Kənd sakini: Bir gün daş-kəsəyin altında qalıb öləcəyik

Beyləqanın Birinci Şahsevən kəndinin sakini hökumətdən kömək istəyir

Source:


Beyləqanın Birinci Şahsevən kəndinin sakini hökumətdən kömək istəyir

“Kimin icra hakimiyyətində, orda-burda tanışı, qohumu vardı, gəldilər salamat evini söküb yerində təzəsini tikdilər. Mənim kimi köməksiz, arxasında adamı olmayanlar da qaldı uçuq, qəzalı evin altında…”

Beyləqanın Birinci Şahsevən kənd sakini Məhəmmıəd Hacıyev Meydan TV-yə danışır ki, zaman-zaman baş verən təbii fəlakətlər nəticəsində yaşadığı ev qəzalı vəziyyətə düşüb. Hətta rəsmi qurumlardan gəlib evə baxış keçirib, bildiriblər ki, bu ev hər an uça bilər. O səbəbdən də evdə yaşamaq təhlükəlidir. Ancaq rəsmi qurumların nümayəndələri bunu deməklə kifayətləniblər. Ailənin köçürülməsi ilə bağlı tədbir görməyiblər. Ev sahibi danışır:

“Bir neçə ay əvvəl İranda zəlzələ oldu. İranla aramızdakı məsafə 6 kilometrdir. Zəlzələnin dalğası evlərimizi qəzalı vəziyyətə saldı. Üstəlik, bir neçə il əvvəl kəndə sel gəlmişdi. Evlərimizə hələ ilk zərbə o zaman dəymişdi. Onun fəsadları aradan qaldırılmamış üstündən də İrandakı zəlzələ evlərimizi başımıza yıxdı. Fövqəladə Hallar Komissiyasından, icra hakimiyyətindən gəliblər, baxış keçiriblər. Deyirlər: “Bu evdə necə yaşayırsız? Burda qəti yaşamaq olmaz. Çıxın bu evdən…” Deyirik, bəs hara gedək? Nə edək?”

Məhəmməd Hacıyev deyir, təbii fəlakətdən zərərçəkmiş evlərin sahibləri rəsmi qurumlara xeyli get-gəl, müraciət edəndən sonra başa düşürlər ki, faydası yoxdur. Məcbur olub evlərini öz imkanları hesabına təmir-bərpa edirlər.

İmkanı olmayanlarsa elə qəzalı evdəcə yaşamağa davam edirlər. Məhəmməd Hacıyev həmçinin qeyd edir ki, təbii fəlakətdən istifadə edənlər də az deyil. Məsələn, onun iddiasına görə, Fövqəladə Hallar Nazirliyində yaxını, qohumu olanlar heç bir zərər çəkməyən ev-eşiyini qəzalı kimi siyahıya yazdıraraq söküb, təzədən tikib:

“Ehtiyacı olmayan o qədər adama ev tikdilər ki… Bizə çatanda dedilər, büdcədə pul yoxdu”.

Məhəmməd Hacıyev yerli qurumlara müraciətin faydasız olduğunu anlayanda qərara gəlib ki, prezidentə yazsın. Tezliklə məktubuna elə yerli icra hakimiyyətindən cavab alıb: “… Sizin prezidentə ünvanladığınız müraciətə baxılıb. Bildiririk ki, sizə ev tikilməsinə köməklik göstərilməsi rayon icra hakimiyyətinin imkanları xaricindədir”.

Beyləqan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Məhəmməd Hacıyevin evi təbii fəlakətdən yox, köhnəlikdən qəzalı vəziyyətə düşüb:

“Fövqəladə Hallar Komissiyası araşdırıb, məlum olub ki, ev 1930-cu ildə tikilib, istismar müddəti çoxdan ötüb. Evin qəzalı vəziyyətə düşməsinin hansısa təbii fəlakətlə əlaqəsi yoxdur. Üstəlik də, təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşən tikililərin təmir-bərpası, yaxud yenidən tikilməsi ilə Fövqəladə Hallar Nazirliyi məşğul olur”.

Fövqəladə Hallar Nazirliyindən isə problem icra hakimiyyətinə yönəldirlər:

“Yerli icra hakimiyyəti ilə əlaqə saxlayın”.

Məhəmməd Hacıyev deyir, ev tikmirlər, heç olmasa, bir çadır versinlər, qurub yığışsınlar içərisinə… İcra hakimiyyəti isə bildirir ki, ailənin çadır probleminə də Fövqəladə Hallar Nazirliyi əncam çəkməlidir.

Əlləri hökumətdən üzülmüş Hacıyevlər ailəsi isə qəzalı tavan və divarların uçacağı səksəkəsi ilə yaşamaq məcburiyyətində qalıblar.

Ana səhifəXəbərlərKənd sakini: Bir gün daş-kəsəyin altında qalıb öləcəyik