Keçmiş səhiyyə naziri ciddi rejimli müəssisədə cəza çəkəcək

Əli İnsanovun vəkili kassasiya şikayəti verib

Source:


Əli İnsanovun vəkili kassasiya şikayəti verib

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə Meydan TV-yə vəkil Toğrul Babayev məlumat verib. Toğrul Babayev bildirib ki, Ə. İnsanov Penitensiar xidmətin 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. Vəkil qeyd edib ki, bundan əvvəl Ə. İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkib. Həmin müəssisə isə ümumi rejimli olub. T. Babayev bir neçə gün əvvəl müvəkkili ilə görüşdüyünü, səhhətinin normal olduğunu söyləyib. Vəkil Əli İnsanov barəsində olan hökmdən kassasiya şikayəti verdiklərini də bildirib. Şikayətdə İnsanovun barəsində bəraət hökmünün çıxarılması tələb edilib. Kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib, lakin şikayətə nə vaxt baxılacağı məlum deyil.

Bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yeni cinayət işi başlanıb.

Həmin cinayət işinin materialları baxılmaq üçün Qaradağ rayon Məhkəməsinə göndərilib. Məhkəmə hökmü ilə Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. Bundan sonra kassasiya şikayəti verilib. Ə. İnsanov ittihamları qəbul etmir, saxta adlandırır. Bildirir ki, cəzasının bitməsinə az vaxt qalmış saxta ittihamla yeni cinayət işi başlayıblar.

Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

Ana səhifəXəbərlərKeçmiş səhiyyə naziri ciddi rejimli müəssisədə cəza çəkəcək