Keşlə sakinlərinin ”30” dərdi…

50 ildən çoxdur Keşlə sakinlərinə xidmət göstərən avtobusların qəsəbəyə girişi ləğv edilib

Source:


50 ildən çoxdur Keşlə sakinlərinə xidmət göstərən avtobusların qəsəbəyə girişi ləğv edilib

“50 ildən çoxdur Keşlənin içərisindən keçən avtobusun istiqamətini dəyişib Babək prospektindən ediblər. İşə gedəni, işdən gələni – səhər-axşam tökülüşür prospektə… Hər gün yüzlərlə adam yollarda vaxt itirir, əsəb keçirir, əziyyət çəkir”.

Bunu Meydan TV-yə 6 aydan çoxdur ictimai nəqliyyat sarıdan əziyyət çəkən Keşlə qəsəbəsinin sakinləri deyir.

Avtobuslar qəsəbəyə dönmür

Ötən ilin sonundan Bakının Xətai rayonu, Babək prospektində yol infrastrukturunun, su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb. Həmin vaxtdan da Xətai metrosu-8-ci kilometr qəsəbəsi istiqamətində 30 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların Keşlə qəsəbəsinə girişi ləğv edilib. Belə ki, “Xətai” metrostansiyası istiqamətindən hərəkətə başlayan avtobuslar Babək prospektinə çıxaraq, təxminən iki kilometr getdikdən sonra yolun əks tərəfinə keçərək Keşlə qəsəbəsinə daxil olurdu. Qəsəbədəki dayanacaqlardan sərnişinləri yığıb, əks tərəfdən yenə Babək prospektinə çıxırdı. 6 aydan çoxdur ki, avtobuslar prospektlə düz hərəkət edir, qəsəbəyə dönmür. Nəticədə minlərlə sakini olan qəsəbə ictimai nəqliyyatsız qalıb. Əsasən də səhərlər işə gedərkən, axşamlar evə dönərkən insanlar kütləvi şəkildə Babək prospektinə axışır, yolu o tərəf-bu tərəfə keçən piyadalara görə avtomobillərin hərəkəti də dayanır və tıxac yaranır.

Keşlə vağzalından Babək prospektinədək…

Qəsəbə sakini Ənvər Süleymanov nəqliyyatsızlığın çətinliklərindən danışır:

“Mən qəsəbənin bu başında yaşayıram – vağzal tərəfdə. Uşaqlarım də qəsəbədən kənarda yerləşən məktəblərə gedirlər. Ötən qışı, yazı çox əziyyət çəkdik. Düşündük ki, müvəqqəti çətinlikdir, təmir bitər, avtobusların yolu yenə açılar. “Xətai” istiqamətindən gələn yolda təmir çoxdan başa çatıb, avtobusların da hərəkəti bərpa edilib. Ancaq bizim avtobusun döndüyü arakəsməni bağlayıblar. Avtobusun yolun bu tərəfinə keçməsi üçün yer saxlamayıblar. Belə çıxır ki, əziyyətimiz həmişəlikdir. Minlərlə sakini olan Keşlə boyda qəsəbə ictimai nəqliyyatsız qalıb”.

“Səhər saat 8-9 radələrində biabırçılıq olur. Hələ tətildir, vəziyyəti məktəb mövsümündə görmək lazım idi. Məktəblilər kürəklərində çantalarıyla prospektdə maşınların arasıyla o tərəf-bu tərəfə qaçırlar… Avtobusların qəsəbəyə girişini ləğv etməklə uşaqlı-böyüklü, qocalı-cavanlı hamının həyatını təhlükəyə atıblar. Qəsəbənin o başından Babək prospektinə gəlirik, təhlükəli yolu o tərəfə keçirik. Dəfələrlə qəza olub, maşın altında qalan var. Orda dayanacaq da yoxdur. Qəsəbəyə avtobusların girişini ləğv etməklə minlərlə insanı nəqliyyatsız qoyublar”.

Rəsmi qurumlar nə deyir…

Qəsəbə sakinləri nəqliyyat probleminin həlli üçün Nizami Rayon İcra Hakimiyyətinin Keşlə qəsəbə nümayəndəliyinə müraciət ediblər. Lakin heç bir cavab almayıblar.

Nizami Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, sakinlər problemin həlli ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidilər: “Həmin marşrut xəttinə nəzarəti Bakı Nəqliyyat Agentliyi həyata keçirir. Sakinlər müraciət etsin, agentlik tədbir görsün”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevsə Meydan TV-yə Babək prospektindəki təmir işləri başa çatandan sonra avtobusların əvvəlki qaydada hərəkət edəcəyini deyib.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin yaydığı məlumatlarda qeyd olunur ki, paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 8.7 km olan Babək prospektinin yenidən qurulması işləri davam etdirilir.

Ana səhifəXəbərlərKeşlə sakinlərinin ”30” dərdi…