Oliqarxların öz aralarındakı mübarizə qanunun şah olmasına yardımçı olur
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində təqsirli bilinənlərin məhkəm prosesi yekunlaşıb. Döyülmədə birbaşa iştirak edən Elşən İsmayılov 13 il, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Samir Mustafayev 9 il , Kənan Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Həmin iş üzrə təqsirli bilinən “Qəbələ”nin və Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynovun işi ayrıca icraata götürülmüşdü. Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Əsas motiv: Hansısa oliqarxın himayəsində olan klubun futbolçusu niyə cəzalandı?
Futbolçunun belə cəzaya məruz qalması cəmiyyətdə geniş müzakirə olunur. Səbəb də bəllidir. Axı Azərbaycanda qanun şah yox, şah qanundu. Hüseynova verilən cəzadan sonra aparılan müzakirələrdə onun günahkar olub-olmaması əsas motiv sayılmır. Əsas motiv “hansısa oliqarxın himayəsində olan klubun futbolçusu niyə cəzalandı” sualı ətrafındadır.
Axı indiyə qədər ölkədə saysız-hesabsız cinayət hadisələri baş verib ki, cinayəti törədənlər oliqarxların himayəsində olduğu üçün onlara heç bir cəza verilməyib. Başqa sahələri qoyaq bir kənara, elə futbol təsərrüfatında da belə olay yaşanıb. Bir neçə il əvvəl “Neftçi”nin futbolçusu Araz Abdullayev yüksək sürətlə idarə etdiyi avtomobillə bir nəfərin ölümünə, bir nəfərin isə ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdu. Ancaq Araz Abdullayev heç bir gün də həbsdə olmadı. Niyə? Ona görə ki, AFFA-nın prerzidenti Rövnəq Abdullayevin himayəsi altında idi.
Cavid Hüseynov da fövqəladə halla naziri Kəmaləddin Heydərovun himayəsi altında olan bir klubun – “Qəbələ”nin şərəfini qoruyurdu. Bu klubun prezidenti nazirin oğlu Tale Heydərovdur.
Əvvəl “azadlığa çıxacaq” dedilər
Təsadüfi deyil ki, jurnalistin öldürülməsindən sonra “Qəbələ” rəhbərliyi mətbuata açıqlama verərək, Cavid Hüseynovun günahsız olduğuna əminliklərini ifadə edir, futbolçunun tezliklə azadlığa çıxacağını bildirirdilər. Amma gün keçdikcə, “Qəbələ” rəsmilərinin bu əminlikləri itir və Cavid Hüseynov barədə açıqlama verməkdən yayınırdılar. Cavid Hüseynovun üzərindən Rasim Əliyevin qətlində təşkilatçı olma ittihamı ləğv edildikdən sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun mətbuata verdiyi açıqlamaya (
http://sputnik.az/news/20151220/403108663.html
) diqqət edək: “Ümid edirik ki, həbsdə olmasına səbəb olan maddə də məhkəmədən sonra götürüləcək və Cavid geri dönəcək. Tezliklə qış toplanışını da bizimlə keçəndən sonra, bu, elə yeni legioner almağımıza bərabər bir şey olacaq”.
Fariz Nəcəfov bu açıqlamanı 2015-ci ilin dekabr ayında vermişdi.
Sonra isə “bizim futbolçu deyil” dedilər
2016-cı ilin aprel ayında isə “Qəbələ”nin menceri Səbuhi Səfiyarlının “Futbol+” qəzetinə verdiyi açıqlamadan hiss olunur ki, klub rəsmiləri artıq Cavidin həbsi ilə barışıblar və onu müdafiə etmək niyyətində deyillər: “Təbii ki, baş vermiş hadisəyə görə üzülürük. Həm rəhmətlik, həm də Cavid Hüseynov baxımından. Və ilk gündən demişik ki, məhkəmə prosesi bitənə qədər Cavid “Qəbələ”nin futbolçusu deyil. Günahı sübuta yetirilsə, cəzasını alacaq. Yox, “təmiz” çıxsa, yenidən kluba qayıdıb rəhbərlik və baş məşqçi ilə söhbət edə bilər. Bizim futbolçumuz olmadığı üçün məhkəmə prosesinə qatılmağımız məqsədəuyğun deyil. Mənəvi dəstək verdik, ya vermədik, fərqi yoxdu. Son sözü məhkəmə deyəcək”.
Səbuhi Səfiyarlı “ilk gündən demişik ki, məhkəmə prosesi bitənə qədər Cavid “Qəbələ”nin futbolçusu deyil” desə də, faktlar tam fərqli mənzərə ortaya çıxarır. Cavid həbsdə olduğu müddətdə “Qəbələ”nin futbolçusu deyildisə, onda AZAL-la oyunda qol vurduqdan sonra “Qəbələ”li futbolçular Cavid Hüseynovun formasını nümayiş etdirərək, ona niyə dəstək olurdular? Təbii ki, futbolçular bu addımı rəhbərliklə məsləhətləşmədən ata bilməzdilər.
