? Burdan necə pivələnib keçmək olar? O ərazi o vaxt keçmiş icra hakimiyyəti tərəfindən xiyaban üçün ayrılmışdı. O vaxt nəzərdə tutulmuşdu ki, müharibə şəraitidir, gələcəkdə şəhid olarsa, xiyaban genişləndirilsin. Hətta buna görə əvvəllər ora hasara da alınmışdı. Hasarı sökdülər, həyətdən qapı açdılar, bir tərəfini də pivəxana, bərbərxana elədilər”.
Qəsəbənin digər sakini Hafiz Bəşirov deyir, onun da yaxın qohumu bu xiyabanda uyuyur:
“Bir oğlum əlildir. Özüm də 11 ay Füzulinin 22 kəndinin azadlığı uğrunda can qoymuşam. Mən də getmişəm, heç kəs baxmır şikayətə. Gətirin icra nümayəndəsini, üzünə deyim. O vaxt mən ona gedib deyəndə “filankəs orada qapı açır”, arxayın etdi ki, narahat olma, orada qapı olmayacaq. Amma elə gecə ilə də hasarları söküb xiyabana qapı açdılar. Cəzasızlıq o həddə çatdı ki, indi də gətirib orda pivəxana açdılar”.
Ötən ilin fevralında cəbhə xəttində şəhid olan 19 yaşlı Zakir Cəfərovun dəfnində icra hakimiyyətinin başçısı da iştirak edib. O, Şəhidlər Xiyabanında yer olmadığı üçün şəhidin ailəsinə məsləhət görüb ki, mərhumu Keşlə qəbiristanlığında dəfn etsinlər. Bu isə şəhid ailəsinin narazılığına səbəb olub. Nəticədə şəhid ümumi qəbiristanlıqda dəfn olunub.
Nizami Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sakinlərin iddiası əsassızdır:
“Nə o qapının, nə də yol kənarındakı iaşə obyektlərinin xiyabanın ərazisinə aidiyyəti yoxdur. Ötən il şəhidin ümumi qəbiristalıqda dəfn olunmasına gəlincə, valideynləri belə istəmişdi”.
Keşlə sakinləri yaxın günlərdə xiyabanın yaxınlığındakı pivəxanalar ləğv edilməzsə, Keşlədəki Şəhidlər Xiyabanından Nizami rayon İcra Hakimiyyətinə yürüş edəcəklərini və aksiyalara başlayacaqlarını bildirirlər.