Hadisələrin xronologiyası onu göstərir ki, “Qəbələ” rəhbərliyi Cavid Hüseynovun tezliklə azadlığa çıxacağına əmin olub. Ancaq sonradan hadisələr tam başqa müstəvidə cərəyan edib. Prokuror Cavidə 4 il həbs cəzası istəmişdi. Məhkəmə də ona elə bu qədər iş kəsdi. Heç bir yüngülləşdirici halı – hadisədə birbaşa iştirakçı olmamasını, Cavidin atasının şəhid olmasını və himayəsində azyaşlı uşaqların olmasını nəzərə almadan.
Bu məsələdən Heydərovla mübarizə aparan qruplar yararlanıblar
Cəmiyyətdə isə başqa söz-söhbət hakimdi. Cavid Hüseynovla bağlı məsələninin hakimiyyətdaxili mübarizənin mərkəzində olduğu iddia olunur. Hüseynovun həbsi Kəmaləddin Heydərovun hakimiyyət daxilindəki imkanlarının zəifləməsinin təzahürü hesab edilir. Cavid Hüseynov məsələsindən Heydərovla mübarizə aparan qruplar maksimum yararlanıblar. Əslində nazirin vurulması prosesi Bakının Binəqədi rayonundakı çoxmərtəbəli binada baş verən yanğın zamanı başlamışdı. Sadəcə, həmin vaxt bu yanğında Heydərovu günahkar kimi təqdim edə bilmədilər. Daha doğrusu, prezidentin yanında keçirlən müşavirədə buna cəhd edildi, binaya üzlüklərin Fövqəladə Hallar Nazirliyinin icazəsindən sonra vurulduğu bildirildi. Amma prezident bu arqumeti qəbul etməyərək, Heydərovu qurban verməkdən vaz keçdi. Binəqədi rayonunda bina 2015-ci ilin 19 mayında yanmışdı.
“Apollon”la oyunda polis qəddarlığı və bəyanat
Ötən il avqustun 6-da “Qəbələ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində Kiprin “Apollon” klubunu qəbul etdi. Bakıdakı “Bakcell Arena”da keçirilən oyun insidentsiz ötüşmədi. Polis heç bir lüzum olmadan “Qəbələ”nin qələbəni bayram edən azarkeşlərinə qarşı zorakılıq nümayiş etdirdi. Avqustun 8-də “Qəbələ” futbol klubu bununla bağlı kəskin bəyant (
http://www.anspress.com/idman/08-08-2015/qebele-polis-zorakiligi-ile-bagli-beyanat-yaydi
) yaydı. Bəyanatda polisin zorakılığı xüsusi olaraq vurğulanırdı:
“Vəzifəsi tribunalarda təhlükəsizliyi təmin etmək olan polis oyunboyu göstərdiyi aqressiyanı final fitindən sonra dəhşətli həddə çatdırdı. Belə ki, hadisəyə dair şəkil və videolarda göründüyü kimi, mənasına izah verə bilmədiyimiz zorakılıqla yeniyetmə azarkeşlərimizi dəyənəklə döyməkdən, hətta tribunanın yuxarı mərtəbəsindən aşağı atmaqdan çəkinmədilər”.
Elə avqustun 8-də – bəyanat yayılan gün mərhum jurnalist Rasim Əliyev “Qəbələ”nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülür. Xəstəxanaya yerləşdirilən jurnalist orda vəfat edir. Polis öz işini operativ həyata keçirir, jurnalisti döyənlər və Cavid Hüseynov dərhal həbs olunurlar. “Qəbələ” rəhbərliyi Cavid Hüseynovu xilas edə bilmir. Belə görünür ki, əslində onu xilas etməyə Kəmaləddin Heydərovun gücü çatmır. Beləcə, oliqarxların öz aralarındakı mübarizə qanunun şah olmasına yardımçı olur.
Heydərovun cavabı “Qəbələ”nin dağılması olacaq?
Heydərovun sıxışdırılması ilə bağlı daha bir fakt: Azərbaycan kubokunun yarımfinalında keçirilən “Neftçi” – “Qəbələ” oyunundan sonra Tale Heydərovun komandası hakim haqsızlığına etiraz əlaməti olaraq, bəyanat yaydı. Bəyantda hədə də var idi : “Çempionatı tərk edərik!”
“Qəbələ” çempionatı tərk etmədi, yayda Azərbaycanı Avropa Liqasında təmsil edəcək. Məntiqlə klub bu məsul yarış öncəsi heyəti gücləndirməlidir. Ancaq aparıcı futbolçular bir-bir komandanı tərk edir. Futbol kluarlarında yayılan məlumatda bildirilir ki, “Qəbələ” avrokubok oyunlarından sonra fəaliyyətini dayandıracaq. Bunun da Kəmaləddin Heydərovun hakimiyyət daxilində sıxışdırılmasına özünəməxsus cavabı olacağı deyilir.